Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 08:28

Elon Mask kosmosa siçan göndərdi


SpaceX şirkətinin Falcon Heavy raketi (Arxiv)
SpaceX şirkətinin Falcon Heavy raketi (Arxiv)

İyunun 29-da ABŞ-ın Florida ştatından fəzaya qalxan Falcon 9 raketi beynəlxalq kosmik stansiyaya özüylə 20 laboratoriya siçanı da aparıb.

Bu haqda futurism.com saytı xəbər verir.

Milyarder Elon Mask-ın SpaceX şirkəti bildirir ki, bu, çox mühüm missiyadır.

Siçanlarla bağlı təcrübə ABŞ-ın "Northwestern" Universitetinin Yuxu və Gündəlik Ritm Biologiyası Mərkəzinin araşdırmasının bir hissəsidir.

Siçanlardan onu kosmosda 90 gün qalacaq, qalan onu isə bir aydan sonra Yerə qayıdacaq.

Alimlər bu uçuşun siçanlara necə təsir etdiyini, daxili orqanlarında hansı dəyişikliklərə səbəb olduğunu bilmək istəyirlər.

Oxşar təcrübəni NASA insanlar üzərində də aparmışdı.

Astronavt Scott Kelly bir il beynəlxalq kosmik stansiyada qalmış, sonradan onun orqanizmindəki dəyişikliklər həmin müddəti Yerdə keçirmi əkiz qardaşı ilə müqayisə edilmişdi.

Buna da bax: Səs sürətindən beş dəfə yüksək! Yeni təyyarə layihəsi

Fəzaya göndərilən siçanların "bacı-qardaşları" da Yerdə qalacaq. Onlar kosmosdakı siçanlarla eyni temperaturda, eyni işıq intensivliyi şəraitində saxlanacaq.

Siçanlarla insanlar bioloji cəhətdən müxtəlif canlılar olsalar da, alimlər ümid edirlər ki, bu təcrübə onlara qiymətli məlumatlar əldə etmək imkanı verəcək.

Bütün bunlar uzun müddət kosmosda qalmağın insan orqanizminə təsirini öyrənmək məqsədi daşıyır.

Həm SpaceX şirkəti, həm də NASA Marsa insan göndərmək planlarını elan ediblər.

Texnologiyanın indiki inkişaf səviyyəsi ilə Marsa uçuş da uzunmüddətli olacaq.

Marsa missiya bir neçə il çəkə bilər.

90 gün insana uzun müddət kimi gəlmir, amma orta ömür göstəricilərini nəzərə alanda, siçanın həyatında 3 ay, insan həyatında 9 ilə bərabərdir.

XS
SM
MD
LG