Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:31

'Neft gəlirlərinin hər barrelinin arxasında türk əsgərinin qanı var'


C.Həsənli
C.Həsənli

Bir neçə günə – sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını Sentrokaspi diktaturasından (1918-ci il avqustun 1-də Bakıda daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət, hakimiyyətdə cəmi 45 gün qala bilib – red.) azad etməsinin 100 ili tamam olur.

Tarix elmləri doktoru, professor, Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna bu haqda danışıb.

- Əlbəttə, 15 sentyabr Bakının tarixində çox önəmli gündür. Sözün tam mənasında Bakının qurtuluş günüdür. 28 mayda Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra şəhərin azad olunması Cümhuriyyət tarixində ikinci mühüm hadisədir.

- Cəmil müəllim, Bakı azad edilməsəydi, Azərbaycan nə itirmiş olardı?

- Həmin dövrdə Bakı ilə bağlı müxtəlif planlar vardı. Məsələn, sovet Rusiyası Bakını özünün bir hissəsi hesab edirdi. 28 may istiqlalından əvvəl Bakıda Xalq Komissarları Sovetinin qurulması, Bakının müsəlman əhalisindən təmizlənməsi, Rusiyanın Bakını bir hissəsi elan etməsi bu niyyətlərdən irəli gəlirdi. İkincisi, Bakıya iddiası olanlardan biri də ermənilər idi. Hətta həyasızcasına yazırdılar ki, «biz Birinci Dünya müharibəsinin gedişində Bakını almışıq».

- Nəyə əsaslanıb belə deyirdilər?

- Onlar mart hadisələrini nəzərdə tuturdular. Müharibə qurtardıqdan sonra, Paris Sülh Konfransına təqdim olunan sənədlərdə də bu vardı və Ermənistan mətbuatı açıq şəkildə həmin iddialarla çıxış edirdi. Ondan əlavə, Birinci Dünya müharibəsinin sonunda yanacağa ehtiyac artdığından Bakı döyüşən qüvvələrin başlıca hədəflərindən birinə çevrilmişdi. Şimaldan Rusiya, Cənubdan Ənzəli istiqamətindən ingilis qoşunları, Qərbdən Almaniya, Gürcüstan, Təbriz-Culfa yoluyla Osmanlı ordusu gəlirdi. Hər kəs Bakıya yürüş edirdi. Bir tarixçi obrazlı şəkildə yazırdı: «Britaniya aslanı Xəzərin cənubundan Abşeron yarımadasına sıçramaq istəyirdi ki, Bakının neft buruqlarına qonmaq istəyən alman qartalına imkan verməsin». Bu gələn qüvvələrdən bircə Osmanlı dövlətinin, hərbi birliklərinin niyyəti yalnız neft deyildi, neftdən daha önəmli millətdaşlıq, dindaşlıq kimi məqsədi vardı. Bu yürüşdən öncə, mart hadisələrinin sorağı Osmanlı imperatorluğuna gedib çatanda Şərq qüvvələrinin komandanı açıqca demişdi ki, özünü inqilabçı adlandıran haydutların bizimlə bir dindən, etnik kökdən olan silahsız insanları qətl etməsinə Osmanlı biganə qala bilməz. O dövrdə Bakıya göz dikənlər çox idi. Bakı dünyada istehsal olunan neftin nə az, nə çox tən yarısını verirdi. Bakının önəmi bundan ibarət idi.

- Sənaye şəhəri olan Bakı sonrakı dövrdə paytaxt kimi öz missiyasını yerinə yetirə bildimi?

- 1918-ci ilin 15 sentyabrından sonra Bakı paytaxt missiyasını yerinə yetirdi. Bu, sovet dövründə də belə oldu. Bakı XX əsrin əvvəllərində elə güclü inkişaf yolu keçmişdi ki, Rusiya imperiyasının üç şəhərindən biri idi, Peterburq, Moskva, sonra Bakı gəlirdi. Öz iqtisadi gücünə, maliyyə imkanlarına görə Rusiyanın iki paytaxt şəhərindən sonra üçüncü şəhər idi. Bakı sonra da neft sənayesinə olan tələbata, Rusiya sənayesinin bərpa edilməsindəki roluna görə də həmin missiyanı yerinə yetirdi. O, tək iqtisadi mərkəz deyildi, həm siyasi, həm də mədəni mərkəz idi. Hakimiyyət orqanları, mətbuat orqanları, mədəniyyət qurumları burda oturuşdu. Həsən bəy Zərdabinin maraqlı sözü vardı, deyirdi ki, «Bakıda neft sənayesi aybaay, həftəbəhəftə, günbəgün deyil, saatbasaat inkişaf edir». Ona görə də əsrin əvvəlində çörək axtarandan macəra axtarana qədər hamı Bakıya gəlmişdi, şəhərin etnik siması xeyli dəyişmişdi. Şəhərdə yadellilərin, qeyri-azərbaycanlıların, qeyri-müsəlmanların sayı həddindən artıq çoxalmışdı. Xüsusilə də bolşevik istilasından sonra Bakıya axın daha da gücləndi. Bu da paytaxtda milli-etnik tərkibin dəyişməsinə səbəb oldu. Bu proses 1960-cı illərin əvvəlinə kimi davam etdi. Məsələn, 1939-cu il siyahıya almasına görə, əhalinin 39 faizi azərbaycanlıydısa, 1960-cı illərdə bu rəqəm 60 faizi ötdü.

Qaqaz İslam Ordusu Bakıda. 1918
Qaqaz İslam Ordusu Bakıda. 1918

- Siz Bakının azad olunması, geri alınması haqda bir kitab da yazmısınız, səhv etmirəmsə...

- Mənim «Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti» adlı kitabım var, çoxdan çıxıb, onun bir fəsli də Bakının azad olunması haqqındadır. Orda diplomatik, hərbi, siyasi baxımdan Bakının azad edilməsi ilə bağlı çox maraqlı şeylər var. Həmin dövrdə Məmməd Əmin Rəsulzadə başda olmaqla bir heyət İstanbula getmişdi, konfrans toplanacağı gözlənirdi. Osmanlı paytaxtından beynəlxalq aləmi müşahidə edən Rəsulzadə baş nazir Fətəli Xana yazırdı ki, «Bakı hökmən, hökmən və hökmən azad edilməlidir, Bakı hökmən indi azad olunmalıdır, indi azad olunmasa, sonra böyük çətinliklər qarşısında qala bilərik. Bakı azad olunmasa, əlvida, vətən, əlvida, Azərbaycan». Bu məzmunda həyəcanlı məktublar göndərirdi. Siz ifadələr işlətdiniz: «Bakının azad olunması, geri alınması», daha doğru ifadə – Bakının qurtuluşudur. Sözün tam mənasında söhbət Bakının qurtuluşundan gedirdi. İyulun 20-də Gəncədən başlanan yürüş nəticəsində Şamaxı azad edildi, İslam Ordusu gəlib Binəqədi təpələrinin ətəyinə çıxdı. Həmin dövrdə şəhərin azad olunmasını yubadan bir hadisə oldu. Avqustun 27-də sovet Rusiyası ilə Almaniya arasında gizli müqavilə imzalandı. O müqaviləyə görə, Almaniya türk qoşunlarının Xaçmaz, Şamaxı yaxınlığında Əyrioba, Neftçala (Petropavlovsk adlanırdı) yarımqövsündən Bakıya doğru irəliləməsinə imkan verməməli idi. Rusiya isə öz üzərinə götürürdü ki, Bakıda istehsal edilən neftin dörddə birini Almaniyaya verəcək. Almaniya Osmanlı imperatorluğuna bu yöndə xeyli təzyiq göstərdi.

- Osmanlı buna necə müqavimət göstərə bildi?

- Nə yaxşı ki, həmin dövrdə hərbi nazir Ənvər Paşa çox ağıllı, əzmli, diplomatik hərəkət etdi. O, rəsmi teleqramlarda hücumun dayandırılmasını bildirirdi, qeydiyyata düşməyən teleqramlarda isə Bakının hökmən azad olunmasını burdakı komandanlığa çatdırırdı. İslam Ordusu burda bir tarix yazdı. Bakının azad olunması əməliyyatının ümumi komandanı Nuru Paşa idi, amma şəhərin bilavasitə azad olunnması əməliyyatına Mürsəl Paşa rəhbərlik edirdi. 15 sentyabrdan sonra Mürsəl Paşa bütün həyatını Mürsəl Bakü Paşa adı ilə yaşadı. Bu, onun hərbi uğuru, qələbəsi idi. Hə, qoy deyim, şəhər nə üçün 15 sentyabrda azad olundu? Həmin gün Qurban bayramı idi. Ənvər Paşadan əmr gəlmişdi ki, müsəlmanlar müqəddəs bayramlarını öz şəhərlərində qeyd etməlidirlər. Şəhərin 15 sentyabrda azad olunması strateji hədəf idi. Bunu Bakıdakı ingilis əsgərlərinə əsir düşmüş türk ordusunun ərəb əsilli fərarisi məlumat vermişdi. O, son döyüşün sentyabrın 14-dən 15-nə keçən gecə olacağını demişdi. Ona görə də ingilislər öz qüvvələrini gizlicə gətirdib gecəylə, şəhər yatarkən sahildəki gəmilərə mindirdilər. Sübh vaxtı sentrokaspiçilər xəbər tutdu ki, ingilislər qaçır. Bu, həyəcan yaratdı. Bütün şəhər sahilə axışdı. Türklərin son hücumu qarşısında ermənilər sürətlə qaçmağa başladılar. Hətta Sentrokaspi hökumətinin müdafiə naziri, bir ayağı axsaq general Baqratuni vardı, o, limana doğru qaçanların ayaqları altında qaldı. Hər kəs özünü çatdığı ilk gəmiyə atırdı.

Qafqaz İslam Ordusu Şamaxıda. 1918
Qafqaz İslam Ordusu Şamaxıda. 1918

- Niyə belə təlaşlı idilər?

- Martda nə törətdiklərinin (1918-ci il 30 mart-3 aprel tarixlərində Bakıda və digər şəhərlərdə minlərlə azərbaycanlının qətlə yetirilməsi – red.) fərqində idilər, ona görə canlarını götürüb qaçırdılar. Bax, bu şəraitdə şəhər azad edildi. Rəsulzadə yazır ki, «mən «Perepalas» otelində idim, Ənvər Paşa telefon açdı, dedi ki, Emin bəy, gözün aydın, şəhər azad olundu. Rəsulzadə yazır ki, həmin gün İstanbulda iki qurban kəsildi, biri Bakının azad olunması şərəfinə, bir də Qurban bayramı şərəfinə. Bax, bu, dramatik bir tarix idi... Müharibədə məğlub olan Osmanlı imperatorluğu NATO üzvü olan Türkiyədən daha qeyrətli idi.

- Bu il həm də Cümhuriyyətin yüzilliyi tamam oldu. Sizcə, bayram ab-havası ölkədə yetərincə hiss olundumu?

- Əvvəla, hökumətin Cümhuriyyətə münasibəti göz qabağındadır. Onlar quş qoymaq, xala xətrin qalmasın deyə, bir şeylər etdilər. Ancaq yenə də yüzillik hiss olunmadı. Cümhuriyyət liderlərini gözardı etdilər. İndi də Bakının azad edilməsinin yüz illiyidir. Bu gün hakimiyyəti yekə-yekə danışdıran neft gəlirlərinin hər barrelinin arxasında türk əsgərinin qanı var. Bunu qiymətləndirmək lazımdır. O vaxt Bakının xilaskarlarına abidə qoyulması ilə bağlı müsabiqə elan edilmişdi, yarımçıq qaldı. Bütün hallarda 15 sentyabr milli bayramlar sırasına daxil edilməlidir. «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər.

- Cəmil bəy, yüzilliyin hiss olunmadığını deyirsiniz, amma bu il iki parad keçirilir. Biri Cümhuriyyətin və Milli Ordunun yaradılmasının yüzilliyi ilə bağlıydı, ikincisi Bakının qurtuluşu ilə bağlı həftəsonu keçiriləcək.

- Dövlət parad keçirməlidir öz gücünü nümayiş etdirmək üçün. Cənab İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan güclü dövlətdir, güclü ordusu var. Qoy o ordu paraddan da keçsin, hərbi texnika da nümayiş etdirilsin, amma işğal altında olan torpaqlar azad edilsin. İşğal altında olan torpaq azad edilmədən ordunun gücünü müəyyən edən meyar yoxdur. Ən dəhşətlisi odur ki, «Azərbaycan laundromatı» (Azərbaycandan 3 milyard dollara yaxın vəsaitin qanunsuz çıxarılaraq daha çox Avropada siyasətçilərə rüşvət kimi verilməsini üzə çıxaran araşdırma – red.) açılanda məlum oldu ki, Müdafiə Nazirliyi də ofşorlara əyri yolla pul göndərib, Müdafiə Sənayesi Nazirliyi də, Fövqəladə Hallar Nazirliyi də. Güc nazirlikləri ofşor hesablara əyri yolla büdcə vəsaitini göndəriblər. Və buna görə utanmaq lazımdır. Parad keçirmək yaxşıdır, amma bunun utanc hissini də yaşamaq lazımdır.

XS
SM
MD
LG