Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:49

NATO Makedoniyanı üzvlük danışıqlarına dəvət edir


NATO Brüsseldə keçirilən sammitində “xərclərin ədalətli qarşılanması” prinsipinə sadiq olacağını bildirib, Makedoniyanı alyansa üzvlük üçün danışıqlara dəvət edib və Rusiyanı tənqid atəşinə tutub. Alyansın bu sammiti Vaşinqtonla onun Avropa müttəfiqləri arasında fikir ixtilaflarının kəskinləşdiyi bir vaxta təsadüf edirdi.

ABŞ prezidenti Donald Trump iyulun 11-də keçirilən bu sammitdə Amerikanın müttəfiqlərini alyansın xərclərini lazımınca çəkməməkdə günahlandıraraq görüşə gərgin bir ab-hava gətirmişdi.

Trump öz çıxışında Almaniya kansleri Merkelin üzərinə birbaşa hücuma keçərək Almaniyanı “Rusiyanın əsiri” olmaqda günahlandırmışdı.

Lakin alyans sammitin sonunda qəbul edilmiş birgə bəyanatında bir sıra mühüm məsələlərdə vahid cəbhə nümayiş etdirməyə çalışıb. Bu məsələlərdən ən əhəmiyyətlisi NATO nizamnaməsinin 5-ci maddəsi idi.

Trump əvvəllər alyans nizamnaməsinin bu maddəsini şübhə altına alıb. 5-ci maddə NATO-nun bir üzvünün hücuma məruz qaldığı halda qalan bütün üzvlərin onun müdafiəsinə gəlməsini tələb edir.

Bu sammitdə NATO-nun baş katibi Jens Stoltenberg Trump-a dəstək verərək alyans üzvlərini NATO-ya maliyyə töhfəsini artırmağa çağırıb.

O deyib ki, Avropa ölkələri və Kanada 2024-cü ilədək müdafiə xərclərini 266 milyard dollar artıracaqlar.

Lakin hər bir NATO üzvünün öz ümumi daxili məhsulunun 2 faizini müdafiəyə xərcləməsi də Trump-ı qane etmir, o bu öhdəliyin 4 faizə çatdırlmasını istəyir.

Bu sammitdə habelə Makedoniyanın alyansa üzvlük üçün danışıqlara dəvət edilməsi barədə qərar qəbul edilib. Əgər bu niyyət baş tutsa Makedoniya NATO-nun 30-cu üzvü olacaq.

Makedoniyanın NATO-ya üzvlük perspektivi Moskvanı qəzəbləndirib.

Öz növbəsində NATO-nun birgə bəyanatında Rusiyanın Ukraynaya qarşı təcavüzü pislənir və bildirilir ki, alyans Krımın qanunsuz ilhaqına münasibətini dəyişməyib.

Trump və Merkel təkbətək görüşüblər

ABŞ prezidenti Donald Trump və Almaniya kansleri Angela Merkel Brüsseldə keçirilən NATO ölkə başçılarının sammiti əsnasında təkbətək görüşüblər.

Bu görüş Trump Almaniyanın hərbi xərclərini tənqid etdikdən və Almaniyanın “Rusiyanın əsiri” olmaqda günahlandırdıqdan sonra “təcili” qaydada elan edilmişdi.

İyulun 11-də Merkellə görüşdən sonra Trump jurnalistlərə deyib ki, təkbətək söhbət zamanı Almaniyanın hərbi xərcləri və Berlin və Moskva arasında Rusiyanın ŞimalAxını-2 təbii qaz kəməri razılaşması məsələlərini qaldırıb.

Trump israr edib ki, onun Almaniya kansleri ilə “çox yaxşı” münasibətləri var.

Öz növbəsində Merkel bildirib ki, o Trump-la ticarət və miqrasiya məsələlərini müzakirə edib və ABŞ prezidenti ilə bundan sonra da fikir mübadiləsi aparacağına ümid edir.

Merkel “çünki biz partyorlarıq” deyib.

Trump: 'Almaniya Rusiyanın əsiridir'

Ağ ev bildirir ki, iyulun 11-də ABŞ prezidenti Donald Trump Almaniya kansleri Angela Merkel ilə təkbətək görüşəcək. Bundan bir neçə saat öncə Trump Almaniyanı sərt tənqid edib.

Merkel ABŞ prezidentinin Rusiyayla qaz kəməri layihəsi barədə tənqidini rədd edib. Merkel deyib ki, Almaniya “müstəqil qərarlar” verə bilər.

Trump-ın Fransa prezidenti Emmanuel Macron ilə də görüşəcəyi gözlənir.

***

NATO sammiti başlar-başlamaz ABŞ prezidenti Donald Trump qarşıdurma mövqeyi tutub, Almaniyanı Rusiyayla “milyardlarla dollarlıq” qaz kəməri sövdələşməsi qurduğuna görə tənqid edib. O deyib ki, Almaniya eyni zamanda Birləşmiş Ştatlardan “onları Rusiyadan qorumağını” gözləyir.

İyulun 11-də NATO baş katibi Jens Stoltenberg-lə birgə səhər yeməyində gərgin anlar yaşanıb. Trump deyib ki, Almaniya “tamamilə Rusiyanın nəzarətindədir”, “Rusiyanın əsiridir”, çünki təbii qazdan asılıdır, Moskvayla Şimal axını-2 kimi qaz kəmərləri çəkir.

Almaniyanı qoruyuruq, Fransanı qoruyuruq. Hər kəsi qoruyuruq. Bu, ölkəmizə qarşı böyük ədalətsizlikdir. Vergi ödəyicilərimizə qarşı ədalətsizlikdir”, – Trump deyib.

STOLTENBERG TRUMP-I TƏRİFLƏYİB

Trump NATO-nu Şimal axını-2 məsələsinə baxmağa çağırıb. Bu kəmər Rusiyadan qazı Almaniyanın Baltik dənizi sahilinə daşıyacaq, Polşa və Ukraynadan yan keçəcək. Rusiyanın birbaşa Almaniyaya göndərdiyi qazın həcmi ikiqat artacaq.

Almaniyanın kansleri Angela Merkel sammit öncəsi jurnalistlər qarşısında
Almaniyanın kansleri Angela Merkel sammit öncəsi jurnalistlər qarşısında

Vaşinqton və Avropa Birliyi ölkələrinin bəziləri layihəyə qarşı çıxıb, xəbərdarlıq ediblər ki, bu, Moskvaya Qərbi Avropa üzərində təzyiq rıçaqı vermiş olacaq.

Stoltenberg Trump-ın tənqidini cavabsız buraxmayıb, deyib ki, 29 ölkənin alyansı olan NATO ziddiyyətlərə baxmayaraq birlikdə işləyə biliblər və “Rusiyadan Almaniyaya qaz kəməri NATO müttəfiqlərinin razılaşmadığı bir məsələdir”.

“Məncə, iki dünya müharibəsi və soyuq müharibə bizə öyrədib ki, ayrılıqda deyil, birlikdə güclüyük”, – Stoltenberg Trump-a deyib.

Stoltenberg öz növbəsində Trump-ı NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırmasına görə alqışlayıb, deyib ki, Avropa ölkələri və Kanada “2024-cü ilədək müdafiəyə 266 milyard dollar əlavə etməyi” nəzərdə tuturlar.

Trump səhər yeməyindən öncə söyləyib: “Mənim sayəmdə son bir ildə 40 milyard dollar toplayıblar. Məncə, baş katib Trump-ı bəyənir. Ola bilsin, bircə o bəyənir, ancaq mənim üçün bu normaldı”.

***

Bu gün – iyulun 11-də Brüsseldə NATO liderlərinin sammiti başlanır. Bu toplantının Şimal Alyansının son illər ərzində ən qeyri-müəyyən, təlatümlü görüşlərindən biri olacağı gözlənir.

Sammit ərəfəsində ABŞ prezidenti Donald Trump alyans üzvlərini müdafiə xərclərinin səviyyəsinə görə bir neçə dəfə tənqid edib. O, iyulun 10-da Vaşinqtonu tərk edəndə də bir neçə tvit atıb, alyansın 29 üzvünün Birləşmiş Ştatların bloka ayırdığı pulları “kompensasiya” etməli olduğunu vurğulayıb. O, NATO üzvlərindən çoxunun nəinki ümumdaxili məhsulun 2 faizini müdafiəyə ayırmadığını, illərdir ödənişləri etmədiyini yazıb.

***Buna da bax: Tusk Trump-a öyüd-nəsihət verir

2 faizlik hədəfi keçmiş prezident Barack Obama 2014-cü ildə rəsmi öhdəlik kimi qoyub.

Arxiv fotosu
Arxiv fotosu

NATO qərargahının bildirməsinə görə, alyans bu il müdafiə xərclərini ümumilikdə 3,8 faiz artıracaq, səkkiz üzvün isə ilin sonunadək 2 faizlik öhdəliyi yerinə yetirəcəyi gözlənir.

Trump və Ağ ev rəsmiləri hədələyirlər ki, NATO üzvləri xərcləri artırmasalar, ABŞ Avropada hərbi iştirakını azalda bilər.

BİR SƏSƏ QARŞI 29 SƏS

Alyansın bəzi üzvləri Trump-ın planlaşdırılan böyük hərbi təlimlərdən çıxa biləcəyindən narahatlıq dilə gətiriblər. Oktyabrda Trident Juncture, noyabra isə Anakonda adlı təlim planlaşdırılır. İkinci təlimin hədəfi NATO üzvü Polşanın müdafiəsini sınamaqdır.

ABŞ-ın NATO-dakı səfıri iyulun 10-da jurnalistlərlə əlaqə saxlayıb. O, Vaşinqtonun NATO-dan, yaxud alyans sazişinin 5-ci maddəsindən çıxa biləcəyi sarıdan əndişələri azaltmağa çalışıb. Həmin maddədə deyilir ki, blokun bir üzvünə hücum hamıya hücumdur.

Hərbi təlimlər, arxiv fotosu
Hərbi təlimlər, arxiv fotosu

“Trump 5-ci maddəyə və ümumilikdə NATO xartiyasına sadiqdir. Məncə, NATO xartiyasını, öhdəliklərimizi tərk etmənin hər hansı əlaməti yanlışlıq olardı”,Kay Bailey Hutchinson deyib.

Biz 5-ci maddəyə sadiqik. Biz NATO alyansına sadiqik. İnanırıq ki, NATO alyansı Amerikanı gücləndirir, çünki biz bir səslə danışan Rusiyaya, bir səslə danışan İrana, bir səslə danışan Şimali Koreyaya qarşı 29 səslə danışırıq”, – o vurğulayıb.

Konqresdə də həm respublikaçılar, həm də demokratlar NATO-nu dəstəkləyir.

Trump Brüsselə çatarkən ABŞ senatı ölkənin 5-ci maddəyə sadiqliyi təsdiqləyən sənədi 97-2 səs çoxluğuyla qəbul edib.

Senatın respublikaçı lideri Mitch McConnell iyulun 10-da Trump-ın alyansa hədələrinə dair sualı cavablandırıb.

Trump-ın NATO-dan çıxmasıyla bağlı narahatlığım yoxdur”, – o deyib.

XS
SM
MD
LG