Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:49

Həkimlər Skripal-ların yaşayacağına inanmırlarmış


Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

Rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia-nı sinir qazı zəhərlənməsindən müalicə edən xəstəxana konsultantı onların sağ qalmayacağını düşünürmüş. Bunu Stephen Jukes BBC-nin “Newsnight” proqramına deyib. Reanimasiya şöbəsinin konsultantı ilə müsahibə mayın 29-da yayımlanmalıdır.

“Hücumun sinir qazıyla törədildiyini biləndə onların sağ qalmayacağını düşündük. Bütün müalicələri sınadıq. Ən yaxşı klinik xidməti təmin etdik. Ancaq onların sağ çıxmayacağının bütün dəlilləri ortada idi”, – o deyib.

Skripal-lar martın 4-də İngiltərənin Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar Solsberi xəstəxanasına gətiriləndə həkimlər əvvəlcə aşırı narkotik dozasından şübhələniblər. Ancaq sonradan ata-balanın sinir qazıyla zəhərlənməsi ortaya çıxdı.

Skripal-ların tapıldığı ərazi
Skripal-ların tapıldığı ərazi

Həkimlər Novichok adlı sinir qazıyla zəhrlənməni müəyyənləşdirincə əsas hədəfləri Skripal-ların sağ qalması olub. Bu haqda özləri BBC-yə danışıblar.

“ƏMİN DEYİLDİK”

Zəhərin təsirindən qurtulmaqdan ötrü onları bəzi dərmanlar ağır dozada verilib. Skripal-ların köməyinə ilkin olaraq yetişmiş polis əməkdaşı Nick Bailey də az sonra xəstəxanaya aparılanda həkimlər qorxu və sarsıntı keçiriblər, BBC-yə belə deyiblər. Xəstəxana personalı özlərinin də sinir qazının təsirinə məruz qalıb-qalmayacağı ilə maraqlanıb.

“Polis əməkdaşı da eyni simptomlarla gətiriləndə hücumun miqyası sarıdan əsl narahatlıq başlandı”, – xəstəxana rəsmisi Lorna Wilkinson deyib.

Onun BBC-yə söyləməsinə görə, insidentin xeyli itkiyə səbəb ola biləcəyindən qorxub. “O vaxt bundan əmin deyildik”, – o söyləyib.

Skripal-lar və Bailey artıq xəstəxanadan buraxılıblar.

Amma xəstəxananın tibbi direktoru Christine Blanshard BBC-yə deyib ki, sağ qalmalarına rəğmən, Novichok-a məruz qalmış bu şəxslər üçün uzunmüddətli proqnoz “həkimlərə bəlli deyil”.

Xəstəxana beynəlxalq ekspertlərdən məsləhət alıb, testlərin aparılmasında onlara üz tutub.

Yulia Skripal apreldə, atası isə ondan bir neçə həftə sonra xəstəxanadan buraxılıb.

Yulia Skripal ötən həftə yayılmış videoda müalicəsinin “ləng və olduqca ağrılı” getdiyini, sağ qaldığı üçün bəxti gətirdiyini deyirdi.

Britaniya bu insidentə görə Rusiyanı ittiham edib, Qərb müttəfiqləri ilə birlikdə onlarla rusiyalı diplomatı qovub.

Rusiya ittihamları rədd edib.

XS
SM
MD
LG