Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:55

Gömrük Hospitalının həkimi saxta dərmanlarla müalicə və qaçaqmalçılıqda suçlanır


Dərman qaçaqmalçılığı
Dərman qaçaqmalçılığı

Mərkəzi Gömrük Hospitalının həkimi saxta dərmanlardan, kosmetik preparatlardan istifadə edib adamların sağlamlığına ziyan vurmaqda suçlanaraq, məhkəmə qarşısına çıxarılıb. O həmçinin, istifadə olunan vəsaitlərin İrandan qaçaqmal yolu ilə gətirilməsində günahlandırılır.

İran vətəndaşı olan həkim – Jahani Hiveh Hamid Mohammad Bakı avtovağzalında saxlanılıb. Haqqında cinayət işi başlansa da, özü buraxılıb. İstintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

İranlı həkim Bakı avtovağzalında öz həmyerlisi olan avtobus sürücüsü Ghahremani Hafez Habib-dən dərmanları alıb ona pulu verəndə saxlanılıb. Həkim sonradan buraxılsa da, avtobus sürücüsü həbs olunub. Onların işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmənin ilk hazırlıq iclasında həkim haqqındakı qətimkan tədbiri dəyişdirilib və o da məhkəmə zalında həbs olunub.

***Buna da bax-Saxta dərmanlara görə Səhiyyə Nazirliyi, yoxsa gömrük cavabdehdir? [video]

Prokurorluğun məlumatında deyilir ki, son dövrlərdə həkim-kosmetoloqların müalicə zamanı sağlamlığa bərpaolunmaz zərər vuran saxta dərmanlardan, kosmetik preparatlardan istifadəsi barədə çoxsaylı şikayətlər gəlib. Onun əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırmalar başlayıb. Jahani Hiveh Hamid Mohammad-in yaşadığı evdən üzərində «Canotix 50 units» sözləri yazılmış, satış qiyməti 80 manat olan 52 ədəd dərman, 110 manatlıq «Canotix 100 units» preparatından 66 ədəd tapılıb. 196 qutu başqa dərmanlar da olub ki, onların üzərində heç bir ad yazılmayıb. Amma qutuların üstünə yapışdırmaq üçün yapışqan etiketlər də olub.

«Dedi ki, çantanın içində krem var»

Prokurorluğun iddiasına görə, Mərkəzi Gömrük Hospitalının həkimi həmin dərmanları həmyerlisi olan sürücünün köməyi ilə gömrüyə bəyan etdirmədən ölkəyə gətirdib.

İttihama münasibət bildirən həkim özünü təqsirli bilməyib. Amma indiki mərhələdə ətraflı ifadə vermək də istəməyib. Onun müdafiəsinə yeni vəkil qoşulub. Deyib ki, prosesin gedişində danışacaq.

***Buna da bax-Səhiyyə Nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır

Təqsirləndirilən iranlı sürücü Ghahremani Hafez Habib isə özünü qismən təqsirli bilir. O, iyunun 8-də keçirilən məhkəmədə deyib ki, Tehranda ona Qulaməli adlı həkim çanta verərək, Bakıya aparmağı xahiş edib: «Dedi ki, çantanın içində krem var. Çantanı avtobusda səbətin içinə qoydum. Gömrükdə rentgendən keçdi, heç nə demədilər. Bakıda avtovağzalda çantanı Jahani-yə verdim. Mənə 500 dollar verdi. Həmin puldan 100-ü mənə çatacaqdı, qalanı Qulaməliyə. Həmin vaxt bizi tutdular».

Astara gömrük-keçid məntəqəsinin baş inspektoru Nurəddin Quliyev deyir ki, bu avtobus sürücüsünü uzun müddətdir tanıyır. Tez-tez gömrükdən keçəndə onu görür: «Bunun avtobusunu da yoxlayıb yola saldıq, avtobusda heç nə görmədik. Şəxsən özüm avtobusda yoxlama aparmışam».

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi - külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Jahani Hiveh Hamid Mohammad-in Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərdiyini təsdiqləyib.

«Müqavilə əsasında, qısa müddətdə həkim-terapevt-kosmetoloq kimi fəaliyyət göstərib», - AzadlıqRadiosuna bildirilib.

XS
SM
MD
LG