Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:39

Gürcüstan prokurorluğu Saakashvili-ni ağır cinayətdə ittiham edir


Mikheil Saakashvili
Mikheil Saakashvili

Gürcüstan prokurorları keçmiş prezident Mikheil Saakashvili-ni 2008-ci ildə Britaniyada vəfat etmiş müxalifət siyasətçisinin qətlə yetirilməsi planına “razılıq verməkdə” ittiham ediblər. Saakashvili bu ittihamı dərhal rədd edib.

Gürcüstan Baş Prokurorluğu oktyabrın 17-də bəyan edib ki, Badri Patarkatsishvili-nin işi üzrə təhqiqat başa çatıb.

Prokurorluğun bəyanatında iddia edilir ki, Saakashvili Daxili İşlər Nazirliyinin konstitusiya təhlükəsizliyi departamentinə Patarkatsishvili-nin həyatına qəsd hazırlanması üçün “icazə” verib. Bəyanatda bu da bildirilir ki, bu qəsddə o vaxt həmin departamentin rəisi olmuş Data Akhalaya və onun üç vəzifəli əməkdaşı iştirak ediblər.

Badri Patarkatsishvili
Badri Patarkatsishvili

Onlardan birinin, Giorgi Merabishvili-nin bir gün əvvəl saxlandığı xəbər verilib.

Patarkatsishvili 2008-ci ilin yanvarında keçirilmiş prezident seçkisində Saakashvili-nin rəqibi olmuşdu.

O bundan bir ay sonra Britaniyadakı evində, bu ölkənin rəsmilərinin məlumatına görə ürək tutmasından vəfat edib.

Lakin Gürcüstanda bəzi siyasətçilər Patarkatsishvili-nin sui-qəsd nəticəsində öldüyünü iddia edirlər.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakashvili bu iddiaları özünün Facebook səhifəsində rədd edib.

O yazır ki, Gürcüstanın hakim Gürcü Arzusu partiyası bu ittihamlarla oktyabrın 28-də keçiriləcək prezident seçkisi ərəfəsində müxalif Vahid Milli Hərəkat təşkilatını gözdən salmaq məqsədi güdür.

Hazırda Hollandiyada yaşayan Saakashvili ötən iyunda Tbilisi məhkəməsində qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin məhkəmənin hökmündə deyilir ki, Saakashvili 2005-ci ildə millət vəkili Valery Gelashvili-nin döyülməsi ilə bağlı səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Ötən yanvarda Saakashvili təkrar olaraq bu işi ört-basdır etməkdə ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib.

Saakashvili bütün bu ittihamları rədd edib və onları “siyasi motivli” adlandırıb.

XS
SM
MD
LG