Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:38

'Sosial mənzillərin varlı alıcıları'-Media icmalı


etiraz
Gözlə
Embed

No media source currently available

0:00 0:10:52 0:00

etiraz

Tarla ilə bazar arasında böyük qiymət fərqi, sosial mənzillərin satışı, «Azərsu» ASC-nin illik hesabatının təhlili və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Sosial mənzillər satışa çıxarılanda...»

Azadliq.info saytında «Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanda «sosial mənzillər» mövzusunda iqtisadçı Qadir İbrahimlinin düşüncələrinə yer verib.

İqtisadçı iddia edir ki, beynəlxalq təcrübədə sosial mənzillər satışa çıxarılmır, belə mənzillər, adətən, bələdiyyə mülkiyyətində olur: «Uzaq Avropadan tutmuş, yaxın Türkiyə və İranadək sosial evlər yoxsul insanlara güzəştli şərtlərlə qısamüddətli və ya uzunmüddətli (ailənin durumundan asılı olaraq) kirayə verilir. Kirayə qiyməti də simvolik məbləğlər olur. Məsələn, 5-10 dollar, bu da binanın xidmət xərclərini qarşılamaq üçündür. Əksər yerlərdə binanın xidmət xərclərini belə bələdiyyələr özləri qarşılayırlar».

Yazıda vurğulanır ki, Azərbaycanda sosial evlərin tikintisini və idarəçiliyini bələdiyyələr yox, mərkəzi icra hakimiyyəti öz üzərinə götürüb. Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb.

Müəllif hesab edir ki, hazırda sosial mənzillərin satışa çıxarılması «sosial mənzil» ideyasına ziddir: «Niyə sosial mənzillər satışa çıxarıla bilməz? Çünki yoxsulluq daimi deyil. İnsanlar hansısa mərhələdə yüksəkmaaşlı iş yeri tapa bilər və ya gedib özünə xırda biznes qura bilər. Bununla da artıq sosial mənzildə yaşamaq hüququnu itirir və mənzil təhvil verilir...».

Yazıda iddia olunduğuna görə, MİDA-nın şərtləri nəinki yoxsullar, hətta kasıblardan ötrü də sosial mənzilləri əlçatmaz edir: «1-otaqlı mənzillərin qiyməti 29925 manatdan, 2-otaqlı mənzillərin qiyməti 47282 manatdan, 3-otaqlı mənzillərin qiyməti 65626 manatdan başlayır. 1-otaqlı üçün aylıq ödəniş 129-136, 2-otaqlı üçün 203-236, 3-otaqlı üçün 282-288 manatdır. Bu məbləğləri ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır...».

Azərsu
Azərsu

Suyun xərcləri...

«Novoye Vremya» qəzetində ««Azərsu» ziyana işləyir?» sualı gündəmə daşınır.

Müəllif yazıb ki, «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2017-ci il üzrə hesabatına görə, bu qurum dotasiya ilə fəaliyyət göstərib: «Bu, qəribə deyil, dəfələrlə dediyimiz kimi, burada su itkisi 50 faizdən çoxdur (adekvat kanalizasiya sisteminin olmaması, köhnəlmiş infrastruktur və s.). 2016-cı ilin sonu ilə müqayisədə şirkətə dövlət investisiyası yüksəlib».

Yazıda habelə bildirilir ki, bu şirkətdən ötrü dövlət zəmanətiylə beynəlxalq maliyyə qurumlarından alınan vəsaitlərin də həcmi artıb.

Müəllif vurğulayıb ki, şirkət zərərlə işləməsinin əsas səbəbi kimi su və kanalizasiya xidmətlərinin qiymətinin maya dəyərindən iki dəfə ucuz olmasını göstərib.

Müəllif yazıb ki, şirkətin hesabatına görə, 2017-ci il 508 milyon ziyanla başa vurulub.

Yazıda bir məqama da xüsusi diqqət çəkilir. Müəllif bildirir ki, həm su itkisinin həcmi yüksəlib, həm də il ərzində baş verən qəzaların.

Yazıda iddia olunur ki, belə bir şəraitdə hökumətin siyasəti də aydın deyil. Üstəlik, müəllifin qənaətinə görə, qurum su və kanalizasiya xidmətlərinin qiymətlərinin yenidən artırılması ilə bağlı Tarif Şurasına müraciət edə bilər.

Bazar
Bazar

«Qaz vurub qazan doldururlar»

«Azərbaycan» qəzetində «Uduzan istehsalçı, qazanan işbazdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə aqrar sahənin inkişafı ilə bağlı qanunvericilik bazasından tutmuş, maliyyə təminatına qədər bütün sistem təkmilləşdirilib. Yazıda vurğulandığına görə, kəndli torpaq vergisindən başqa bütün vergilərdən azad edilib, güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verilib: «Dövlət onları torpaq vergisindən savayı, bütün növ vergilərdən azad edib. Üstəlik, istifadə etdikləri yanacaq, sürtgü yağları, mineral gübrələr üçün dotasiya ödənilir... Məqsəd fermerlərə bol məhsul istehsalı üçün imkan yaratmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır».

Yazıda vurğulanır ki, son illər ərzaq təhlükəsizliyi sahəsində mühüm işlər görülüb, buna görə də bir çox məhsulların istehsalında faizlə deyil, dəfələrlə artım müşahidə edilir.

Müəllifə görə, bu sahədə xoşagəlməz hal odur ki, belə bolluqdan istifadə edən bəzi işbazlar məhsulu kəndlidən ucuz qiymətə alaraq bazarlarda baha satırlar: «Bu gün paytaxtda satılan məhsulla kəndlinin satdığı məhsulun qiyməti arasında kəskin fərq var. Belə ki, min bir əziyyət çəkib məhsul yetişdirən kəndli ya az qazanır, ya da demək olar ki, qazanmır. Arada olan işbazlar isə, necə deyərlər, «qaz vurub qazan doldururlar»».

Müəllif daha sonra «nə etməli» sualına cavab axtarır: «Belə halda məşhur «nə etməli?» sualına cavab axtarmalı oluruq. Dövlət topdan və pərakəndə satışla məşğul olmur. Ancaq bazarda məhsul satışının tənzimlənməsi üçün mütləq alternativ olmalıdır. Bu işlə bələdiyyələr məşğul ola bilərlər...».

XS
SM
MD
LG