Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:02

‘Kommersant’ın 100 milyon dollarla bağlı yazdığı ‘korrekt deyil’


Iskander sistemləri
Iskander sistemləri

“Kommersant” qəzetinin Rusiyadan Ermənistana 100 milyon dollarlıq kreditin sual altında olmasıyla bağlı yazdığı “korrekt deyil”. Bunu bu gün – avqustun 3-də Dilicanda Rusiya müdafiə nazirinin müavini, general polkovnik Aleksandr Fomin AzadlıqRadiosu-nun erməni xidmətinin sualına cavabında deyib.

“Bu, korrekt informasiya deyil, bunu təsdiqləmirəm”, – rusiyalı general bildirib.

Kreditlə bağlı hansı informasiyaya malik olmasına dair suala cavabında Fomin deyib ki, “hər şey işləyir”.

Aleksandr Fomin
Aleksandr Fomin

KTMT-nin baş katibi Yuri Khachaturov ətrafındakı duruma gəlincə, Rusiya müdafiə nazirinin müavini söyləyib: “Ermənistan Respublikası ədalət mühakiməsini gerçəkləşdirir. Bununla bağlı şərhim yoxdur”.

Aleksandr Fomin beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsini kurasiya edir, 2000-ci illərdə “Rosoboroneksport”da işləyib.

Fomin dünən – avqustun 2-də Ermənistanda “Beynəlxalq ordu oyunları- 2018” çərçivəsində yarışların bağlanış mərasiminə qatılıb. Elə həmin gün o, Ermənistanın xarici işlər naziri Zohran Mnatsakanian və müdafiə naziri David Tonoyan-la görüşüb.

***

Rusiyanın Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır. “Kommersant” qəzeti bunu Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələrə istinadla yazır.

KHACHATUROV MƏSƏLƏSİ

Qəzetin yazmasına görə, Ermənistanın indiki hakimiyyətinin keçmiş liderləri təqib etməsi, özəlliklə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Khachaturov-un cinayət məsuliyyətinə cəlb olunması Kremli qəzəbləndirib. Moskva sonuncu insidenti hərbi blokun imicinə ciddi zərbə sayır və KTMT-yə digər ölkə təmsilçisinin rəhbərlik edəcəyini istisna etmir.

***Buna da bax: Kocharian-ın həbsi: Məxməri inqilab, yoxsa qisas?

Ermənistan XİN artıq Moskvanın tənqidinə cavab verib. Qurumun sözçüsü Tigran Balayan deyib ki, “Ermənistanda daxili proseslərə beynəlxalq reaksiya izlənir və bu proseslər hüquqi dövlət, müstəqil məhkəmə qurulmasına, korrupsiyayla mübarizəyə söykənir”.

“Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsini, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəsinin artırılmasını hədəfləyir”.

İyulun 31-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ermənistanda son baş verənlərin narahatlıq yaratdığını demişdi. Onun fikrincə, bütün bunlar “yeni rəhbərlərin sələflərini siyasi motivlərlə təqib etməyəcəyinə dair bəyanatları ilə uzlaşmır”.

Yuri Khachaturov
Yuri Khachaturov

Keçmiş prezident Robert Kocharian konstitusion quruluşu devirməyə cəhd ittihamıyla saxlanıb. Khachaturov-a da eyni ittiham mövcuddur, ancaq o zaminə buraxılıb.

İKİNCİ KONTRAKT ‘ŞÜBHƏ ALTINDADIR’

“Moskvayla Yerevanın münasibətlərindəki fikir ayrılığı Ermənistana silah göndərişi üzrə əldə olunmuş razılaşmaya mənfi təsir göstərə bilər. Rusiyada müdafiə sənayesinin iki böyük şirkətinin top menecerləri deyiblər ki, Ermənistana 100 milyon dollar kredit ayrılmasını nəzərdə tutan kontraktların reallaşması böyük sual altındadır. ‘Hələlik, onlarda ümumiyyətlə nə baş verdiyi aydın deyil’, mənbə deyib”, – qəzet yazır.

Məqalədə qeyd olunur ki, kontraktların birinci hissəsi çərçivəsində silah və hərbi texnikanın göndərilməsi artıq tamamlanıb, Moskva 2016-cı ildə Yerevana 200 milyon dollar kredit ayırıb: Ermənistana Igla-S zenit raket kompleksləri və digər silahlar çatdırılıb. İkinci kontrakt isə atıcılıq silahlarının, mühəndislik əlaqələri vasitələrinin, şəxsi heyətin daşınması üçün nəqliyyatın verilməsini nəzərdə tuturdu. Ermənistanın Müdafiə Nazirliyi “Iskander-E” komplekslərinin ikinci diviziyasını da əldə etmək istəyirdi. İndi bu planlar sual altındadır.

Yerevandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr Iskandarian qəzetə deyib ki, Ermənistandakı olayları ölkənin xarici prioritetləri ilə əlaqələndirmək düzgün deyil.

“Hazırda Ermənistanda baş verənlər ölkəiçi siyasi prosesin məntiqidir. Buna hakimiyyətə yeni gələn elitayla köhnə elitanın qarşılıqlı münasibəti kontekstində baxmaq lazımdır. Bu hadisələrdə xarici siyasət elementləri yoxdur. Ancaq onun nəticələri heç də həmişə yaxşı dəyərləndirilmir”, – ekspert deyib.

XS
SM
MD
LG