Aprelin 23-də Ermənistanın baş naziri Serzh Sarkisian 11 gün davam edən etirazlardan sonra istefa verdi. Bu, ölkəboyunca şənliklərə səbəb oldu, axı, ermənilər belə bir sonucu heç gözləmirdilər.
“1991-ci ildən bəri ilk dəfə olaraq erməni xalqı daxili siyasi qələbəni qeyd edir. Qarşıda çox çətin problemlərin durmasına baxmayaraq bu səlahiyyət hissi özü-özlüyündə bir qüvvədir”, –IHS Markit-in Rusiya və keçmiş Sovet ittifaqı üzrə baş iqtisadçısı Lilit Gevorgyan “The Washington Post” qəzetinə belə deyib.
“GEOSİYASİ MƏSƏLƏ DEYİL”
“Rusiyaya bağlı postsovet ölkələrindən birində küçə etirazları nəticəsində lider devrilirsə, Vaşinqtondan Moskvaya qədər təhlilçilər tələsik geosiyasi nəticələr çıxarırlar... Amma bəzi hallarda, bu günlərdə Ermənistanda baş verdiyi kimi, hökuməti devirməyi bacaran etirazlar, sadəcə, elə hökuməti devirən etirazlardır”. Bunu isə Karnegi fondunun aparıcı əməkdaşı Thomas de Waal “Foreign Policy” dərgisində yazır.
***Buna da bax: Ermənistan kütləvi qırğının ildönümünü anır
Müəllif bu baş verənləri Rusiyanın çöküşünün əlaməti, yaxud Rusiyanın potensial müdaxiləsi üçün səbəb kimi görməməyə çağırır.
“Sarkisian-ın getməsi geosiyasi məsələ deyil. Bu, daha çox sovet rejimlərinin heç də məsafədən göründüyü kimi təhlükəsiz olmamasının, köhnə rejimlərin kənar müdaxilə olmadan da dinc yolla getməsinin mümkünlüyünün göstəricisidir”, – müəllif yazır.
Thomas de Waal Ermənistanı təsvir etməyin çətin olduğunu, 3 milyon əhalisi olan bu ölkənin Bostondan Beyrutadək kök salmış diasporu sayəsində xəritədə qaldığını qeyd edir. Əhalisinin əsasən xristian olmasına baxmayaraq, İran İslam Respublikası ilə yaxşı münasibəti var.
Ölkəni idarə edən biznes-siyasi elitası davamlılıq xatirinə Sarkisian-ın hakimiyyətdə qalmasını istəyirdi, baxmayaraq ki, o, 2014-cü ildə deyirdi ki, baş nazir postuna iddia etməyəcək. Müəllif Sarkisian-ın son vaxtlar yaxşı işlədiyini, bəzi yaxşı təyinatlar etdiyini, ölkənin xarici siyasətini Rusiyadan tam asılılıqdan uzaqlaşdırdığını vurğulayır. Onun baş naziri Karen Karapetyan 7 faizlik iqtisadi artıma, daha böyük sərmayələrə nail olub. Ölkə Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalayıb.
ÇƏTİN BAZARLIQ BAŞLAYIR
“Aprelin 23-də olub bitənlər bir nəfərlə bağlı deyil. Bu, 20 ildən çox formalaşmış bir sistemin nəticəsidir. Bu sistemdə siyasətlə biznes qarışıb. Xeyli sayda kriminal tiplər və Qarabağ müharibəsi veteranları iqtisadiyyatın cəlbedici sektorlarını ələ keçirib və onları əldən vermək fikirləri yoxdur. Bu müddətdə mühacirət təhlükəsizlik qapağına çevrilib, ölkənin ən parlaq istedadlarını çapıb talayıb, onlar bu sistemdə özlərinə uyğun iş tapa bilmirdilər”, – yazan müəllif Ermənistanın bu mənada digər postsovet ölkələrindən – Rusiya, Belarus və Azərbaycandan fərqlənmədiyini qeyd edir.
***Buna da bax: Erməni qadanların "qazan" etirazı
“Bu rejimin Axilles dabanı – etirazçıları güclə dağıtmaması da xeyrinə işlədi. Sarkisian on il öncə müxalifətin etirazlarının dağıdılması, 10 nəfərin ölümündən sonra hakimiyyətə gəlmişdi. Görünür, bu dəfə daha böyük savaşa girişmək istəmədi”, – müəllif vurğulayır.
“İndi oturuşmuş siyasi sistemlə coşğulu və nizamsız ictimai hərəkat arasında çətin bir bazarlıq başlayır. Regiondakı demokratlar və avtoritar liderlər sonucla bağlı mərc gələcək, hansı tərəf önə çıxsa, onu dəstəkləyəcək. Rusiya bu prosesi biraz əsəbi izləyəcək, həm də Ermənistanın növbəti hökumətinə sakit mesajlar göndərəcək ki, onun yeganə əsl dostu Moskvadadır”, – məqalədə deyilir.