Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Hansı məmur sələmə pul verib, 2 milyon faiz alıb? – Məhkəmə


“Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən “İxtisaslaşdırılmış Dəmir Yolu” MMC-nin Yol Təsərrüfatı İdarəsinin rəis müavini Üsaməddin Məlikov milyonlarla pulu sələmə verib, qazanc götürməkdə suçlanır. O, özü mayın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələ ilə əlaqədar dindirilib.

Ü. Məlikov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etmiş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəməsində ifadə verib.

Müxtəlif adamlardan biznes qurmaq adıyla (dəmir yollarına aid avadanlıqların, vaqonlar üçün yataq dəstlərinin xaricdən gətirilib idarəyə satılması) milyonlarla pul alıb qaytarmamaqda suçlanan Rahib Hüseynovun evindən bir neçə kitabça tapılıb. Həmin kitabçalarda onun kimlərdən pul alması və məbləğlər, həmin vəsaitlərə görə ödənilən faizlər göstərilib.

“190 MANAT ƏMƏKHAQQI ALIRDIM”

Kitabçada təqsirləndirilən Rahib Hüseynovun Üsaməddin Məlikovdan 3 milyon 700 min manat pul aldığı, buna görə 2 milyon 100 min faiz ödədiyi yazılıb.

Hakimin bu barədə sualına cavab verən Üsaməddin Məlikov bildirib ki, Rahibə 2-3 dəfəyə təxminən 50 min dollar pul verib: “50 min dollar vermişəm, üstündə də 1-2 min qazanc almışam. Lakin başqa məbləğ olmayıb. Ola bilər ki, Rahib başqa adamlardan aldığı pulları da mənim adıma yazıb. Deyirdi, atasının təsərrüfatında iş görür. İşləri genişləndirmək fikri var idi. Ona görə də pul verdim. Həm də Bakıda ticarət mərkəzi açmaq niyyəti vardı.

Həmin vaxt Rahib də Dəmir Yolu İdarəsində işləyirdi, 180 manata yaxın əməkhaqqı alıb. Amma Rahib çox imkanlı adam idi. Deyirdi ailə biznesi var. Mən özüm də onda 190 manat əməkhaqqı alırdım”.

Hakim kitabçada yazılanlara əsaslanaraq şahid məmurun nəzərinə çatdırıb ki, təkcə sentyabr ayında onun 100 min dollara yaxın faiz aldığı qeyd edilib: “Bundan başqa, oktyabrın 1-də 30 min dollar, həmin günün axşamı 9 min dollar almısınız. Həmin ayın ortalarında isə Rahibə 1 milyon 475 min dollar pul vermisiniz. Bir müddət sonra yenidən 1 milyon 200 min pul vermisiniz...”

“QAYINATAM 175 MİN 800 MANAT FAİZ VERİB”

Təqsirləndirilən Rahib Hüseynov da yazılanları təsdiqləyib. Bildirib ki, kimdən pul alıbsa, hamısını kitabda qeyd edib: “Pullar 10 faizlə qaytarılıb. Hər şeyi Elnar Əsgərovun (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəisi Arif Əsgərovun oğlu, təqsirləndirilən Rahib Hüseynovun xalası oğlu) tapşırığı ilə eləmişəm”.

Üsaməddin Məlikov kitabçada yazılan rəqəmlərin ona aid olmadığını söyləyir: “Belə pullar qazanmamışam. Mən dövlət işində çalışmışam. Aldığım əməkhaqqı ilə dolanmışam. Ola bilər ki, kimlərinsə pulları mənim adıma yazılıb”.

Rahib Hüseynov isə əksini iddia edir: “Heç kimlə qəsdi-qərəzliyim yoxdu. Mən tutulan günə qədər faiz vermişəm. Həmin kitabdan bir nüsxəsi Elnarda var. Mənim kompüterimi alıb oradakı məlumatları sildilər. Mən tutulandan sonra da qayınatam Əvəz Qocayev Üsaməddin Məlikova 175 min 800 manat faiz verib.

“Bandotdel”də 49 milyon manatın qaytarılmaması araşdırılanda Elnarın adından ailəsi gətirib 29 milyon verdi, borclulara qaytarıldı”.

Elnar Əsgərov da bu cinayət işi üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov özü də Elnarı ittiham edir. Zərərçəkmişlər bildirirlər ki, alınan pullar E. Əsgərova çatıb. Rahib Hüseynov da xalası oğlunun işlərini gördüyünü deyir.

XS
SM
MD
LG