2016-cı ildə ABŞ-da prezident seçkisində Donald Trump-a uduzmuş Hillary Clinton deyir ki, Amerika demokratiyası böhran içindədir. O, Trump-ı “çox pis korrupsiya”da və irqi motivli bölücü siyasət yürütməkdə suçlayıb.
Keçmiş dövlət katibi bu ittihamları sentyabrın 16-da dərc olunmuş məqalədə səsləndirir və bu qeyri-adi, hətta ABŞ siyasətində misli görünməmiş hadisə sayılır.
Sentyabrın 17-də nə Trump, nə də Ağ ev məqaləyə cavab veriblər.
Seçki kampaniyası dövründə və ondan sonra Trump deyirdi ki, Clinton-a qarşı müxtəlif cinayətlərə görə təhqiqat aparılmalıdır. Bu da prezident seçkisində qalib gəlmiş birisi üçün qeyri-adi hal hesab olunurdu.
“QORXULARIM...”
Clinton qeyd edir ki, 2016-cı il seçkisindən sonra tərəfdarlarını Trump-a obyektiv yanaşmağa, ona liderlik etmək şansı verməyə çağırıb.
“Ümid edirdim ki, gələcəyimiz sarıdan qorxularım şişirdilib. Amma elə deyilmiş”, – o, “The Athlantic” dərgisində dərc olunmuş məqaləsində yazır.
“İndi demokratiyamız böhran içindədir”, – xanım Clinton vurğulayır.
“Trump ictimai mənafeyi şəxsi və siyasi maraqlarından üstün tutmaq görüntüsü belə yaratmağa çalışmır. Görünür, anlamır ki, dövlət qulluqçuları xalqa xidmət etməlidirlər, başqa yolla getməməlidirlər”, – məqalədə deyilir.
Bu arada siyasi namizədlər və partiyalar noyabrda Konqresə keçiriləcək seçkilər öncəsi özlərinin reklamıyla məşğuldurlar.
Trump-ın sələfi Barack Obama da Demokratlardan namizədləri dəstəkləyir, Trump-ın siyasətini pisləyir.
ABŞ-ın keçmiş prezidentinin öz xələfini belə açıq şəkildə tənqid etməsi də qeyri-adi hal sayılır.