Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:58

Roma papası 'keşiş cinsi təcavüzü' ilə bağlı böhranı çözməyə çalışır


Roma papası Francis (Foto arxivdəndir)
Roma papası Francis (Foto arxivdəndir)

Öz papalıq dövrünün ən ciddi böhranlarından birini cilovlamağa çalışan Roma papası Francis sentyabrın 13-də Amerika Katolik Kilsəsinin liderləri ilə görüşüb. Amerika Katolik Kilsəsi gərginliyi sürətlə artan seksual təcavüz qalmaqalının episentridir.

ABŞ Katolik Yepiskopları Konfransının prezidenti kardinal Daniel DiNardo deyib:

“Biz Papa Francis-lə Birləşmiş Ştatlardakı vəziyyətimizi – İsa Məsihin dininə zərbə vurmuş seksual təvavüz şərini müzakirə etdik. O bizə ürəyinin dərinliyindən qulaq asdı. Bu uzun, məhsuldar və yaxşı bir mübadilə idi”.

Bu görüşdə Azyaşlıların Müdafiəsi üçün Pontifik Komissiyasının prezidenti bostonlu kardinal, habelə ABŞ Katolik Yepiskopları Konfransının vise-prezidenti Jose Gomez vəkonfarnsın baş katibi Brian Bransfield-in də iştirak etdikləri xəbər verilir.

Bu da xəbər verilir ki, nə DiNardo, nə də ABŞ Katolik Yepiskopları Konfransı hər hansı yeni addımlar və siyasətlərin tətbiq olunacağı barədə bəyanat yaymayıblar. Vatikan görüş barədə xüsusi bəyanat verməyi məhz DiNardoya həvalə etmişdi.

DiNardo katolik kilsəsinin ABŞ-dakı vəziyyətini müzakirə etmək üçün Papa Francis-dən görüş istəmişdi. Hazırda ABŞ Katolik Kilsəsi ruhanilərin seksual təcavüzü barədə iddilarla bağlı bir neçə istiqamətdən qalmaqallarla üzləşib.

Bu arada Papa Vest Virciniya yepiskopunun istefasını qəbul edib. Kilsə rəsmilərinin dediyinə görə Francis bu yepiskopun cinsi təcavüz hərəkətləri barədə iddiaların araşdırılması üçün göstəriş verib.

Reuters agentliyi yazır ki, Katolik Kilsəsi bütün dünya boyunca azyaşlılara və böyüklərə qarşı keşişlərin cinsi təcavüzü barədə iddialardan qaynaqlanan qalmaqalların girdabından çıxmağa can atır.

Bu qalmaqallar ABŞ-da, Çili, Avstraliya və İrlandiyada kilsəyə olan etimada ciddi zərbə vurub.

Təkcə Birləşmiş Ştatlarda kilsə 1950 və 2015-ci illər arasında keşiş cinsi təcavüzünə görə qurbanlara ödənən kompensasiyalara 4 milyard dollar xərcləyib.

İnsan haqlarının müdafiəsi BishopAccountability.org saytı yazır ki, sözü gedən müddətdə 6721 ruhani azyaşlılara qarşı təcavüzdə ittiham edilib. Keşiş təcavüzü qurbanlarının sayı 18 min 500 olaraq təxmin edilir.

Almaniyada dərc edilmiş araşdırma hesabatında deyilir ki, 1946-2014-cü illər ərzində ölkədə 1670 ruhani xadim və keşiş əsasən oğlanlardan ibarət 3677 azyaşlıya seksual təcavüz edib.

XS
SM
MD
LG