Demokratların aparıcı üzvü deyir ki, partiyası “Rusiya istintaqı”nı qorumağı nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etməyə hazırlaşır. Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxiləsi iddialarını və Prezident Donald Trump-ın seçki kampaniyasıyla mümkün əlbirlik cəhdlərini araşdırır.
Noyabrın 11-də CNN-ə müsahibəsində Senatda azlığın lideri Chuck Schumer deyib ki, partiyası vacib qanunun qəbulunu Mueller-in qorunması ilə şərtləndirə bilər. Demokratlar baş prokuror əvəzi Matt Whitaker-in özünü bu istintaqdan ayrı tutmasını tələb edirlər.
“KONQRES HƏRƏKƏTƏ KEÇMƏLİDİR”
“Onun yerində qalması konstitusiya böhranı yaradacaq, ya Muellerə əngəl törədəcək, ya da onu işdən çıxaracaq. Konqres hərəkətə keçməlidir”, – Schumer deyib.
“Biz, Nümayəndələr Palatası və Senatdakı demokratlar bu halda qəbulu vacib sayılan xərcləmələr üzrə qanuna bir layihə əlavə edəcəyik, həmin sənəd cənab Whitaker-in Mueller-in istintaqını əngəlləməsini önləyəcək”, – o deyib.
Whitaker indiyədək xüsusi prokurorun apardığı istintaqı açıq şəkildə tənqid edib. Tənqidçilər onu özünü istintaqdan kənar tutmağa çağırıblar.
Keçmiş baş prokuror Jeff Sessions-un dövründə istintaqa baş prokurorun müavini Rod Rosenstein nəzarət edirdi.
Whitaker Sessions-un işlər idarəsinin rəhbəri idi və Trump ötən həftə onu müvəqqəti olaraq bu vəzifəyə təyin edib. Amma Trump sözügedən istintaqı Whitaker-lə onun təyinatından öncə müzakirə etmədiyini söyləyib.
Trump dəfələrlə Rusiya istintaqını “əcinnə ovu” adlandırıb, Sessions-un onu cilovlamaq üçün tədbir görməməsindən gileylənib.
Noyabrın 11-də CNN-ə danışan respublikaçı senator Lindsey Graham deyib ki, Whitaker-in Muellerə heç bir siyasi təzyiq göstərməyəcəyindən, ona “yaxşı və qəti nəticəyə gəlməyə” imkan verəcəyindən “əmindir”.