Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:25

Xədicə İsmayıl: 'Prezidentin bir nəfərdən qisasını alırlar'


X.İsmayıl
X.İsmayıl

«Bütün bunlar hökumətin bir nəfərə qarşı müharibəsinin tərkib hissəsidir. Məhkəməni də, Vergilər Nazirliyini də, digər dövlət orqanlarını da səfərbər eləyiblər ki, prezident bir nəfərdən qisas alsın...», – araşdırmaçı-jurnalist Xədicə İsmayıl Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ona qarşı 63 min 138 manatlıq vergi iddiası üzrə məhkəmə çıxışında belə deyib.

«AzadlıqRadiosu da cəlb olunsun»

Bu iddiaya 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aidə Hüseyn baxır. Aprelin 3-də keçirilən məhkəmədə jurnalist və nümayəndəsi Yalçın İmanov iki vəsatət qaldırıb. Vəsatətlərdən biri AzadlıqRadiosunun («RFE/RL Inc.» şirkəti) Azərbaycan nümayəndəliyinin də üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunması, ikincisi isə Ali Məhkəmənin X.İsmayıl haqqında 25 may 2016-cı il tarixli qərarının bu məhkəmə işinin materiallarına əlavə edilməsi haqda olub. Həmin qərar əsasında X.İsmayıl şərti cəza ilə həbsdən buraxılmış, CM-nin 179 (mənimsəmə və ya israf etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ona bəraət verilmişdi.

***Buna da bax-BMT-də Xədicə İsmayılın çıxışı yayıldı

X.İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılırdı. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14 faizlik gəlir vergisi deyil, 4 faizlik sadələşdirilmiş vergi ödəmək şəraiti yaradıb 10 faizlik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham verilib. İndi Vergilər Nazirliyi jurnalistdən həmin pulları tələb edir.

Y.İmanov bildirib ki, vergi orqanı bu məbləği həm də AzadlıqRadiosunun Bakı nümayəndəliyindən tələb edir. Bu məsələ ilə əlaqədar radio ilə vergi orqanı arasında məhkəmə çəkişməsi də var: «Nümayəndəliyin bu prosesə cəlb olunması obyektiv araşdırma aparılması, ədalətli qərar çıxarılması üçün vacibdir».

***Buna da bax-Xədicə İsmayıl AzadlıqRadiosunun da məhkəməyə cəlb olunmasını istəyir

İmanov deyir ki, işçilərlə xidməti müqavilə bağlanıb, onların qonorarından vergi ödənişində 10 faizlik fərqlə bağlı 17 min 992 manatlıq israf etməyə görə ittiham verilmiş 179-cu maddə üzrə X.İsmayıl Ali Məhkəmədə bəraət alıb. Amma vergi orqanı yenə həmin məbləği tələb edir: «Ali Məhkəmənin bu qərarı iş materiallarına əlavə olunmalı, yekun qərar üçün müşavirə zamanı nəzərə alınmalıdır».

«Bu absurdları ona görə uydurublar ki...»

İddiaçı tərəf AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin prosesə üçüncü şəxs qismində cəlb olunmasına etiraz edib. Ali Məhkəmənin qərarının işə əlavə olunmasına isə öncə etiraz etməsə də, sonradan vaxt istəyib. Deyib ki, özləri də məsələni dəqiqləşdirib sonra rəy bildirməlidirlər.

X.İsmayıl özü isə ona qarşı qaldırılmış iddianın da, 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik etdiyi dövr üzrə ona vergi borcunun hesablanmasının da absurd olduğunu söyləyib. Bildirib ki, o, büroya rəhbərlik etdiyi dövrdə yaradıcılıq işlərinə baxıb, maliyyə məsələlərinə qarışmayıb:

***Buna da bax-Xədicə İsmayıldan 63 min manat tələb olunur

«2008-in iyunundan 2010-un sentyabrına qədər büronun rəhbəri olmuşam. 2010-un mənfəət vergisi 2011-ci ilin yanvarında hesablanmalıydı. Yanvarda hesablanmalı olan vergini necə məndən istəyirlər, bu da bir ayrı absurddur. Bu absurdların uydurulmasının məqsədi də məni həbsdə saxlamaq idi. Bütün bunlar hökumətin bir nəfərə qarşı müharibəsinin tərkib hissəsidir. Məhkəməni də, Vergilər Nazirliyini də, digər dövlət orqanlarını da səfərbər eləyiblər ki, prezident bir nəfərdən qisas alsın».

Məhkəmənin vəsatətlərlə bağlı qərarı aprelin 17-də keçiriləcək növbəti iclasda məlum olacaq.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

X.İsmayıl bütün ittihamları rədd edir.

XS
SM
MD
LG