Aprelin 27-dən 29-ba kimi keçirilən Formula-1 Azərbaycan Qran-Prisi yarışları, bu yarışların 2020-ci ildən sonra da Bakıda təşkil edilmə imkanları, orta biznesin durumu və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Nazir oğlunun etirafı»
Azadliq.info saytında «Nazir oğlu xalqın pullarının havaya sovrulduğunu etiraf etdi» sərlövhəli yazı oxumaq olar.
Müəllif gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimovun açıqlaması üzərində dayanır.
Yazıda vurğulanır ki, A.Rəhimov Formula-1 Azərbaycan Qran-Prisi yarışlarının Bakıda keçirilməsinin 2020-ci ildə bitəcəyini söyləyib.
A.Rəhimov deyib ki, bu yarışların göstərilən müddətdən sonra da Bakıda davam etdirilib-etdirilməməsi barədə qərarı Azərbaycan Qran-Prisi təşkilatçıları iyun ayında verməlidirlər. Üstəlik, Azərbaycan tərəfi xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir.
Yazıda vurğulandığına görə, A.Rəhimovun sözlərindən belə çıxıb ki, bir tərəfdən Formula-1 yarışlarının Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirlər. Amma məsələnin maliyyə tərəfini də gözardı etmirlər.
Yazıda qeyd edilir ki, bu açıqlama bir növ etiraf kimi qəbul edilməlidir. Müəllifin fikrincə, bu, yarışlara lazım olandan artıq ödəniş edilməsinin etirafıdır.
Azərbaycan rəsmiləri bundan əvvəl isə bildirmişdilər ki, daha 2 il bu yarışlar Bakıda keçirilməlidir. Əvvəlcədən razılaşmaya görə, bundan imtina ölkənin cərimə edilməsi ilə nəticələnə bilər.
Rəsmilər ümumilikdə yarışlara nə qədər xərc çəkildiyini açıqlamırlar.
«Formula-1 tamaşaçıları - ölkədə gedən inkişafın şahidləri»
«Azərbaycan» qəzetində dərc edilən «Bakıda möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb» sərlövhəli yazıda isə bu məsələ fərqli yöndən dəyərləndirilir.
Yazıda bildirilir ki, aprelin 29-da Bakıda Formula-1 Azərbaycan Qran-Pri yarışlarının əsas mərhələsi başa çatıb, dövlət başçısı İ.Əliyevi və ailə üzvləri yarışı izləyiblər.
Müəllif qeyd edib ki, final mərhələsində hər birində iki pilot olan 10 komanda mübarizə aparıb, 30 pilotdan 13-ü finiş xəttinə çatıb.
Yazıda habelə bildirilib ki, yarışın qalibi məsafəni 1saat 43 dəqiqəyə başa vuran «Mercedes» komandasının britaniyalı pilotu Luis Hamilton olub.
Müəllif hesab edir ki, dünyada yarım milyard tamaşaçısı olan Formula-1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkənin beynəlxalq idman uğurlarını əks etdirir: «Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının Formula-1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu təsdiqləyir».
Müəllifin fikrincə, bütün bunlar da ölkənin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır: «Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır».
«Kiçik və orta biznesin tənəzzülü»
«Exo» qəzetində «Açıq desək, hazırda Azərbaycanda kiçik və orta biznes ölür...» sərlövhəli yazı yer alır.
Yazıda ölkədə orta və kiçik biznesin vəziyyəti deputat, iş adamları və iqtisadçılarla müzakirə edilib.
Müəllifin vurğulamasına görə, deputat Rüfət Quliyev deyib ki, gələcək iqtisadi inkişaf kiçik və orta biznesin əlindədir: «Hazırda parlamentdə qanun layihəsi müzakirə edilir. Bu qanun layihəsində kiçik və orta biznes ilə yanaşı, mikrobiznes anlayışı üzərində də dayanılır».
Deputat deyib ki, hazırda ABŞ, Yaponiya və Avropada ümumi daxili məhsulun (ÜDM) 55 faizindən 65 faizə kimi hissəsi kiçik və orta biznesin payına düşür. İspaniyada isə bu göstərici 70 faizə çatıb.
Deputat hesab edir ki, həm dövlət başçısının davamlı səyləri, həm də hökumət tərkibindəki yeni dəyişikliklər bu sahənin inkişafına səbəb olacaq.
«Açıq danışsaq, hazırda Azərbaycanda kiçik və orta biznes ölür. Ən kəskin problem iqtisadiyyatda şəffaflığın olmamasıdır. Bundan əlavə, vergi siyasəti islahat tələb edir. İş adamlarının əksəriyyəti məhz bu səbəblər üzündən ölkəni tərk ediblər. Bizim vətəndaşlar əsasən Gürcüstana gediblər. Hətta rəsmi rəqəmlər də təsdiq edir ki, Azərbaycan Gürcüstanın ən iri sərmayə yatırımçısıdır»,- bunu isə qəzetə kiçik biznesin təmsilçisi Məmməd Osmanov deyib.
M.Osmanov vurğulayıb ki, yeni nazir Mikayıl Cabbarovdan vergi qanunvericiliyi sahəsində ciddi dəyişiklik gözləyib: «Mən gözləyirdim ki, nazir öncə «Sədərək» və «Binə» bazarlarında qayda-qanun yaradacaq. Təəssüf ki, bu olmadı. Azərbaycan bu məsələlərə pərakəndə ticarətin şəffaf olmasını təmin etməkdən başlamalıdır».
Maliyyə eksperti Fərhad Əmirbəyov isə deyib ki, kredit olmadan bu sahəni inkişaf etdirmək mümkün deyil.
F.Əmirbəyov vurğulayıb ki, müddətindən asılı olaraq kreditlər 11-18 faiz arasında verilir və bu əlverişsizdir: «Təbii ki, belə faiz dərəcəsi kiçik və orta biznesin maliyyə imkanlarına uyğun deyil. Xarici valyuta ilə faiz dərəcəsi manatla müqayisədə aşağıdır...».