Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

‘Kitabı bağlanan’ kitabxanalar...


İmişli rayonunda kənd kitabxanası, sentyabr 2018
İmişli rayonunda kənd kitabxanası, sentyabr 2018

Tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanalar əvəzsiz hesab olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi-nin kitabxana şəbəkəsində müxtəlif formada on milyonlarla nüsxə informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanır. Amma harada, necə?

“Azərbaycanda kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. Bir neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri-mümkündür.”

Bu qeydlər 10 il əvvəl- 2008-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ndan (2008) götürülüb. Həmin sənəd qəbul edilərkən ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi, kompüterləşdirilməsi, kitabxana binalarının təmiri, müasir tipli yeni binaların inşası nəzərdə tutulmuşdu. Kitabxana-informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, elektron kataloqların yaradılması, bu sahədə köklü islahatların aparılması da qarşıya məqsəd qoyulmuşdu.

Dövlət Proqramının icrası 5 il əvvəl başa çatıb. Bu sahədə nə dəyişib?

Bina olmadığından bəzi ktabxanalar ləğv edilib

İmişlidə kənd kitabxanası olmuş tikili, 2018
İmişlidə kənd kitabxanası olmuş tikili, 2018

İmişlinin Xubyarlı kəndi-nin sakinləri kitabdan ötrü 6-7 kilometr uzaqda yerləşən Məzrəli kənd kitabxanası-na müraciət edirlər. Kand sakinlərindən Bakir Quliyev vurğulayır ki, buradakı kitabxana 8 il əvvəl ləğv edilib. Onun sözlərinə görə, buna səbəb uyğun ictimai bina olmamasıdır:

“Kitabxana “qoltuqlarda” qalmışdı. Əvvəl məktəbin yardımçı binasında idi. Həmin tikili qəzalı vəziyyətə düşəndə kitabxanaçı kitabları evinə daşıdı. Sonra yenidən məktəbdə təşkil olundu. 8 il əvvəl ləğv olundu, fondu da Məzrəli kəndinə təhvil verildi. O kənd də bizdən uzaqdır.”

Oxşar hadisə İmişli rayonunun Əlyetməzli kəndində də baş verib. Yerli sakinlər bildirir ki, 2010-ci ilin sel və daşqınlarından sonra “elm məbədi” yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, buna görə kitabxanaçı kitabları evinə daşımaq məcburiyyətində qalıb. Təbii fəlakətin nəticələri aradan qaldırılarkən kitabxanadan ötrü də bina tikilməyib. Beləcə bu kitabxananın da “kitabı” bağlanıb...

Qaradonluda kitabı qaranlıqda oxuyurlar?!

İmişlidə kitabxana
İmişlidə kitabxana

Qaradonlu kəndindəki kitabxana isə Rayon Suvarma Sistemləri İdarəsi-nin ötən əsrin 60-70-ci illərində anbar kimi istifadə etdiyi köhnə tikilisində yerləşir. Bir damın altında həm kitabxana, həm də fərdi yaşayış evi yerləşir. Kitabxanaya gələn elektrik xətti kəsilib, pəncərələrin sınıq şüşələrinin önü kartonla örtüldüyündən otaq qaranlıqdır, qızdırıcı da yoxdur. Divarlardakı iri çatların önü ata və oğul əliyevlərin iri şəkilləri ilə tutulub. Kitab sarıdan fond kasaddır, rəflərin bir hissəsi boş qalıb. Yer olmadığından burada “oxu zalı” da təşkil edilməyib.

Yeni binanı kitabxanaçı öz vəsaitilə tikib?

Naibə Mehdiyeva, sentyabr 2018
Naibə Mehdiyeva, sentyabr 2018

Dövlət Proqramı ilə əlaqədar Çaxırlı kəndində isə kitabxanaya yeni bina tikilib. Amma kitabxanaçı Naibə Mehdiyeva bildirir ki, buna büdcə vəsaiti sərf edilməyib:

“Tənha qadınam. 40 ildən artıqdır ki, bu sahədə işləyirəm. Monitorinq ediləndə köhnə bina istifadəyə yararsız hesab edilmişdi. Gördüm ki, ktabxananı bağlayacaqlar, iş yerimi itirməmək üçün öz vəsaitimlə yeni bina tikdim. Daşından tutmuş şiferinədək bütün materialları öz pulumla almışam, ustaların da haqqını cibimdən vermişəm.”

İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Lətifə Məmmədova isə deyir ki, “Dövlət Proqramı”nın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli qərarı olub.

“İstifadəyə yararsız olan binalarda fəaliyyət göstərən 18 kitabxana da elə bu qərardan sonra qonşuluğunda olanlarla birləşdirilib. Hazırda İmişlidə 43 kitabxana fəaliyyət göstərir, fondumuzda 350 min nüsxəyə yaxın kitab var.”

Kitabxanaçıların maaşı

Üstəlik, kitabxanaçılar minimum səviyyədə əməkhaqqı aldıqlarını bildirirlər. Onların maaşları 200 manat-dan çox deyil...

Manat
Manat

Mədəniyyət Nazirliyi islahatların davam etdiyini açıqlayıb

“Bizdə artıq 10 ildir ki, bu sahədə islahatlar aparılır. Həm kitabxana şəbəkəsində, həm mədəniyyət evlərində, eyni zamanda klublarda respublika üzrə optimallaşma gedir. Müasir tələblərə cavab verən müəssisələrin fəaliyyətinin qaydaya salınması üzərində iş aparılır.”

Mədəniyyət Nazirliyi 2017-ci ildə belə bir açıqlama yaymışdı. ​ Məlumatda o da vurğulanıb ki, ölkədə 2006-cı ildə 4500-ə yaxın kitabxana var idisə, onların sayı 2500-ə qədər azaldılıb. Sosial şəbəkələrdə ictimai fəallar kitabxanaların ləğvinin “islahat” adlandırılmasını kəskin tənqidlə qarşılayıblar.

XS
SM
MD
LG