Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Dustaqların qatardan qaçmasının detalları: 'Bizi maşınla adamlar gözləməliydi...'


Qatar-həbsxana
Qatar-həbsxana

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən dustaqlar Əli Ağami və «Qoca» ləqəbli Etibar Məmmədovun qatardan necə qaçdığı məlum olub. Bu haqda həmin dustaqlardan biri - Ə.Ağami istintaqa ifadəsində detallı danışıb. Deyib ki, özü və E.Məmmədov qətl hadisəsində ittiham olunurdu. Bu işə görə həbs olunanlar arasında onlardan əlavə daha üç nəfər də vardı. Onların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Ona görə də hadisəyə qədər 7-8 dəfə Lənkərana etap olunmuşdular. Təqsirləndirilən şəxslər arasında ziddiyyət olduğundan onları bir yerdə saxlamırdılar.

«Oktyabrın 21-də Lənkərana etap olunmaq üçün xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun adlı şəxs (Ceyhun Səmədov da dustaqların qaçmasına görə həbs olunanlar arasındadır-red.) üstümüzə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi. Onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən bir az söhbət edəndən sonra kamerama qayıtdım.

***Buna da bax-Lənkəranski öldü, Moskvada azərbaycanlılara münasibət dəyişdi?

Masallıya çatanda polis əməkdaşları məni təhvil alıb polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə dedi ki, «sən bu gün geri qayıdacaqsan». Səbəbini soruşanda bildirdi ki, «keçən dəfə siz problem yaratmışdınız». Çünki bir etap əvvəl bizimlə birlikdə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü doğramışdı, proses yarımçıq qalmışdı», – Ə.Ağami ifadəsində danışıb. Onun sözlərinə görə, Məhəmməd E.Məmmədovun üzündən tutulduğunu iddia edir, onu harada görsə, söyürmüş.

«Mobil telefonla kimlərləsə danışırdı»

Axşam saat 17 radələrində məhkəmədən sonra Ə.Ağamini yenidən vaqona qaytarıblar, həmin vaxt Etibarla Məhəmməd də orada olub: «Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu. Dedim ki, yol gedib-gəlməkdən yoruldum. Etibar dedi ki, «istəyirsən, deyim, gəl yumşaq döşəyin üstündə yat». Razılaşdım. Bir az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı. Orada biz söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Mənə də onunla qaçmağı təklif etdi. Təkliflə razılaşdım. Etibarda mobil telefon var idi, kimlərləsə danışırdı. Mənə dedi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik».

Rövşən Lənkəranski haqda kitaba niyə belə maraq var?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Həmin vaxt konvoyun əməkdaşları dəhlizdə gəzişirmiş. Səhər saat 5 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın E.Məmmədov açarla 6 «zamok»la bağlanan pəncərəni açıb platformaya tullanıb. Bu vaxt qatar dayanıb, Ə.Ağami də yerə düşüb. Maşınla onları gözləyəcək adamları tapa bilməyiblər, ona görə də evlərin arasına giriblər: «Etibar telefonla danışdı, həmin adamlar gecikdiklərini dedilər. Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik. Şadlıq sarayı olan yerdə düşüb, bizi qarşılayacaq maşına mindik. Vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını dedi, sürücüyə tapşırdı ki, Lökbatan qəsəbəsinə sürsün. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik, Etibar dedi əvvəllər onun türmədə yatan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam «Lada Priora» ilə Şirvan şəhərinə getdik, mən orda Etibardan ayrılıb evimizə tərəf getdim. Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq dövlətə səslənən videomüraciət çəkdim və aidiyyəti üzrə göndərdim».

***Buna da bax-'Haqq-ədalət olmayan yerdə insanlar özlərinə qəhrəman axtarırlar'

Ə.Ağaminin sözlərinə görə, daha sonra valideynlərinə deyib ki, polisə zəng etsinlər. Oktyabrın 26-da günorta saatlarında Bakıdan gedən polislər onu evlərindən götürüb aparıblar.

Ə.Ağami də qətl hadisəsində günahı olmadığını deyir və iddia edir ki, Etibarın törətdiyi ölüm işinə görə həbsə düşüb: «Etibar cinayəti törətdikdən sonra bəzi problemlərinin olduğunu deyib, onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi. Söz vermişdi ki, daha sonra gəlib əməlini etiraf edəcək, amma sözünün üstündə durmadı. Qaçmaqda məqsədim o idi ki, evə gəlib həmin videonu çəkim. Biz vaqonda olarkən Etibarla şəkil çəkdirmişik. Şəkilləri Etibarın tanışı olan müğənni Fədayə Laçın öz telefonu ilə çəkirdi...».

Xatırlatma

Dustaqların qaçmasıyla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim önünə çıxarılan 13 nəfər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın da var. Qalan təqsirləndirilən 11 nəfər isə bunlardır - Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, qatardan qaçmış dustaq Əli Ağami, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar BəyəlizadəTərlan Zeynalov.

Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətləriylə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələriylə də ittiham olunur.

Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Ə.Ağami və E.Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. E.Məmmədov isə 10 gün sonra əməliyyat nəticəsində öldürüldü.

Noyabrın 14-də Ə.Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edildi.

XS
SM
MD
LG