Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian-ın diplomat qardaşı Lyova Sarkisian və onun qızı Ani Sarkisian əmlakı açıqlamamaqda və qanunsuz varlanmada ittiham olunur. Ölkənin Xüsusi İstintaq Xidməti onlara ittiham irəli sürüb.
Xidmət Lyova Sarkisian-ın oğlu Narek Sarkisian-ın da ittiham olunduğunu bildirir. Məlumatda deyilir ki, JLJ Project Company şirkətinin səhmdarı olan Narek Sarkisian-la bağlı axtarış zamanı 2017-ci ilin ikinci yarısında banklardan birinə 6 milyon 800 min dollar yatırılması barədə müqavilələr aşkarlanaraq götürülüb. Qurum bildirir ki, vəsaitlər onun, atası Lyova Sarkisian-ın, bacısı Ani Sarkisian-ın adınadır,.
GƏLİR DEKLARASİYASINDA MƏLUMAT VERMƏYİBLƏR
Rəsmi məlumatda həmçinin vurğulanır ki, rəsmi şəxs olmasına baxmayaraq, Lyova Sarkisian və qızı Ani Sarkisian gəlir deklarasiyalarında bu vəsait barədə informasiya verməyiblər. “Hesabat dövründə onların əmlakı qanuni gəlirlərini üstələyib... yəni, qanunsuz varlanıblar”, – bəyanatda deyilir.
Narek Sarkisian-ın isə, vəzifəli şəxsin ailə üzvü olaraq, 2017-c ildə gəlirləri və mülkiyyəti barədə etika komissiyasına deklarasiya təqdim etmədiyi, “bu müddət ərzində qanunsuz yığılmış əmlakı gizlətdiyi” vurğulanır.
Beləliklə, istintaq müəyyənləşdirib ki, Lyova, Ani və Narek Sarkisian-lar böyük vəsait hesabına qanunsuz varlanıblar.
İstintaq xidməti Lyova Sarkisian barəsində həbs tədbiri seçilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Ani və Narek Sarkisian-ların isə ölkədən çıxışına qadağa qoyulub.
Lyova və Ani Sarkisian-lar barəsində axtarış elan olunub.
İstintaq davam edir.
Əmlak deklarasiyasının gizlədilməsi və qanunsuz varlanma ittihamları üzrə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur.
Serzh Sarkisian-ın qardaşının ailəsi barədə cinayət işinin açılması haqda hələ ötən həftə Dövlət Gəlirləri Komitəsi məlumat yaymışdı.
Keçmiş prezidentin digər qardaşı Aleksandr Sarkisian-ın ailə üzvlərinin adları isə adam öldürməyə cəhd və dələduzluqla bağlı cinayət işlərində keçir.
Serzh Sarkisian bu ilin aprelində baş nazir postuna keçsə də, vəzifədə cəmi bir həftə qala bildi, küçə etirazları nəticəsində istefa verməli oldu. Müxalifətçi deputat, etirazların lideri Nikol Pashinian mayın 8-də parlament tərəfindən baş nazir seçildi.