Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

'Heç olmasa, 6 yaşadək uşaqpulu verilməlidir'-Media icmalı


Ana və uşaq
Ana və uşaq

Aqrar sahədə vəziyyət, əmanətlərin sığortalanması, birdəfəlik müavinətin artırılması və uşaqpulunun verilməsi ilə bağlı təkliflər medianın aparıcı mövzularındandır...

Deputat keyfiyyətsiz qidalanmanın bəlalarından danışıb

Modern.az saytında «Fazil Mustafadan həyəcan təbili: Keyfiyyətsiz qidalanma onkoloji xəstəlikləri artırıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, deputat F.Mustafa başlıqda əks olunan məsələyə parlamentdəki çıxışında toxunub.

«Bu gün Azərbaycanda onkoloji və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır», - deyə deputat vurğulayıb.

Yazıda bildirildiyinə görə, deputat F.Mustafa daha sonra da deyib: «Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir, ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır».

Yazıda vurğulandığına görə, F.Mustafa bildirib ki, Azərbaycandan beynəlxalq olimpiadalarda iştirak edən 400-500 şagird içərisindən çox az qismi normal fizionomiyaya malik olur. Deputat bunu həm orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə, həm də qidalanma ilə izah edib: «Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır».

Deputat F.Mustafa, eyni zamanda, uşaqpulunun verilməsi və doğuşa görə birdəfəlik müavinətin artırılması təklifini səsləndirib: «Bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmasa, 6 yaşadək uşaqlara uşaqpulu verilməsi təmin edilməlidir».

Parlamentdə isə bu təklifə elə də müsbət yanaşılmayıb. Azərbaycanda uşaqlara müəyyən yaş həddinə qədər müavinətlərin verilməsi 2016-cı ildən dayandırılıb.

V.Əhmədov
V.Əhmədov

«Əmanətlərin sığortalanması müddəti uzadılmalıdır»

«Yeni Müsavat» qəzetində «Əmanətlərin tam sığortalanması davam etməlidir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, neftin kəskin ucuzlaşmasından sonra ən çox zərər görən sahələrdən birincisi bank sektorudur. Müəllifin fikrincə, iqtisadiyyatın inkişafında mühüm rol oynamalı olan banklar bu gün də 3 il əvvəl yaranmış problemlərdən tam qurtula bilməyiblər.

Yazıda vurğulanıb ki, bank sektoruna inamın azaldığı, əhalinin öz əmanətlərini banklardan çəkdiyi bir vaxtda hökumət məsələyə qarışaraq bütün əmanətlərin qorunmasını nəzərdə tutan qanun qəbul edib.

Müəllif xatırladıb ki, 2016-cı ilin martından qüvvəyə minən qanuna görə, sığorta müddəti 3 illikdir: «Banklara dəstək mexanizmlərindən birini nəzərdə tutan bu qanunun qüvvəsi gələn ilin martında bitir. Qanunun qüvvədə olduğu müddətdə əmanətlərin banklardan kütləvi çəkilməsi prosesi dayanıb, yerləşdirilən əmanətlərin həcmində artım müşahidə olunub. Mərkəzi Bankın rəsmi məlumatına görə, bu il yanvarın 1-nə əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyard 561.2 milyon manat təşkil edib. Oktyabrın 1-nə isə əmanətlərin həcmi 8 milyard 114,9 milyon manata çatıb».

Deputat Vahid Əhmədov hesab edir ki, «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun qüvvədə olma müddəti artırılmalıdır. Müəllifin vurğulamasına görə, bu barədə parlamentin iclasında danışan deputat deyib: «Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmasını nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər...».

Traktor
Traktor

Aqrar inkişafın hədəfləri

«Azərbaycan» qəzetində «Aqrar inkişafın yeni hədəfləri» sərlövhəli yazı dərc edilib.

Müəllifin gəldiyi nəticəyə görə, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında açıqlanan rəqəmlərdən aydın görünür ki, Azərbaycan kəndlisinin builki qazancı yaxşı olub.

Yazıda vurğulanır ki, elə iqtisadiyyatda 4.3 faizlik ən yüksək artımın kənd təsərrüfatına aid olması da bunun təsdiqidir .

Müəllif mövzu ilə bağlı prezident İlham Əliyevin Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışından sitat da gətirir: «...Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4.3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir».

Yazıda bildirilir ki, aqrar sahədə məhsul bolluğundan ötrü müasir texnika və texnologiyaların tətbiqi əsas şərtdir. Müəllifin fikrincə, bu istiqamətdə ölkə bir sıra işlər görülüb: «Müasir tələblərə cavab verən, məhsulu itkisiz yığan, becərmədə az yanacaq sərf edən texnikalar alınaraq fermerlərə güzəştli qiymətlərlə satılır. Təkcə cari ilin 9 ayında 5700 kənd təsərrüfatı texnikası alınıb, fermerlərin işi yüngülləşib, məhsuldarlıq çoxalıb».

Yazıda müəllif daha sonra kənd təsərrüfatının ayrı-ayrı sahələrinə toxunub: «Kənd təsərrüfatında mövcud olan ənənəvi sahələrin dirçəldilməsi də aqrar sektorda məhsul istehsalının artım dinamikasına müsbət təsir göstərir. Məsələn, pambıqçılığın inkişafı ilə bağlı qəbul edilən qərardan sonra - 2016-cı ildə ölkədə 90 min ton, keçən il 207 min ton pambıq tədarük edilib».

XS
SM
MD
LG