“Yeni Müsavat” qəzeti manatın məzənnəsi ilə bağlı maliyyə nazirinin dediklərinə yenidən qayıdır: “Samir Şərifov: “Manatın kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə, ixraca mənfi təsir göstərir”.
Maliyyə naziri Samir Şərifovun bu günlərdə manatın mökəmlənməsinin iqtisadiyyata təsirləri barədə danışıb:
“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq”.
Qəzet nazirin dediklərini Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadçı Qubad İbadoğlu ilə araşdırıb. İqtisadçı nazirin bəyanatını təsadüfi saymır:
“Birincisi, qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir”.
Sadə bir hesablama aparan ekspert deyir ki, 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transferti nəzərdə tutulur, bu quruma vəsaitlərsə dollarla daxil olur:
“Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, fonddan transfert 6 milyard 685 milyon dolların (11.364 milyon manat/1.7 manat) ekvivalentində olacaq. Məzənnə 1.7 manat deyil, gələn il orta hesabla, 1.8 manata qədər ucuzlaşarsa, onda Fonddan büdcəyə transfert 6 milyard 313 milyon dollar, 1.9 manata qədər ucuzlaşarsa, 5 milyard 981 milyon dollar, 2 manata qədər ucuzlaşarsa 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir”.
Ekspert daha sonra deyir ki, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır:
“Bir sözlə, maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir”.
Q.İbadoğlu xatırladır ki, ilin sonunda valyutaya tələbat artır, bu baxımdan,
Dövlət Neft Fondu-nun ötən ay valyuta satışları ilə bağlı açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər.
“Sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir”
“Azərbaycan” qəzeti yazır: “İlham Əliyevin iqtisadi siyasəti şəffaf biznes mühiti formalaşdırıb”
Qəzet müstəqillik dövründə Azərbaycanda sahibkarlar sinfinin formalaşmasını iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri adlandırır.
“Ən əsası, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan və bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir”, - məqalədə deyilir.
Yazıda vurğulanır ki, Azərbaycanda ÜDM istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir.
Məqalədə deyilir ki, prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafında, güzəştli kreditlərin ayrılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Qeyd edilir ki, bu tədbilərin nəticəsi olaraq 2003-2017-ci illərdə ölkədə qeyri-neft məhsullarının ixracı 4,1, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artıb, sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə çoxalıb.
Qəzet yazır ki, sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində son 15 ildə sahibkarlıq subyektlərinin sayının artması, iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin “dönməz xarakter” almasının təsdiqidir.
“Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir, sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini vermişdir”, - “Azərbaycan” belə yazır.
Bir məktəb psixoloqu, 3000 şagird
“Moderator.az” məktəbdəki psixoloq probleminə toxunur: “Tək bir psixoloq 3000 nəfərlik məktəbin öhdəsindən gələ bilməz, təklif edərdim ki..."
Psixoloq-pedaqoq Zeynəb Əyyubova sayta açıqlamasında deyir ki, məktəb psixoloqları istənilən səviyyədə işləyə bilmirlər:
“Az olsa da öz üzərində işləyən psixoloqlarımız var. Ancaq məktəbdə işləyə bilən və bu işi tam bacaran mütəxəssis çox azdır. 2500-3000 nəfərlik şagirdi olan bəzi dövlət məktəblərində uşaqlarla ara-sıra məşğul olan psixoloqlara rast gəlinir. Onlar da çox vaxt sinfə girərək “salam, necəsiniz” kimi bəsit suallarla şagirdlərə yanaşır. İndividual yanaşmaları aşağı səviyyədə olur”.
Z.Əyyubova deyir ki, indiki halda məktəb psixoloqlarının işi problemli, boşanmış ailələrin övladı olan və ya sinfə yeni gələn şagirdlə tanış olmaqdan ibarətdir.
O bunu bir tərəfdən psixoloqun qeyri-peşəkarlığı, o biri tərəfdən 3000 nəfərlik bir məktəbdə tək bir psixoloqun işin öhdəsindən gələ bilməməsi ilə bağlayır:
“Psixologiya insan ruhu haqqında elm olduğu üçün indvidualizmi sevir. Fərdi yanaşma olmalıdır, 24-35 nəfərlik sinfə girən psixoloq indvidual yanaşa bilməz”.
Bu sahənin inkişaf edə bilməməsinin daha bir səbəbi kimi Z.Əyyubova məktəb psixoloqlarının maaşlarının azlığını və bu səbəbdən yeni psixoloji təlimlərə gedə bilməmələrini göstərir.
O hesab edir ki, məktəb psixoloqları direktorları ilə birgə ilk növbədə psixologiya mərkəzləri ilə rabitəyə keçməli, seminarlar təşkil etməli, təbliğat işləri aparmalıdır, məktəbliyə indvidual yanaşma məsələsini köklü şəkildə həll etməlidirlər.
Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib. Layihə Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.