Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:55

Etirazçı müəllim: 'Mən rüşvətə bulaşmaq istəmirəm'


Fuad Mehrəliyev
Fuad Mehrəliyev

“Bu rüşvətxorlar vəzifədən azad olunmayana qədər o məktəbə getməyəcəyəm. Buna görə danışıqlara getmirəm. Mən cənab nazirin bu məsələyə münasibət bildirməsini istəyirəm”.

Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev “müxtəlif adlarla pul yığılmasına” etiraz olaraq dərslərə girmir:

“Mən rüşvətə bulaşmaq istəmirəm. Etirazım məktəbdə hər ay müəllimlərdən, sinif rəhbərlərindən müxtəlif bəhanələrlə pul yığılmasınadır. Bir də şərəf və ləyaqətimin tapdanmasına etiraz edirəm”, – Mehrəliyev AzadlıqRadiosuna deyir.

Onun sözlərinə görə, məktəbdə az qala ilk gündən rüşvətlə üzləşib. Fuad Mehrəliyev işə qəbul imtahanı zamanı yüksək bal topladığını, buna görə ona təmayül siniflərə dərs keçmək təklif olunduğunu bildirir:

“Mənə 12 saat dərs təklif etdilər. Bir həftə get-gəldən sonra onların dərdi məlum oldu, məndən pul istəyirdilər. Bu haqda Təhsil Nazirliyinə bildirəndən sonra məsələ həll olundu. Mənə yeni yaradılan təmayül siniflərində dərs verdilər. Ancaq bundan sonra təzyiqlər başladı, məni məktəbdən uzaqlaşdırmaq istəyirdilər. Əvvəlcə rəhbəri olduğum təmayül sinifdə partanın sındığını dedilər. Gedib baxdım, parta sınmamışdı. İngilis dilində danışıq klubu yaratmışdım, daha sonra həmin klub üçün ayrılmış sinifi əlimdən aldılar ki, burda tibb məntəqəsi yaradılacaq. Ancaq hələ də yaradılmayıb”.

Müəllim “Facebook” sosial şəbəkəsində yaydığı müraciətdə iddia edir ki, məktəb direktoru Maya Həsənova dəfələrlə şagirdlərinin yanında onu məzəmmət edib və “şəxsiyyətini alçaltmağa çalışıb”.

“Cənab nazirin bu məsələyə münasibət bildirməsini istəyirəm”

Fuad Mehrəliyevin sözlərinə görə, məsələni sosial şəbəkədə ictimailəşdirdikdən sonra Astara Rayon Təhsil Şöbəsinin rəhbərliyi və məktəb direktoru onu məsələni birgə müzakirə etməyə çağırıblar:

“Məndən kompromisə getməyimi istəyirlər. Amma mən kompromisə getməyəcəm. Məni çağırırlar ki, ‘gəl izahat yaz, biz məktəbi yoxlayaq’. Mən də buna getmirəm. Tələbim, istəyim rüşvətxorların işdən azad olunmasıdır, Astara Təhsil Şöbəsi rəhbərinin layiqli cəzasını almasını istəyirəm. Bu rüşvətxorlar vəzifədən azad olunmayana qədər o məktəbə getməyəcəm. Buna görə danışıqlara getmirəm. Cənab nazirin bu məsələyə münasibət bildirməsini istəyirəm”.

O, istədiyi olmazsa, məktəbdən uzaqlaşacağını, tərcüməylə çörəkpulu qazanacağını bildirir.

Məktəb direktoru: “Pul yığmırıq”

Astara şəhər 2 saylı məktəbin direktoru Maya Həsənova isə AzadlıqRadiosuna deyir ki, onu “rüşvətdə suçladığına, ona şər atdığına görə” Fuad Mehrəliyevi məhkəməyə verəcək:

“Müəllimlərdən pul yığmırıq. Nə üçün yığmalıyam? Maaş alırıq, bu da bizi qane edir. Müəllim məktəb üçün nəsə edir özü bilər. O mənlik deyil”.

Ancaq direktor gənc müəllimi danışıqlara çağırdığını təkzib etmir: “Mən məktəb direktoruyam. Söz-söhbət olub, mənim də xəbərim olmayıb. Mən də dedim, görək nə məsələdir. Narazılığını desin, görək nə məsələdir”.

Ümumiyyətlə isə direktor baş verənləri anlamadığını söyləyir:

"Bu adam deyir ki, 12 saat dərs verilib. Ona nə demək olar? O sinif rəhbəridir. O, niyə belə şeylər yazır? İndiyə qədər bir dəfə şikayət etməyib. Həmişə onunla yaxşı danışmışıq da, nə lazımdısa kömək də etmişik. İndiyə qədər onunla toqquşmamışıq. Bilmirəm, nədən bu hadisə baş verib? Deyir ki, ingilis dili kabinetini ondan alıblar. Bizim məktəbdə ingilis dili kabineti yoxdur. Mən olmayan sinfi necə ala bilərəm?"

Müəllimlər etiraz edirlər

AzadlıqRadiosu-nun “Sizcə, bu, tək bir məktəbin problemidir, ya ölkədəki bütün məktəblərdə rüşvət problemi var” sualına Fuad Mehrəliyev belə cavab verir: “Bu, Azərbaycandakı bütün rayon şöbələrinin problemidir. Bəzən üzə çıxır, bəzən də yox”.

Fuad Mehrəliyevə dəstək verənlərdən biri də sosial şəbəkələrdə məşhur olan, Lənkəran rayon Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadədir. O, “Facebook”da yazır: “Buyurun. Müəllim ona edilən haqsızlığa etiraz olaraq işə cıxmayacaq. Yerli təhsil idarəçiləri xoşbəxt oldularmı görəsən?!”

O, başqa bir statusunda isə yazır: “Kütləvi şəkildə müəllimlər yerli təhsil idarəçilərindən, məktəb rəhbərlərindən şikayətlənir. Bunu xüsusən təhsil qruplarında və müəllimlərin statuslarında açıq-aydın görə bilərsiz. Mən hələ gizlədilən şikayətləri demirəm.

Vəziyyət yaxşı deyil. O bəh-bəhlə, həvəslə sizlərə tanıtdığımız işini görmək istəyən gənc müəllimlər də direktorlardan, onların münasibətlərindən beziblər. Qarşıdan müəllimlərin işə qəbul imtahanı gəlir. İnsanlar min bir ümidlə işə başlayır. Sonra isə bezirlər. İnsanlara boş ümidlər vermək doğru deyil.

Müəllim sosial vəziyyətinə baxmayaraq faydalı işlər görmək istəyir, amma məktəb rəhbərləri onlara dəstək əvəzinə mane olur, pul tələb edir, problem yaradırlar. Ümid edirəm bununla bağlı kompleks tədbirlər görüləcək. Yoxsa hər hansı bir fərdi problemi həll etmək hələ uğurlu təhsil islahatı demək deyil”.

Bu statusun altında müəllimin dediklərini təsdiqləyən də var, nazirliyin xəbərsiz olduğunu yazan da. AzadlıqRadiosu bu məsələylə bağlı nazirlikdən də açıqlama almağa çalışır.

XS
SM
MD
LG