Bill Qeytsin kitab oxumağı çox sevdiyi heç kimdən gizli deyil. «Microsoft» şirkətinin həmtəsisçisi hər axşam kitab oxuyur. O öz bloqunda yüzlərlə kitaba rəy verib. Özü də bəyəndiyi kitabların siyahısını ardıcıl paylaşır.
Qeyts, əsasən, ona həyatda müəyyən şeylərə yeni bucaqdan baxmağa və prioritetlərini dəyişməyə kömək edən kitablara üstünlük verir.
B.Qeyts bloq postlarının birində tanınmış epidemioloq Uilyam Foic ilə görüşündən yazıb. Doktor Foic Qeytsin çoxdankı nəsihətçisidir. Foic illər öncə texnologiya milyarderində ictimai səhiyyə məsələlərinə maraq oyadıb.
Üç kitab
U.Foic 1999-cu ildən Bill və Melinda Qeytslərin nəsihətçisi olub. O zamandan bəri də onların beynəlxalq səhiyyə sahəsindəki xeyriyyəçilik fəaliyyətinə ciddi məlumat dəstəyi verib. Foic Qeytsin suallarını cavablandırmaqdan və ona elmi məsləhətlər verməkdən əlavə, ona ümumdünya səhiyyə məsələlərinə dair 81 kitab və hesabatın siyahısını da verib.
«Bütün bu kitablar qarşımda yeni dünya açıb, Uilyam yoxsulluq və xəstəliklə mübarizə həvəsini mənə ötürüb», – Qeyts yazır.
Bu kitablar arasında üçü daha çox diqqəti cəlb edib:
Donald R.Hopkins. «Şahzadələr və kəndlilər – tarixdə çiçək xəstəliyi» (Princes and Peasants – Smallpox in History)
Bu kitabda Hopkins çiçək xəstəliyinin ətraflı tarixini verib. Kitab 1983-cü ildə «Pulitzer» mükafatına layiq görülüb. Qeyd edək ki, çiçək tarixdə tibbi yolla yer üzündən silinmiş ilk xəstəlikdir.
Qordon Harrison. «Ağcaqanadlar, malyariya və insan: 1880-ci ildən bəri düşmənçiliyin tarixi» (Mosquitoes, Malaria&Man: A History of the Hostilities Since 1880)
Kitab malyariyanın tarixi haqdadır. Qeyts Fondu bu xəstəliyi yer üzündən silməyi qarşısına məqsəd qoyub. Fondun saytında deyilir: «Dünyada yetərincə öhdəlik, tədqiqat və inkişafa böyük investisiya, yeni transformasiya üsulları və icra strategiyaları olarsa, malyariyanın kökünün kəsilməsi kimi iddialı məqsədə çatmaq mümkündür».
Dünya Bankı. «Səhiyyəyə investisiya: 1993-cü il üçün ümumdünya inkişaf hesabatı» (Investing in Health: World Development Report 1993)
B.Qeyts Dünya Bankının bu hesabatını «dünya səhiyyəsinə investisiyanın əhəmiyyətinə dair yenilikçi hesabat» adlandırır.
Qeytsin mesaji
Qeytsin fondunun malyariyanı yer üzündən silmək kimi iddialı bir məqsədinin əsasında onun özünün ictimai səhiyyəyə sonradan yaranan marağı durur. Qeytsin bu mövzuya marağı o qədər böyükdür ki, o bir dəfə, 2009-cu ildə keçirilən TED konfransı zamanı heç nədən şübhələnməyən auditoriyanın üstünə bütöv bir ağcaqanad sürüsü buraxıb. Bu addımı atmaqda məqsədi insanlara bu mesajı çatdırmaq idi: İctimai səhiyyə hər birimizi narahat etməli olan məsələdir. «Bunun, sadəcə, yoxsul insanların başına gəlməsi üçün heç bir səbəb yoxdur», – o deyib.
Texnologiya maqnatı iddia edir ki, ABŞ dünyada səhiyyənin inkişafında daha böyük rol oynamalıdır. ABŞ prezidenti Donald Tramp 2017-ci ildə ölkənin xarici yardıma ayırdığı büdcənin 31% kəsilməsini təklif edəndə Qeyts belə demişdi: «Mən Amerikanın dünyada yoxsulların sağlamlıq və rifahına sərmayə qoymasının böyük pərəstişkarıyam. Təəssüf ki, heç də hamı eyni cür düşünmür».
O iddia edir ki, «bir yerdə insanların vəziyyəti yaxşılaşanda hamımız üçün daha yaxşı olur».
Qeyts yazır ki, U.Foic bu kitabların dünya səhiyyə ictimaiyyətindən kənar insanlar arasında bu qədər populyarlaşmasına təəccüblənib.
«Baş verənlər inanılmazdır. Beynəlxalq səhiyyə elmin arxa otaqlarında qalmışdı. Ora getmək istəyənlər öz yollarını axtarıb tapmalı idilər. Bütün bu durum dəyişdi və cəmi bir neçə qısa il ərzində o, bir-birinin ardınca bir çox məktəbdə ən populyar sahələrdən birinə çevrilib», – Foic deyib.