Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:34

Sanksiyalar ‘dünyada sülh’ adına bərpa olunub


Hassan Rouhani (solda) və Donald J. Trump
Hassan Rouhani (solda) və Donald J. Trump

ABŞ prezidenti Donald Trump avqustun 7-də tvitində yazıb ki, sanksiyaların mahiyyəti budur: “İranla işləyən heç kəs Birləşmiş Ştatlarla İŞLƏMƏYƏCƏK”.

“DÜNYADA SÜLH istəyirəm, başqa heç nə!” Trump yazıb.

Sanksiyaların bərpasından sonra Trump bəyanatında deyib: “Bütün ölkələri İran rejimini seçim qarşısında qoyacaq addımlar atmağa çağırırıq: ya hədələyici, sabitsizlik yaradan davranışı dəyişsinlər və qlobal iqtisadiyyata inteqrasiya etsinlər, ya da iqtisadi təcrid yolunda irəliləsinlər”.

Trump xəbərdarlıq edib ki, İranla iqtisadi əməkdaşlığı azaltmayanlar “ciddi nəticələrlə üzləşə” bilərlər.

***

Avqustun 7-də gecəyarısından Birləşmiş Ştatların İrana sərt sanksiyalarının birinci hissəsi qüvvəyə minib. Bu arada Vaşinqtonla Tehran bir-birinə təhdidlər səsləndirməkdədir.

Sanksiyaların məqsədi İranın ABŞ dolları əldə etməsini dayandırmaq, İranın əsas sənaye sahələri üzrə ticarəti boğmaqdır.

Vaşinqton iranlıların artıq sanksiyalar nəticəsində iqtisadi problemlərlə üzləşdiyini iddia edir. ABŞ prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra rial dəyərinin yarıya qədərini itirib.

***Buna da bax: ABŞ İran üzərinə sanksiyaları bərpa edir

“MƏNASI YOXDUR”

Nüvə sazişini “dəhşətli və birtərəfli” adlandıran, onun İranın nüvə bombası hazırlamasına aparan bütün yolları qapatmadığını deyən Trump bir daha təklif edib ki, Tehran liderləri ilə daha yaxşı saziş üzrə birbaşa danışıqlar aparılsın.

İran sanksiyalardan bir neçə gün öncə yeni təyyarələr alıb
İran sanksiyalardan bir neçə gün öncə yeni təyyarələr alıb

“Rejimin məkrli fəaliyyətini, ballistik nüvə proqramını və terrorçuluğa dəstəyini əhatələyən məsələlər üzrə daha hərtərəfli saziş əldə olunmasına açığam”, – Trump deyib.

Ancaq iranlı həmkarı Hassan Rohani təklifi dərhal rədd edib, dövlət televiziyasında deyib ki, “bunun mənası yoxdur”.

“Düşmənsənsə, başqa birisini bıçaqla vurursan və daha sonra danışıqlar istədiyini deyirsənsə, birinci etməli olduğun şey bıçağı çıxarmaqdır”, – o deyib.

Birləşmiş Ştatların nüvə sazişindən çıxmasına baxmayaraq, Rohani İranın ona əməl edəcəyini bildirib. Nüvə sazişi Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona Avropa İttifaqı, Rusiya, Çin və digər böyük ticarət tərəfdaşlarının sanksiyaları yüngülləşdirməsini nəzərdə tuturdu.

“Sanksiyalara rəğmən sübut edəcəyik ki, sözümüzü tuturuq, beynəlxalq razılaşmalara sayqı göstəririk”, – o deyib.

AVROPANIN QƏRARI

İranın bu vədini Aİ alqışlayıb. Birlik Avropa şirkətlərini ABŞ sanksiyalarından qoruyacaq bloklayıcı qərar qəbul edib.

“İranla qanuni biznes quran avropalı iqtisadi operatorları qorumaqda qərarlıyıq”, – Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini deyib.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Ancaq Avropa və Asiyanın yüzlərlə şirkəti artıq İran bazarından çıxdıqlarını açıqlayıblar.

Sanksiyaların bərpası bir müddətdir İranda gərginlik yaradıb. Son günlər milli valyutanın çöküşü, su çatışmazlığı, bahalanma, siyasi sistemdə korrupsiyaya etiraz olaraq müxtəlif şəhərlərdə aksiyaları başlanıb.

***Buna da bax: İran etirazları barədə nə bilirik?

İranın xarici işlər naziri Mohammad Javad Zarif-in sözlərinə görə, Trump-ın addımına qlobal reaksiya Tehranın deyil, Vaşinqtonun diplomatik baxımdan “təcrid” olunduğunu göstərib.

Ancaq o, eyni zamanda sanksiyaların İran iqtisadiyyatında müəyyən pozuntu yarada biləcəyini də etiraf edib.

Sanksiyalar İranın qrafit, alüminium, polad, kömür, bəzi proqramlar idxalına da təsirini göstərir. İranın bəzi təyyarələr almasına da qadağa qoyulacaq.

Noyabrın 5-də qüvvəyə minəcək ikinci sanksiya dalğası isə İrandan neft satışını bloklayacaq. İranın neftinin əsas alıcıları olan Çin, Hindistan və Türkiyə Tehrandan neft alışını dayandırmaq istəmədiklərini açıqlayıblar.

XS
SM
MD
LG