Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Konvensiyada açıq qalan məsələlər...-Media icmalı


Xəzəryanı ölkənin Aktau sammiti
Xəzəryanı ölkənin Aktau sammiti

Xəzərin hüquqi statusu ilə bağlı bu günlər Aktauda imzalanan konvensiya, ölkə iqtisadiyyatında neftdən asılılığın davam etməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Məsələ 100 illərlə də uzana bilər»

«Bizim Yol» saytında «Xəzəryanı dövlətlər Xəzərlə bağlı bir neçə məsələni həll etməyib» sərlövhəli yazı yer alıb.

Yazıda avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan) dövlət başçılarının Xəzərin statusu ilə bağlı imzaladıqları konvensiya ekspert İlham Şabanla təhlil edilib.

İ.Şaban vurğulayıb ki, 22 il bu hüquqi sənədin üzərində iş gedib. Onun fikrincə, indiyəcən Xəzərdə baş verən problemləri həll etməkdən ötrü hüquqi sənəd mövcud deyildi.

İ.Şaban deyib ki, artıq ortada hüquqi sənəd var və bundan sonra tərəflər arasında hər hansı bir mübahisə predmeti yaranarsa, konvensiyaya müraciət etmək mümkün olacaq.

Amma İ.Şaban vurğulayıb ki, sənədin imzalanmasına baxmayaraq, Xəzərlə bağlı bir neçə açıq məsələ qalıb: «Hələ də bir neçə məsələ həllini tapmayıb, sonrakı mərhələlərdə bunlar etap-etap həll ediləcək».

İ.Şabana görə, bunlardan ən vacibi Xəzərin dibinin bölünməsi ilə bağlıdır. Ekspert deyib ki, bu məsələ Azərbaycan, İran və Türkmənistan arasında olan problemli məsələlərə aiddir.

İ.Şaban qeyd edib ki, Xəzərin şimal hissəsi Azərbaycan, Rusiya və Qazaxıstan arasında orta xətt prinsipi ilə bölünüb. «Amma Xəzərin cənub hissəsi ilə bağlı hüquqi razılaşma 1 ilə də həll oluna bilər, 100 ilə də uzana bilər»,-deyə o bildirib.

Xəzər dənizi
Xəzər dənizi

«Sülh konvensiyası»

Rəsmi «Azərbaycan» qəzetində də «Xəzər sülh, mehriban qonşuluq və əməkdaşlıq bölgəsinə çevrilir» sərlövhəli yazıda bu günlər Xəzərin statusu ilə bağlı imzalanan sənəd dəyərləndirilir.

Bu yazıda isə konvensiyanın əhəmiyyətindən bəhs edilir: «Beləliklə, Xəzərlə bağlı 22 ildir davam edən danışıqlara yekun vuruldu və sututarın hüquqi statusu müəyyənləşdirildi. Özü də tarixi qərar kimi qiymətləndirilən bu hadisə Beynəlxalq Xəzər Gününə təsadüf etdi».

Yazıda bildirilir ki, Xəzərin statusu ilə bağlı konvensiyanın layihəsini tərəflər ancaq 2017-ci ilin dekabrında razılaşdıra bilmişdilər.

Müəllif yazıb ki, prinsip etibarilə Xəzərin status məsələsi daha çox nəzəri xarakter daşısa da, su səthinin və onun dibinin bölünməsi sırf praktiki əhəmiyyət kəsb edir. Yazıda qeyd edilib ki, Xəzərdə neft və qaz hasilatı ilə tarixən Azərbaycan məşğul olurdu. Yeni tarixi şəraitdə Türkmənistan və İran da karbohidrogen yataqlarının istismarı ilə bağlı iddialar irəli sürüb. Müəllifin fikrincə, bu da meydana yeni problemlər çıxarıb.

Yazıda vurğulandığına görə, Aktauda imzalanmış bu konvensiyada sahilyanı dövlətlərin ərazi sularının müəyyənləşdirilməsi əksini tapıb: «Sənəddə deyilir ki, hər bir tərəfin ərazi sularının eni 15 dəniz milindən çox olmamalıdır. Ərazi sularına eni 10 mil olan balıqçılıq zonası əlavə edilir. Sənədə görə, hər bir sahilyanı dövlət balıqçılıq zonasında müstəsna balıqtutma hüququna malikdir. Konvensiyaya görə, qonşu dövlətlərin ərazi suları arasında sərhəd ikitərəfli müqavilələr əsasında müəyyənləşdiriləcək. Eyni zamanda, ərazi sularının xarici sərhədi dövlət sərhədi statusu alır. Ərazi sularından kənardakı su məkanı dövlətlərin ümumi istifadəsinə verilir».

Yazıda bildirilir ki, Xəzərin dibinin və təkinin bölünməsi də ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçiriləcək.

Neft
Neft

Neftdən asılı Azərbaycan

«Novoye Vremya» qəzetində «Moody's nefti göstərir» sərlövhəli yazı oxumaq olar.

Yazıda «Moody's» beynəlxalq reytinq təşkilatının bu günlərdə açıqladığı hesabatda Azərbaycanlı bağlı proqnozlardan bəhs edilir.

Müəllif hesab edir ki, hesabatda Azərbaycanın kredit reytinqi «Ba-2-sabit» səviyyəsində göstərilir: «Bu kredit reytinqi dövlət zəmanəti altında olan ümumi dövlət borclarını, eyni zamanda zəif bank sektoru olmasını əks etdirir. Həmçinin, agentlik hesab edir ki, Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ancaq neftin bahalaşması hesabına artır».

Müəllif son zamanlar ABŞ-ın bir çox dünya ölkələrinə tətbiq etdiyi iqtisadi sanksiyaları və bu sanksiyaların milli valyutalara təsirlərinin üzərində dayanır. Yazıda vurğulanır ki, agentlik neft ölkələrinə neftin qiymətindən asılı olmayan iqtisadiyyat qurmağı tövsiyə edir.

Müəllif agentliyə istinadən bildirir ki, Azərbaycanda hələ ki, belə bir mexanizm işlənib hazırlanmayıb: «Bu məsələyə Azərbaycan Mərkəzi Bankının (AMB) mövqeyinə gəlincə, əvvəlcə tənzimləyici məzənnə siyasətinə müdaxiləsini inkar etdi. Bir qədər sonra isə faktiki olaraq valyuta müdaxiləsinə yol verdiyini etiraf etdi».

Müəllifə görə, Nazirlər Kabineti və Mərkəzi Bankın hələ də 2015-ci ilin iqtisadi böhranından dərs aldığı inandırıcı görünmür: «Ona görə də yerli iqtisadiyyat hələ də neft qiymətlərindən asılıdır. Ötən vaxt ərzində qeyri-xammal iqtisadiyyatının əsasları qoyulmayıb. ÜDM-də qeyri-neft sektorunun böyüməsi qeydə alınmışdı, amma bu yeni model iqtisadiyyat üçün yetərlidirmi?».

XS
SM
MD
LG