Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:42

ABŞ Rusiya hərbi kəşfiyyatının agentlərinə qarşı yeni sanksiyalar elan edir


Aleksandr Petrov və Ruslan Boshirov (solda) kimi təqdim edilən agentlər
Aleksandr Petrov və Ruslan Boshirov (solda) kimi təqdim edilən agentlər

Birləşmiş Ştatlar onadək keçmiş və indiki Rusiya hərbi kəşfiyyat agentinin üzərinə yeni sanksiyalar elan edib. Onlardan ikisi bu ilin əvvəllərində İngiltərədə keçmiş Rusiya casusunun zəhərlənməsinə, daha biri isə Kremlə yaxın oliqarx Oleg Deripaskaya bağlı agentlərdir.

Dekabrın 19-da ABŞ Maliyyə Nazirliyi habelə bildirib ki, metallurgiya nəhəngi Rusal və onun daxil olduğu EN+ şirkətlər qrupu da daxil Deripaskaya bağlı üç şirkətin üzərindəki sanksiyaları qaldırır. Bu, Moskva və Vaşinqton arasında razılaşmaya uyğun olaraq Deripaska sözü gedən şirkətlərdəki payını tamamilə satdıqdan sonra baş verib.

Deripaska üzərinə bu ilin əvvəllərində sanksiya qoyulması qlobal alüminium bazarlarını lərzəyə gətirmişdi. Yalnız bundan sonra ABŞ qlobal təchizatı əngəlləməmək naminə bu sanksiyalara yenidən baxmaq qərarına gəlmişdi.

Prezident Vladimir Putinin yaxın çevrəsinə daxil Deripaskanın adı bu ilin əvvəllərində Vaşinqton tərəfindən dünya boyunca “ziyanlı fəaliyyətdə” günahlandırılan maqnatların qara siyashısına daxil edilmişdi.

ABŞ Maliyyə Nazirliyinin bəynatında deyilir ki, GRU kimi tanınan Rusiya hərbi kəşfiyyatının 15 üzvünə qarşı sanksiyalar “Rusiyanın beynəlxalq normalara davam edən etinasızlığına görə” irəli sürülür.

Bu siyahıdakıların əksəriyyətinə bundan əvvəl ABŞ-da cinayət işləri qaldırılmış və sanksiyalar elan edilmişdi.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib ki, “Birləşmiş Ştatlar Rusiyanın və onun əlaltılarının ziyanlı fəaliyyətinə qarşı, özünün beynəlxalq müttəfiqləri və partnyorları ilə birlikdə kollektiv hərəkətlərin həyata keçirilməsi üzərində işləyəcək”.

Siyahıya salınmış şəxslərdən 4-ü Haaqada yerləşən Kimyəvi Silahların Qadağanı təşlikilatının, habelə Kanadadakı Antidopinq Agentliyinin kompüterlərinə haker müdaxiləsinə görə artıq ötən oktyabr ayında sanksiyalanmışdı.

Kimyəvi Silahların Qadağanı Təşkilatı keçmiş casus Skripal və onun qızının zəhərlənməsi ilə bağlı insidenti araşdırırdı. Antidopinq agentliyi isə 2014-cü il Soçi Olimpiadası zamanı Rusiya dövləti tərəfindən həyata keçirilən dopinq proqramını təhqiq edirdi.

Siyahıdakı yeddi nəfərə qarşı bundan əvvəl xüsusi prokuror Robert Mueller tərəfindən rəsmi ittihamlar irəli sürülüb. Onlar 2016-cı il ABŞ seçkisinə müdaxilədə iştirak etməkdə ittiham olunurlar.

Bu siyahıdakı daha iki nəfər - Aleksandr Petrov və Ruslan Boshirov kimi təqdim edilən agentlərdir. Britaniya bu iki nəfəri Skripalları zəhərləməkdə günahlandırır.

Onların istifadə etdikləri zəhərlə təmasda olmuş daha iki Britaniya vətəndaşından biri - Dawn Sturgess vəfat edib.

Bu zəhərlənmə aktı ilə bağlı onlarca Avropa İttifaqı üzvü, habelə ABŞ və Kanada Britaniya ilə həmrəylik nümunəsi kimi yüzədək Rusiya diplomatını ölkələrindən xaric etmişdi.

ABŞ-ın yeni sanksiyaları habelə Victor Boyarkin kimi təqdim olunan keçmiş Rusiya hərbi əks-kəşfiyyat zabitinə şamil edilib. Sanksiyalarla bağlı bəyanatda deyilir ki, bu zabit birbaşa Deripaskanın komandası altında olub və Deripaska ilə birlikdə Monteneqrodakı 2016-cı il seçkisinin ərəfəsində ordakı siyasi partiyalardanbirinin maliyyələşdirilməsində iştirak edib.

Bəyanatda həmin siyasi partiyanın adı çəkilmir.

Monteneqro rəsmiləri Rusiyanı 2016-cı ilin oktyabrında keçirilən seçkinin kampaniyasına müdaxilədə ittiham edirdilər. Bu seçki Monteneqronun NATO-ya daxil olması ərəfəsində keçirilirdi və Rusiyanın da müdaxiləsi bununla bağlı idi.

Prokurorlar bildirirdilər ki, Rusiya Monteneqroda parlament binasının zəbt olunmasıvə ovaxtkı baş nazir Milo Djukanovic-ə sui-qəsdlə həyata keçirilməli olan dövlət çevrilişi cəhdinin arxasında olub. İddialara görə Moskva Monteneqronun şimal alyansına daxil olmasına maneçilik törədəcək siyasi partiyanın hakimiyyətə gəlməsinə çalışırdı.

Dekabrın 19-da sanksiyalanmış şirkətlərin arasında Project Lakhta adlanan bir vahid adı da var. Bu təşkilat 2016-cı il ABŞ seçkisinə müdaxilədə iştirak etməkdə ittiham edilir.

XS
SM
MD
LG