Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:02

Putinin reytinqi niyə düşür


Vladimir Putin gənclər forumunun açılışında, 15 avqust, 2018-ci il
Vladimir Putin gənclər forumunun açılışında, 15 avqust, 2018-ci il

Son dövrlərdə dünya siyasi səhnəsində Rusiya prezidenti Vladimir Putin-dən çox qalan olmayıb, yəqin. ABŞ prezidenti Donald Trump ilə Helsinki sammiti, 2016-cı ildə ABŞ seçkisinə Rusiyanın müdaxiləsinə dair səslənən iddialar, Kremlin getdikcə Yaxın Şərqdə söz sahibi kimi yenidən baş qaldırması və martda Putinin asanlıqla bir daha prezident seçilməsi onun gücünün qalıcılığını göstərir. Di gəl, getdikcə zəifləməsini gizlədirlər, deyəsən”.

“Foreign affairs” dərgisində Andrei Kolesnikov yazır ki, 2014-cü ilin martında Rusiya Krımı ilhaq edəndə Putinin reytinqi kəlləçarxa vurdu. İlhaqdan öncə 61-65 faiz olan reytinq 80 faizi də keçib.

İNAM REYTİNQİ 60 FAİZDƏN 48-Ə DÜŞÜB

Rusiyalıların çoxundan ötrü Putinin ərazi ələ keçirməsi ölkənin böyüklüyünü özünə qaytardı və buna görə onu daha çox dəstəkləməklə mükafatlandırdılar. Ancaq son bir neçə ayda yerli siyasətdən narazılıq prezidentin populyarlığını xeyli azaldıb.

Levada müstəqil sorğu mərkəzinin məlumatına görə, 2018-ci ilin iyulunda rusiyalıların yalnız 67 faizi onun fəaliyyətini dəstəklədiyini bildirir. Apreldə bu göstərici 82, mayda 79 faiz idi.

Digər göstəriciyə görə, bu ilin yanvarında Putinə inam reytinqi 60 faiz idisə, iyunda 48 faizə düşüb.

Elə ölkənin bir sıra rəsmilərinin də reytinqində oxşar düşüş yaşanıb. Müdafiə naziri Sergei Shoigu-nun reytinqi 31 faizdən 19-a, xarici işlər naziri Sergei Lavrov-unku 25 faizdən 14-ə düşüb.

Levadanın bu ilin iyulunda keçirdiyi sorğuda rusiyalıların 40 faizi deyirdi ki, Rusiyanın yanlış istiqamətdə getdiyinə inanır. Apreldə bu rəqəm 26 faiz idi.

Rusiyada pensiya etirazları
Rusiyada pensiya etirazları

Məqalədə reytinqlərin düşməsinə əsas səbəb kimi hökumətin pensiya yaşını kişilər üçün 60-dan 65-ə, qadınlar üçün 55-dən 60-a qaldırmaq təklifi göstərilir. Buna kəskin ictimai reaksiyanı gözləməyən hökumət guya Putinin qərarvermə prosesində şəxsən iştirak etmədiyi versiyasını ortaya atdı.

“Məqsəd kütləvi narazılığı azaltmaq və Putinin populyarlığını qorumaq idi. Ancaq onlar bu məsələyə ictimai yanaşmanın həssaslığını yetərincə dəyərləndirmədilər, sonucda müxtəlif sosial və yaş qruplarının sərt dirənişi ilə üzləşdilər”, – müəllif yazır.

KREML HANSI GEDİŞLƏR EDƏ BİLƏR

Amma Putinin reytinqinin düşməsinə təkcə pensiya təklifi səbəb olmayıb. Artıq onun uğurlu xarici siyasəti belə ictimai dəstəyə təsir göstərə bilmir, səbəb də elə ölkəiçi narazılığın artmasıdır.

“Putin xarici siyasətində ölkəni yenidən böyük Rusiya edə bilər, ancaq indi yerli iqtisadi və sosial problemlərə diqqət ayırmaq vaxtıdır – inflyasiya risklərinə, yetərsiz tibbi xidmətlərə, mənzillə təminatda və kommunal sektordakı problemlərə, kiçik və orta biznes üçün düşmən mühitinə. Seçkidən sonra, apreldə reytinq 82 faizə yüksəlsə də, o vaxtdan sürətlə və davamlı düşməkdədir”, – müəllif yazır.

Andrei Kolesnikov qeyd edir ki, Putinin reytinqinin daha aşağı, ancaq davamlı səviyyədə qərarlaşacağı inandırıcıdır. Heç sələfi Boris Yeltsinin hakimiyyətdə qalmasından ötrü ictimai dəstək belə yoxuydu. Putinin reytinqi aşağı səviyyədə qalarsa, Kreml diqqəti sosial problemlərdən yayındırmaqdan ötrü nəsə bir tamaşa da qura bilər. Xarici siyasətdə dramatik gedişləri artıra bilər, amma bu da gücünü itirib artıq.

Məsələn, Levada-nın iyula keçirdiyi sorğu futbol üzrə dünya çempionatından sonra Qərbə müsbət yanaşmanın gücləndiyini göstərib. Mayda 20 faiz olan bu göstərici iyulda 42 faizı qalxmışdı.

“İctimai diqqəti yayındırmağın daha bir yolu Rusiyaya xəyanət etdiyi, casusluq etdiyi iddia olunanların həbsini artırmaq ola bilər… Bu işlər nə qədər absurd olarsa, Rusiya prezidenti üçün bədəli az olmayan sosial problemlərdən diqqəti daha effektiv yayındıra bilər”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG