Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:24

Ermənistan cüdoçuları Azərbaycana gəlməyəcək


Arix fotosu
Arix fotosu

Ermənistanın cüdo komandası bu ay Bakıda keçiriləcək dünya çempionatına qatılmayacaq.

Məlumatı Ermənistanın İdman və Gənclər Nazirliyi sentyabrın 5-də yayıb.

Ermənistan tərəfi bildirir ki, Azərbaycan onların nümayəndə heyətinin təhlükəsizliyinə gərəkən təminatı verməkdən imtina edib.

Dünya Cüdo Çempionatı Bakıda sentyabrın 20-dən 27-dək keçiriləcək.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında durum 2016-cı ildə pisləşib, həmin ilin aprelində atışmaların qızışması hər iki tərəfdə onlarla əsgərin ölməsiylə sonuclanıb. Ondan öncə Ermənistan və Azərbaycanda atletlər bir-birinin ərazisində keçirilən müxtəlif böyük yarışlara qatılıblar.

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarına 20-dən çox erməni idmançı gəlmişdi. Azərbaycanlı atletlərsə Ermənistanda müxtəlif beynəlxalq yarışlarda iştirak ediblər.

Bütün hallarda atletlərin təhlükəsizliyini ev sahibi olan ölkə təmin edib.

Federasiya: «Ermənistan tərəfinin iddiası əsassızdır»

«Ermənistan tərəfinin Azərbaycanda keçiriləcək Cüdo üzrə Dünya Çempionatına təhlükəsizliklərinə zəmanət verilməməsi ilə bağlı qatılmayacaqları barədə açıqlamaları əsassızdır».

Bunu Azərbaycan Cüdo Federasiyasından bildiriblər.

Federasiyadan verilən məlumata görə, Azərbaycan yarışlara qatılacaq bütün idman heyətlərinə və o cümlədən Ermənistan tərəfə (idmançılara, məşqçilərə, texniki heyətə və s.) dövlət səviyyəsində təhlükəsizliklə bağlı zəmanət verib: «Həmin zəmanətin ifadəsi olan məktub gənclər və idman naziri Azad Rəhimovun adından bu il avqustun əvvəlində Beynəlxalq Cüdo Federasıyasına göndərilib. Çempionata qatılmaq istəyən ölkələr qeydiyyatdan keçib, amma Ermənistan tərəfi qeydiyyatdan keçməyib».

Azərbaycan Cüdo Federasiyadan verilən açıqlamada Ermənistan tərəfinin dünya çempionatına qatılmaması başqa səbəblə əsaslandırılıb: «Yəqin ki, yarışlarda hər hansı uğur qazana bilməyəcəklərini görən Ermənistan tərəfi yarışlarda biabır olmaqdansa, «təhlükəsizliyimiz təmin olunmur» yalanına üstünlük verməyi seçirlər».

XS
SM
MD
LG