Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Rusiya Kerç boğazında piratlığın bədəlini ‘ödəməlidi’ – Qərb mediası


Kerç boğazı, 5 dekabr, 2018-ci il
Kerç boğazı, 5 dekabr, 2018-ci il

Noyabrın 25-də Rusiya Ukraynanın Azov dənizindəki gəmilərinə atəş açıb, üç gəmisini, 20-dən çox dənizçisini saxlayıb. “The Hill” portalında Stephen Blank və Debra Cagan avropalı və amerikalıların bu kiçik su məkanında baş verənlərə diqqət ayırmalı olduğunu yazırlar. Qara dənizi Azov dənizilə birləşdirən Kerç boğazı Ukraynanın Krım yarımadasını Rusiyadan ayırır.

Rusiya bu yarımadanı 2014-cü ildə ilhaq edib, ancaq bu addımı Qərb tanımayıb. Müəlliflər yazırlar ki, Rusiyanın son hərəkətləri, Ukraynaya Mariupol kimi limanlara çıxışa imkan verməməsi təkcə Ukrayna xalqına deyil, dənizlərdə hərəkət azadlığına əməl edən istənilən ölkənin maraqlarına toxunur.

Moskva Pekin və Tehran kimi hərəkət edir, beynəlxalq düzənin bütün prinsiplərinə qəsdən zərbə vurur. Bu halda Rusiya Çinin Cənubi Çin dənizində, İranın Fars və Oman Körfəzlərində davrandığı kimi hərəkət edərək naviqasiya azadlığının hücum altında olduğunu göstərdi. Siyasətçilər anlamalıdırlar ki, dünyanın bir yerindəki hərəkətimiz, yaxud hərəkətsizliyimiz dünyanın başqa yerlərində siyasətimizə təsirini göstərir. Çin bizim Rusiyanın təcavüzünə necə reaksiya verdiyimizi izləyir. Rusiya bizim Çinin təcavüzünə necə yanaşdığımıza göz qoyur. İran və Şimali Koreya isə durumdan faydalanmağa çalışır.

Rusiyaya Kerç boğazında keçid vermək Putinə harada üzüb-üzmədiyinə veto qoymaq hüququ verməyə bərabərdir. Gəmiləri ələ keçirmək, dənizçiləri oğurlamaq 21-ci yox, 18-ci əsrə xas hərəkətlərdir, bu, sadəcə olaraq piratlıqdır”, – müəlliflər yazırlar.

Britaniyada siyasətçiləri daha bir Brexit referendumuna nə deyirlər?

Britaniya Avropa Birliyindən çıxmağa dair ikinci səsvermə keçirə bilərmi? “Reuters” agentliyi yazır ki, bir neçə ay öncə belə bir ideya inandırıcı görünmürdü, ancaq indi geniş müzakirə olunmaqdadır.

Londonda Brexit-ə etiraz aksiyası
Londonda Brexit-ə etiraz aksiyası

Ötən həftə Baş nazir Theresa May etimad səsverməsindən canını qurtardı, ancaq bu heç də onun Brexit razılaşmasını parlamentdən asanlıqla keçirəcəyi anlamına gəlmir.

Agentlik ölkənin əsas siyasətçilərinin mümkün ikinci səsvermə barədə fikirlərini toplayıb.

Baş nazir Theresa May:

Gəlin daha bir referendum təşkil etməyə çalışmaqla Britaniya xalqının inamını qırmayaq. Daha bir səsvermə siyasətimizin bütövlüyünü zədələyər, çünki bu, demokratiyaya inanan milyonlarla adama demokratiyamızın işləməməsi mesajını verər”.

Müxalifətdə olan Leyboristlər Partiyasının lideri Jeremy Corbyn:

Bu, gələcəyin seçimdir, bu günün deyil. Çünki sabah referendum keçirsəniz, sual nə olacaq?

Keçmiş baş nazir Tony Blair:

Bir neçə ay öncə mümkünsüz görünən bu gün, deyərdim ki, 50 faiz mümkün görünür. Yenidən xalqa müraciət edəcəyik. Sonucda bu, baş nazir üçün də məntiqli olacaq, tamamilə qanuni şəkildə deyə bilər ki, ‘əlimdən gələni elədim, parlament sazişi qəbul etmədi’”.

Twitter-də qaradərili qadınlara nə yazırlar

Amnesty InternationalElement AI təşkilatları internetdə qadınlara qarşı sui-istifadə hallarına dair indiyədək ən böyük araşdırmanı hazırlayıb.

İllüstrativ foto
İllüstrativ foto

Amnesty International-ın təhlil etdiyi hər 10 tvitdən birində qaradərili qadın siyasətçilərə və jurnalistlərə almaldıcı və problemli münasibəti üzə çıxarıb.

“Troll Patrol” adlı layihəyə 150 ölkədən 6500-dən çox könüllü qatılıb. Onlar 2017-ci ildə Britaniya və Birləşmiş Ştatlarda 778 qadın siyasətçiyə və jurnalistə göndərilən 228 min tviti saf-çürük ediblər. Element AI hesablayıb ki, ilboyu qadınlara 1,1 milyon alçaldıcı, yaxud problemli tvit göndərilib, bu, ortalama hər 30 saniyədə bir tvit deməkdir.

Siyasi spektrdə qadınların hədəfə alındığını üzə çıxardıq, amma ən çox qaradərili qadınlar belə münasibətlə üzləşir. Twitter-n bu problem yoluna qoymaması onsuz da sıxışdırılmış səslərin daha da susdurulmasına xidmət edir”, – Amnesty International-dan Milena Marin deyib.

Araşdırma üzə çıxarıb ki, qaradərili qadınlar ağdərililərə nisbətən 84% artıq hədəfə alınır, adları alçaldıcı, problemli tvitlərdə çəkilir.

Ümumilikdə isə, tədqiqatın əhatələdiyi qadınlara göndərilən tvitlərin 7,1 faizi problemli və alçaldıcı olub.

Amnesty International bildirir ki, dəfələrlə Twitter-i bu platformada alçaltmanın miqyası və xarakterinə dair məlumatları açıqlamasını xahiş edib, amma şirkət buna getməyib. Qurumun fikrincə, bu, platformanın miqyasını kiçildir, səmərəli həll yolları tapmağı çətinləşdirir.

XS
SM
MD
LG