Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:00

Tusk Trump-a öyüd-nəsihət verir


Donald Trump (sağda) və Donald Tusk, arxiv fotosu
Donald Trump (sağda) və Donald Tusk, arxiv fotosu

Avropa Şurasının prezidenti Donald Tusk NATO sammiti ərəfəsində ABŞ prezidenti Donald Trump-a öyüd-nəsihət verib. Tusk deyib ki, ABŞ prezidenti “demək olar, hər gün müdafiə xərclərinə görə Avropanı tənqid edir”, Birləşmiş Ştatlar müttəfiqlərini “dəyərləndirməlidir”.

Tusk iyulun 10-da Avropa Birliyi ilə NATO arasında əməkdaşlığa dair yeni razılaşma imzalanandan sonra danışıb. Bir gün sonra Brüsseldə NATO sammiti başlanır. Bu arada Trump NATO Avropadan olan üzvlərini müdafiə xərclərini artırmağa çağırır.

“Uzun müddətdir Avropanı, demək olar ki, hər gün ümumi müdafiəyə yetərsiz saydığı töhfəsinə görə tənqid edən prezident Trump-a müraciət etmək istərdim. Cənab prezident Trump, Amerikanın Avropadan yaxşı müttəfiqi yoxdur və olmayacaq”, – Tusk deyib.

“Əziz Amerika, müttəfiqlərinizi dəyərləndirin – axı, müttəfiqlərinizin sayı çox deyil”, – deyən Tusk Avropa ölkələrini müdafiəyə daha çox vəsait ayırmağa çağırıb.

Elə Tusk çıxış etdiyi bir vaxtda Trump Avropaya səfər öncəsi tvitlərində öncəki çağırışlarını bir daha dilə gətirib:

“Avropaya hazırlaşıram. İlk görüş – NATO-dadır. Birləşmiş Ştatlar onları qorumaqdan ötrü istənilən ölkədən çox pul xərcləyir. Bu, amerikalı vergiödəyicisinə qarşı ədalətli deyil. NATO DAHA ÇOX, Birləşmiş Ştatlar DAHA AZ ödəməlidir. Çox ədalətsizdir!”

NATO-nun Brüsseldəki yeni qərargahı
NATO-nun Brüsseldəki yeni qərargahı

AVROPANIN ƏNDİŞƏSİ

Trump təkid edir ki, NATO ölkələri hədəflərini yerinə yetirsinlər, 2024-cü ilədək ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləsinlər. Avropanın bəzi rəsmiləri bu səfərin transatlantik birliyə zərbə vura biləcəyindən ehtiyatlanır. Trump Britaniyaya da gedəcək, iyulun 16-da isə Helsinkidə Rusiya prezidenti Vladimir Putin-lə görüşməlidir.

Daha bir narahatlıq isə Trump-ın Putin-ə güzəştə gedə biləcəyi sarıdandır. Həm də Rusiyanın Krımı tutduğu, Ukraynanın şərqində separatçıları dəstəklədiyi, Suriyada prezident Bashar al-Assad-a arxa durduğu, ABŞ-da və Avropada seçkilərə müdaxilə iddialarının yayıldığı bir dönəmdə.

Ağ evdən çıxanda bir jurnalist Trump-dan soruşub ki, Putin “dostdur, yoxsa düşmən”.

“Həqiqətən də, bunu dərhal söyləyə bilmərəm. Düşünürəm ki, o, rəqibdir. Məncə, Rusiyayla. Çinlə yola getmək yaxşı şeydir”, – Trump cavab verib.

Brüssel, Britaniya və Putin-lə görüşləri barədə Trump deyib: “Səmimi desəm, Putin-lə görüş hamısından asandır – kimin ağlına gələrdi? Kimin ağlına gələrdi?”

Trump onu da vurğulayıb ki, Birləşmiş Ştatların “müttəfiqləri çoxdur. Amma bizdən istifadə olunmamalıdır. Avropa Birliyi bizdən istifadə edir”. Prezidentin fikrincə, ABŞ-ın NATO-ya ayırdığı xərclərin “bizdən çox onlara faydası dəyir”.

NATO rəhbəri Jens Stoltenberg isə qeyd edir ki, Brüsseldə imzalanmış deklarasiya “Avropa Birliyi ilə NATO-nun əməkdaşlığının gücləndirilməsinə yönəlik möhkəm öhdəlikdir”.

Stoltenberg deyib ki, bu il NATO-nun səkkiz üzvü ÜDM-nin 2 faizini müdafiəyə xərcləmək hədəfinə əməl edəcək: ABŞ, Estoniya, Yunanıstan, Britaniya, Latviya, Litva, Polşa və Rumıniya.

XS
SM
MD
LG