Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

Orduxan Teymurxan terrora çağırışda suçlanaraq axtarışa verildi


O.Teymurxan
O.Teymurxan

O.Teymurxan haqqında cinayət işi başlanması və axtarışa verilməsi barədə qərarı şərh edərkən bildirib ki, bundan AzadlıqRadiosu vasitəsilə xəbər tutub: «Mənim bu absurd qərardan məlumatım yox idi. Bu, özlərini bütün dünyada biabır etmə həddində gülünc olan bir qərardır».

Terrorçuluğa, kütləvi iğtişaşlara açıq çağırışlara dair ona verilən ittihamların saxta olduğunu deyən bloqqer Azərbaycan hakimiyyətindən özünə həmişə təhlükə gözlədiyini deyir: «Çünki qəddar bir rejimdir».

O.Teymurxan deyir ki, Hollandiya vətəndaşıdır, heç vaxt da Azərbaycan pasportu olmayıb: «Mən hələ 16 yaşımda - sovet dövründə Azərbaycanı tərk eləmişəm. İlk pasportum da Rusiya pasportu olub».

Bloqqer elə bu gün – dekabrın 7-də Hollandiyada yaşadığı yer üzrə polis idarəsinə və İnterpolun yerli bürosuna gedəcəyini də bildirir: «Gedib deyəcəm ki, məni belə cinayətlərdə ittiham edirlər, yoxlayın, görün həqiqətən belədirsə, məni tutub ekstradisiya eləyin. Yox, eləməsələr, Azərbaycan hakimiyyəti növbəti dəfə biabır olacaq».

+++

Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb. Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Bu barədə AzadlıqRadiosuna prokurorluqdakı mənbədən bildirilib.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, o cümlədən sosial şəbəkələrdə «Orduxan Teymurxan» adıyla tanınan O.Teymurxan haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: «Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb».

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsindəki mənbə də AzadlıqRadiosuna xəbəri təsdiqləyib.

Qanunda bloqqerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu bloqqerin də məsələyə münasibətini almağa çalışır.

Xatırlatma

O.Teymurxan sosial şəbəkələrdə, bloqlarında Azərbaycan hökumətini tənqid etdiyinə görə bu ölkədə yaşayan qohumlarının təqiblərə məruz qaldığını, həbs olunduğunu bildirib.

Bloqqerin dediyinə görə, 2017-ci ilin fevralından etibarən Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Bu ilin fevralında isə bacısı oğlu Tural Əliyev saxlanmışdı. Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi olan T.Əliyevə iki ay inzibati həbs cəzası verilmişdi. O.Teymurxan bacısı oğlunun da ona görə həbs edildiyini bildirirdi.

XS
SM
MD
LG