İnsan hüquqları üzrə müvəkkil - ombudsman Elmira Süleymanova AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin sağlıq durumunun araşdırılmasını istəyir. Ombudsman bu gün, iyulun 20-də bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Bu haqda həbsdəki siyasətçinin oğlu Turan İbrahim AzadlıqRadiosuna bildirib.
Onun sözlərinə görə, ombudsmana ünvanladıqları müraciətlə bağlı addımlar atılıb. Elmira Süleymanova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevə müraciət göndərib:
“Turan İbrahim 16 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən atası Məmməd İbrahimin səhhətində ciddi problemlər olduğunu bildirərək, müayinə və müalicə olunmasına köməklik göstərilməsini xahiş edib. Müraciətdə əks edilən halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verilməsini xahiş edirəm”.
Məmməd İbrahimin bir gözünün görmə qabiliyyətini itirdiyi bildirilir. Yaxınlarının dediyin görə, təcili tədbir görülməsə, həbsdəki siyasətçi digər gözünü də itirəcək.
Xatırlatma
Məmməd İbrahim 2 il 10 aydır ki, həbsdədir. Onun cəzasının bitməsinə iki ay qalıb.
O, AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Quliyevə qarşı fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.
Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.
Məmməd İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.