Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:12

'Kapital amnistiyası verilsin'-Media icmalı


Lenin Meydanında mitinq. 1989
Lenin Meydanında mitinq. 1989

18 oktyabr- Dövlət Müstəqilliyi Günü, Azərbaycandan ofşor zonalara çıxarılan böyük pullar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Deputatlar 18 oktyabrın yenidən qeyri-iş günü olmasını istəyir

Modern.az saytında «18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı təklif verildi» sərlövhəli yazı oxumaq olar.

Yazıda 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında «Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»nın qəbul edilməsi dəyərləndirilir. Müəllif yazıb ki, bu, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Yazıda vurğulandığına görə, Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Müəllif xatırladıb ki, 1992-2006-cı illərdə 18 oktyabr ölkədə rəsmi bayram kimi qeyri-iş günü olub: «Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır».

Sayt bu məsələyə bəzi deputatların fikrini də öyrənib.

Milli Məclisin deputatı, o vaxt Konstitusiya Aktına səs verənlərdən Vahid Əhmədov 18 oktyabrın Azərbaycanda qeyri-iş günü elan edilməsinin tərəfdarıdır: «Bütün dünya dövlətlərinin rəhbərləri Azərbaycanı 18 oktyabrda daha çox təbrik edirlər. Çünki həmin gün müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunub. Ona görə də bu günün qeyri-iş günü elan edilməsi daha əhəmiyyətlidir...».

Deputat Fazil Mustafa da deyib ki, bu məsələ dəfələrlə parlamentdə qaldırılıb: «Ancaq bununla bağlı heç bir qərar dəyişməyib. Fikrimcə, oktyabrın 18-i Azərbaycanda qeyri-iş günü olmalıdır, bu, daha doğru olar. Milli Məclisdə qərar səs çoxluğu ilə qəbul olunduğuna görə hələ ki, məsələyə təsir etmək imkanımız yoxdur».

Ə.Elçibəy və İ.Əliyev
Ə.Elçibəy və İ.Əliyev

«Əbədi İstiqlal»

«Azərbaycan» qəzetində dərc edilən «Əbədi, daimi, dönməz istiqlal» sərlövhəli yazıda da dövlət müstəqilliyindən bəhs edilir. Ancaq bu yazıda Konstitusiya Aktının qəbul edildiyi dövrdən çox, sonrakı proseslərin, xüsusilə də Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilin üzərində dayanılır.

Yazının girişində vurğulanır ki, 1991-ci ilin sonunda sovet imperiyasının çökməsiylə Azərbaycan xalqına yenidən dövlət müstəqilliyini bərpa etmək imkanı yaranıb.

Müəllif dövlət müstəqilliyinin bərpasından artıq 27 il ötdüyünü bildirərək iddia edir ki, bu dövrün birinci iki ili (1991-93-cü illər) neqativ siyasi proseslərlə yadda qalıb.

Yazıda vurğulanır ki, belə ağır və mürəkkəb dövrdə xalqın tələbi ilə H.Əliyev hakimiyyətə gəlib: «1993-cü ilin iyununda parlamentin sədri, oktyabrda isə prezident seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı».

Yazıda daha sonra da vurğulanır ki, həmin siyasəti indi də prezident İlham Əliyev uğurla davam etdirir: «Qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi ulu öndər Heydər Əliyevin dediyi kimi, dönməzdir, əbədidir, daimidir».

Dollar
Dollar

«Milyardlar təhlükədə»

«Yeni Müsavat» qəzetində «Xaricə daşınan korrupsiya pulları təhlükədə» sərlövhəli yazı yer alıb.

Müəllifin yazmasına görə, ötən bir ildə yaşananlar göstərir ki, korrupsiya yolu ilə əldə edilən pullar təhlükə qarşısındadır.

Yazıda bildirilir ki, uzun illər boyu Avropa bankları xüsusilə postsovet ölkələrindən daşınan milyardlardan ötrü təhlükəsiz məkan olub: «Korrupsiyanın çiçəkləndiyi bu ərazidən çox böyük həcmdə pullar ofşor zonalara, Avropaya, Amerikaya daşınıb. Lakin son illərdə dünyada gizli hesablar, qazanılma yolları bəlli olmayan vəsaitlərin heç də təhlükəsiz olmadığı aydınlaşdı. Buna görə də bütün dünyada bu pullara qarşı mübarizə başladıldı».

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov da deyib ki, «Zamirə Hacıyeva işi» bu mənada Azərbaycana ciddi fürsət yaradır: «...Mənbəyi məlum olmayan, yəni böyük ehtimalla qanunsuz gəlirlər hesabına əldə edilmiş əmlakın müsadirəsi təcrübəsinə Qərbin mənəvi lideri olan İngiltərə başladı. Aydın məsələdir ki, bu təcrübə yaxında digər Qərb ölkələrində də yayılacaq».

Britaniyanın hüquq-mühafizə orqanları Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın hazırda milyonluq mülkiyyətə necə sahib olduğunu araşdırır.

Ə.Həsənovun fikrincə, dövlət bu fürsətdən istifadə edərək kapital amnistiyası elan etməlidir: «Yəni, hər kəs qeyri-leqal əmlakını bəyan etməklə və müəyyən vergi (məsələn, 10 faiz) ödəməklə həmin əmlakı leqallaşdırma imkanına malik olmalıdır. Həmin əmlakın mənbəyi ilə maraqlanmaq lazım deyil. Təki əmlak ölkəmizin iqtisadi inkişafına xidmət etsin...».

Hüquqşünas bildirir ki, bütün bunlarla bərabər, köklü hüquqi islahatlar, o cümlədən qanunvericilik islahatları aparılmalıdır: «Məhkəmə islahatları aparılmalıdır: hakimlər müstəqil, ədalətli və savadlı olmalıdır. Çünki zənginlər, sahibkarlar yalnız əminlik şəraitində fəaliyyət göstərə bilər. Oyun qaydaları şəffaf və dəqiq olmalı, onlara riayət edilməlidir...».

XS
SM
MD
LG