Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:29

Rusiyada mədənçilərə görə matəmdir


Xilasedicilər hadisə yerində
Xilasedicilər hadisə yerində

Rusiyanın Perm diyarında və Solikamsk şəhərində yeddi fəhlənin ölümünə görə matəm elan olunub. Tikintidə çalışan fəhlələr Uralkali şirkətinə məxsus potaş mədənində yanğında həlak olublar. Onlar yerin 360 metr dərinliyində qalmışdılar.

Permin qubernatoru Maxim Reshetnikov dekabrın 24-də birgünlük matəm elan edib. Dövlət bayraqları endirilib, əyləncə tədbirləri, komediya şouları təxirə salınıb.

Yanğın dekabrın 22-də Solikamskdakı mədəndə 340 metr dərinlikdə baş verib.

Uralkali rəsmiləri fəhlələrin mədəndə profilaktika işləri aparan subpodratçının əməkdaşları olduğunu bildirib.

Permdə şaxta, arxiv fotosu
Permdə şaxta, arxiv fotosu

Fəhlələrin cəsədləri dekabrın 23-də aşkarlanıb. Xilasedicilər mədəndə yanğın, qatı tüstü şəraitində işləyiblər.

Ölənlərin beşi Perm diyarından, üçü Başqırdıstandan, biri Krasnodardandır.

Yanğın başlayan mədəndə 17 nəfər olub, səkkizi salamat çıxa bilib.

Rusiya Prezidenti Vladimir Putin region hakimiyyətini yanğının səbəblərini araşdırmağa çağırıb.

İndiyədək Rusiyada başqa mədənlərdə də fəlakətlər baş verib, adətən təhlükəsizlik standartlarının qorunmaması səbəb kimi göstərilib.

Sonuncu dəfə ötən ilin avqustunda Sibirin şərqində almaz mədənində daşqın zamanı səkkiz fəhlə itkin düşmüşdü. Həmin mədən Alrosa dövlət şirkətinə məxsus idi.

Alrosa fəhlələrin 210 mer dərinlikdə qaldığını bildirirdi. Hadisə zamanı 151 fəhlə xilas edilmişdi.

XS
SM
MD
LG