Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Deputat: 'Bu məsələdə ermənilər uduşdadır'


Z.Oruc
Z.Oruc

Ötən ilin mayında hüquq-mühafizə orqanları orduda casus şəbəkəsi aşkarlanması, bir qrup şəxsin maddi maraq qarşılığında Ermənistan Silahlı Qüvvələrinə hərbi sirləri ötürməsi haqqında məlumat yaydılar. O zaman istintaq dövründə bir neçə nəfərin işgəncə altında öldürülməsi və mərhumların yaxınlarının «vətən xaininin ailə üzvü» kimi diskriminasiya ilə üzləşməsi haqqında iddialar səslənirdi. Bu həftə həmin şəxslərin yaxınları Prezident Administrasiyası önündə etiraza toplaşıblar, istintaq zamanı ölmüş və ya sonradan uzun müddətə azadlıqdan məhrum edilmiş yaxınlarına bəraət verilməsini tələb ediblər.

Deputat Zahid Oruc bu haqda sualları cavablandırır. Onun AzadlıqRadiosuna dediyinə görə, valideynlər deputatlara da müraciət ediblər.

- Zahid bəy, övladları vətənə xəyanətdə ittiham olunan valideynlər və ya yaxınları bəraət istəyirlər, onların işgəncə və basqı altında ifadə verdiklərini iddia edirlər. Hətta istintaq dövründə işgəncə altında öldürülənlərin olması iddiası da səslənir. Deyilənlərə sizcə, rəsmi qurumlar niyə reaksiya vermirlər? Niyə bu iddialara birdəfəlik aydınlıq gətirmirlər?

- Bu mövzuyla əlaqədar parlamentin Müdafiə, təhlükəsizlik və antikorrupsiya komitəsinin üzvü kimi mənə bir neçə dəfə müraciət edilib. O sətirləri sakit oxumaq, faktın özünü adi sinirlə qarşılamaq, qavramaq, həzm etmək qeyri-mümkündür. İşğal altında yaşayan bir millətin heç bir nəfəri xəyanət layihələrində yer almamalıdır. Nə qədər pafoslu səslənsə də, xalq belə düşünür. Bu hadisənin informasiya yükü həmin dövrdə ağır yaşanmışdı. Mən həmin günlər Şəhidlər Xiyabanında dövlətin elitasının qatıldığı mərasimdəydim və çox yaxşı xatırlayıram ki, hökumət, dövlət adamları bu hadisədən sarsıntı keçirdiklərini söyləyirdilər. İkinci Dünya müharibəsində bunu yaşamış, görmüş xalqın özü isə indi buna məruz qalanda nəinki hüquqi davranışları, eləcə də ictimai, siyasi, vətəndaş, qonşu münasibətini nə formada seçəcəyini təsəvvürünə belə gətirmirdi. Mən yaxşı bilirəm ki, bu ağırlığı həmin ailələrin üzvləri ikiqat yaşayırlar.

- Valideynlər və ya digər ailə üzvləri sizə müraciətdə nə yazırlar, nə istəyirlər?

- Bizə müraciətlərdə deyilir ki, həmin övladlar, məsələn, MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi xidmətdə olan şəxs müxtəlif mükafatlar alıb, yaxşı qiymətləndirilib, amma tərxis olunduqdan sonra belə bir prosesə cəlb edildiyi bildirilir, evindən xəbərsiz aparılıb və s. Və ya başqa məktubda deyilir ki, dərhal hansısa qruplar həmin şəxsi məhkəməsiz cəzalandırıb, «samosud» edilib. Üçüncülər deyirlər ki, həmin hərbçilərlə heç bir əlaqəsi olmayıb, təsadüf nəticəsində hansısa ticarət bağı, məişət xarakterli əlaqə nəticəsində bu işə cəlb olunublar və s. Hər bir halda Azərbaycan ordusunun bir neçə hərbçisinin hər hansı zəmində itirilməsi bizim üçün çox ağırdır, böyük itkidir. Bildiyimə görə, bununla bağlı Hərbi Prokurorluq geniş araşdırma aparıb, sonrakı mərhələdə məsələ məhkəməyə çıxarılmalı idi. Ona görə ailələr ikiqat haray qaldırır, müxtəlif instansiyalara, mediaya çıxırlar. İkincisi, hətta bu deyilənlər reallıq olsa belə, onu qəbul etməmək mövqeyini tuturlar.

Vətənə xəyanətdə ittiham olunan hərbçilərin valideyinləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

- Hüquq-mühafizə orqanlarının və eləcə də toplumun məhkəmə olmadan, istintaq başa çatmadan konkret şəxsi və ailəsini hədəfə götürməsi, «samosud» etməsi nə qədər doğrudur? İstintaq altındakı şəxs ölür və yaxınları işgəncə nəticəsində öldüyünü iddia edirlər, üstəlik də, onu kənd qəbiristanlığında dəfn etməyə belə icazə verilmir. Bu, sizcə, hüquqi, insani baxımdan necə dəyərləndirilməlidir?

- Hər hansı məqamda «samosud» aparılıbsa, bu, yolverilməzdir. Azərbaycan Konstitusiyası da, qanunları da vətəndaşın mühakiməsini müvafiq qurumların aparmalı olduğunu deyir, bundan kənarda hər hansı hərəkət qəbul edilə bilməz. İkinci Dünya müharibəsində bəzən səhra komandirlərinin hərbi qanunlar əsasında güllələnmə cəzası verməsinə indi lüzum olmadığını da yaxşı anlayırıq.

- O zaman istintaq altında olan şəxsin öldürülməsinə, işgəncə verilməsinə niyə hüquqi qiymət verilmir? Lap tutaq ki, o, vətənə xəyanət edib – bunu hərçənd bilmirik – o öldürülməliydi?

- İşgəncə qadağan edilir. Hətta vətən xaini olubsa və ailənin dediyi şəkildə qəddarlıqla qətlə yetirilibsə, heç şübhəsiz, ciddi addım atılmalıdır. Məndə olan məlumata görə, bir neçə şəxsə qarşı məsuliyyət tədbirləri həyata keçirilməkdədir. Bəlkə də bir çoxu hadisənin şoku altında impulsiv olaraq özünü prokuror və ya hakim rolunda hiss edib, sorğu-suala, araşdırmalara ehtiyac görmədən belə bir «samosud»da bulunub. Ancaq yenə söyləyirəm ki, bu yolverilməzdir. Belə fakt varsa, real addım atılmalıdır. Bunun izahı ola bilməz, parlament üzvü iddia edə bilməz ki, yaxşı edib onu öldürüblər. Bu, amansız və ucuz populizm olacaq. Ancaq «bu qrupdakı şəxslərin hamısı günahsızdır» yanaşması da yanlışdır. Mən düşünürəm ki, bu məsələdə ermənilər uduşdadır.

- Nəyə görə belə düşünürsünüz?

- Onlar insanlarımızı hansısa proseslərə cəlb ediblər. Azərbaycan insanını həm sözün fiziki, həm də psixoloji mənasında qırmaq üçün bundan istifadə edirlər. Bu, Azərbaycan hərbçisi üzərində damğaya çevrilir. Türkiyədə «Ergenekon» və «Balyoz» əməliyyatlarından sonra bəlli oldu ki, FETÖ-çülərin vasitəsilə Ərdoğan iqtidarını ən yaxın silahdaşlarının əliylə məhv etmək planı olub. Mən sual vermək istəyirəm, bu məsələnin təfərrüatları cəmiyyətin müzakirəsinə çıxarılmalıdırmı? Bəlkə də hüquq-mühafizə orqanlarının səssiz mövqe seçməsi, onu sıradan cinayətlə eyni tutaraq mediaya açıqlama verməməsi müəyyən dairələr, xüsusən də həmin ailələrlə bağlıdır? Yəni «Bunlar günahkardır, bizim qarşımızda məsuliyyət daşıyırlar, bunlar quramadır» kimi nəticəyə gətirirlər onları? Ancaq düşünürəm, burada elə köklü faktlar var ki, inkar etmək asan olmayacaq. Bu ailələrin mövqeyi də başadüşüləndir. Onlar bu adı – «vətən xaini» adını öz üzərilərinə götürmək istəmirlər. Bu, sosial mühitdə, cəmiyyətdə onlara qarşı hansısa davranışlara səbəb olur, ictimai qınaqdan, məzəmmətdən qorxurlar. Bu da başadüşüləndir. Əlbəttə, kimə görəsə ata-ananın və ya bacı-qardaşın qınanması, utandırılması da səhvdir. Əksinə, düşmən qələbəsinə çevrilər.

- Yəni, siz də onların «vətən xaini» olmasına inanırsınız?

- Axı, orduya, onun rəhbərliyinə, kimə lazım ola bilərdi ki, ayrı-ayrı adamları, sadəcə, bu adla suçlasın, onları məsuliyyətə cəlb etsin? Kimə lazım ola bilər? Karyera mövzusu, sosial, məişət xarakterli problem deyil. Axı, buna görə kiminsə üzərinə «Sən erməniylə işbirliyindəsən» ləkəsini atmazlar. Faktlar var, gedib üçüncü ölkədə görüşüblər, muzdlar, vəsaitlər alıblar, hərbi hissələrlə bağlı, yəni onun harada yerləşməsindən tutmuş silahına-sursatına qədər məxfi məlumatların ötürülməsi faktına media necə reaksiya verəcək?

- O faktlar varmı? Varsa açıqlanmalıdır ki, suallara son qoyulsun. Siz deyirsiniz ki, orduda bir nəfərin də satqın olmasını istəmirsiniz. Amma ailələr də fəryad qoparırlar ki, belə şey olmayıb, yaxınlarının suçlu olduğunu bilsələr, yəqin onlar da susardılar, nəinki Prezident Administrasiyasına qədər gedib ədalət tələb edərdilər.

- Yalnız onu deyim ki, susan ailələr var. Elə mənzərə yaranmasın ki, 3-5 və ya 7 nəfərin şikayətçi qismində söylədiklərinə görə bu iş saxtadır, quramadır. Xeyr. İkinci tərəfdən, mən o ailələrin hamısının, bizə müraciət edənlərin hamısının yanlış yolda olduqlarını düşünmürəm. Bu da onların hüququdur, biz də məhkəmə orqanı deyilik. Açıq desəm, o məktubları digərlərindən ayırmışam. Onları dəyərləndirmək mənə ikiqat çətindir. Faktların açıqlanmasına gəlincə, Qərbdə, ABŞ-da xəyanətlə bağlı cinayət işlərində bütün faktlar açıqlanır. Biz də faktları ortaya qoymalıyıq. Axı, bunun söylənilməsi kimlərəsə təhlükəmi yaradar, əksinə, bəlkə qarşısını alar? Cəmiyyət də həmrəy olar və kimlərsə dövləti qınamaq imkanından məhrum olar. Axı, Zakir Həsənov o əsgərə, zabitə söykənib torpaqları azad edə bilər, necə bu adamları günahkar görüb ağır əməliyyatlara gedə bilər ki? Ağır məsələdir. Ancaq bu işdə günahsız iki nəfər və ya üç nəfər varsa, bu sübut edilməlidir. O məktubları uyğun qurumlara göndərərkən ciddi şəkildə qeyd edirəm ki, mütləq cavab verilsin, bu araşdırmaların bizə verilməsi həm də onların vəzifə borcudur.

- Deməli, hüquq-mühafizə orqanlarının işini şübhə altına almadığınızı söyləsəniz də, həmin qurumlardan açıqlama istəmisiniz?

- Bu müraciəti etmək vəzifə borcumuzdur. Bu proses aprel döyüşlərindən sonra Azərbaycan ordusundakı qalxınmanı öldürmək üçün başlanmışdı. Ona görə bu prosesə seyrçi qalmaq mümkün deyil. Həmkarlarıma da belə məktublar gəlib. Həm ailələrə cavab verilməsi, həm də bu işdəki düyünlərin tam açılması üçün sona qədər o mövqeni içərimizdə saxlayırıq ki, təki bu xəyanət hadisəsi olmasın.

- Sizə hüquq-mühafizə orqanlarından cavab verilibmi?

- Açığı, ilkin cavab beləydi ki, araşdırma gedir deyə, proses yekunlaşandan sonra cavab veriləcək. İki-üç ailədən məktub almışam, hər birindən oxşar sətirlər keçir, situasiyanın təsvirini verərək ittihamları özlərinə yaxın buraxmırlar və doğmalarının günahsız olduğunu bildirirlər. Ancaq verilən cavablar, əldə etdiyimiz məlumatlar bundan ibarətdir ki, belə faktlar mövcuddur, müxtəlif şəxslər Azərbaycan əleyhinə ssenarilərə cəlb olunublar. Bununla bağlı məsələlər isə məxfi saxlanır. Axı, dövlətin hər bir əsgərə ehtiyac olduğu halda niyə hərbçimizi cəzalandıraq, səngərdən çıxaraq?

XS
SM
MD
LG