Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 12:21

Ötən ilin ‘luzerlər’i – Qərb mediası


Rusiyada internetin müdafiəsi üçün keçirilən yürüşdə liberal müxalifət lideri Alexei Navalny şəkil çəkdirir
Rusiyada internetin müdafiəsi üçün keçirilən yürüşdə liberal müxalifət lideri Alexei Navalny şəkil çəkdirir

“Wall Street Journal” qəzetində Walter Russell Mead artıq geridə qoyduğumuz 2018-ci ilin ən çox itirmiş, yəni “luzer”ə çevrilmiş dövlətlərinin, fərdlərinin, qurumlarının siyahısını hazırlayıb.

Müəllif ötən ilin “luzerləri” sırasında ilkin olaraq Çinin Kəmər və Yol Təşəbbüsünü göstərir.

2018-də Pekin beynəlxalq sistem qurmağın necə çətin olduğunu öyrəndi. Bu təşəbbüs təkcə nəhəng infrastruktur layihəsi deyil, Çinin iqtisadi gücünü geosiyasi qüdrətə çevirmək cəhdidir”, – müəllif yazır.

Ötən ilin luzer ölkəsi kimi Britaniyanın adı çəkilir. Bu ölkə Avropa Birliyindən çıxmaqla bağlı hamının qəbul edəcəyi sazişi əldə edə bilmədi. İlin sonunda Brekzitin taleyi 12 at öncəki kimi qaranlıq qalır. Mümkün variantların heç birinə parlament çoxluğu səs verənə oxşamır. Bu variantlara AB-nin təklifini qəbul etmək, qurumdan sazişsiz çıxmaq, ikinci referendum keçirmək, yaxud getmək fikrindən vaz keçib AB-də qalmaq daxildir. Müəllifin fikrincə, 2019-cu ilin əvvəlində Britaniyanın nüfuzu və qüdrəti indiyədək görünməmiş həddə azalıb.

Bu il nüfuzu sarsılanlar sırasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman da var. O, ötən il postunu qoruyub saxlasa da, 2018 onun özü və ölkəsi üçün bir kabusa çevrildi. Rejimin tənqidçisi Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qəddarlıq öldürülməsi Səudiyyənin rəqibi olan Türkiyənin Prezidenti Recep Tayyip Erdogan-a mesaj ola bilərdi, müəllif qeyd edir. Ancaq bu insidentdən sonra türklər Səudiyyə hakimiyyətinin yuxarı eşelonlarının qətldə əli olmasına dair dalbadal ifşaedici açıqlamalar verdilər. Səudiyyənin nüfuzuna Yəməndəki müharibə də zərbə vurmaqdadır.

Mohammed bin Salman (sağda) jurnalistin oğlu Salah bin Jamal Khashoggi (solda) ilə görüşür
Mohammed bin Salman (sağda) jurnalistin oğlu Salah bin Jamal Khashoggi (solda) ilə görüşür

Məqalədə ilin “luzer”ləri sırasında Fransada sarıjiletlilərin etirazlarından dolayı Prezident Emmanuel Macron-un da adı çəkilir. Ancaq ən çox beynəlxalq liberal düzənin itirdiyi vurğulanır. ABŞ və yaxın müttəfiqləri Soyuq Müharibə dövründən bəri qurulmuş sistemin qlobal siyasəti formalaşdıracağına ümid edirdilər. İdeya bu idi ki, liberal demokratiya, bazar əsaslı iqtisadi sistemlər, hüququn aliliyi Qərbdən postkommunist Şərqinə, həmçinin Qlobal Cənuba yayılacaq. Beynəlxalq qurumlar tədricən dövlətlərin anarxik rəqabətini əvəzləyəcək.

Ancaq Rusiya və Çin kimi böyük dövlət heç vaxt bu yanaşmanı bəyənmədilər, bunun Birləşmiş Ştatların hegemonluğunu pərdələdiyini düşündülər, qeyri-liberal siyasi sistemlərə təhdid kimi gördülər. İllər boyu liberal dünya düzəninə qarşı çox yellər əsdi, ancaq 2018 ona daha güclü stress yaratdı.

İrlandiya pasportu almaq istəyən britaniyalıların sayı artır

İrlandiya pasportu almaq üçün müraciət edən britaniyalıların sayı rekord səviyyəyə yüksəlib. Hər beş müraciətdən biri Britaniyadan gəlir. Bu haqda “The Guardian” qəzeti yazır.

Britaniyanın Baş naziri Theresa May
Britaniyanın Baş naziri Theresa May

Ötən il Britaniyadan 200 minədək adam İrlandiya vətəndaşı olmaq üçün müraciət edib. Bunu Dublinin xarici işlər departamenti dünən – dekabrın 31-də açıqlayıb.

Müraciətlərin 84 min 855-i Şimali İrlandiyadan, 98 min 544-ü isə Böyük Britaniyadan gəlib.

Bu, 2017-ci illə müqayisədə uyğun olaraq 2 və 22 faizlik artım deməkdir. Ümumilikdə isə Britaniya AB-dən çıxmağa səs verəndən sonra müraciətlərin iki dəfə artdığı qeyd olunur.

Ötən ilin əvvəlində İrlandiya hökuməti müraciətləri yoluna qoymaqdan ötrü pasport idarəsindəki işçilərin sayını artırıb.

Həm ilk dəfə, həm də yenidən olunan müraciətlər birlikdə 822 min ərizə deməkdir.

Dünyada İrlandiya vətəndaşının ailəsində doğulanlar İrlandiya pasportu ala bilərlər, nənə-babası İrlandiyada anadan olanlar da bu təsnifata uyğun gəlirlər. İrlandiyada yaşayan britaniyalılar da rezident qaydalarına uyğun gələ bilərlər.

Bosniyada serblərin etirazları davam edir

Bosniyada bir tələbənin ölümünə görə etirazlar davam edir. Bazar günü – dekabrın 30-da xüsusi polis qüvvələri ölkənin serb daxili işlər naziri Dragan Lukac-ın istefasını tələb edən etirazçıları dağıdıb, bir neçə nəfəri saxlayıb.

Suzana Radanovic
Suzana Radanovic

Etirazçılar naziri və polis rəsmilərini 21 yaşlı David Dragicevic-in ölümüylə bağlı həqiqəti gizlətməkdə suçlayır. Dragicevic martda itkin düşəndən meyiti altı gün sonra Banja Luka şəhərində tapılıb. O vaxtdan atası Davor Dragicevic hər gün şəhər meydanında etirazlar təşkil edir, həqiqəti tələb edir. Artıq onun bu tələbi böyük bir vətəndaş hərəkatına çevrilib, etirazçılar korrupsiyadan cana gəldiklərini, ölkədə hüququn aliliyinin zəif təmin olunduğunu deyirlər. Ötən həftə Xorvatiya və Serbiyada da kiçik həmrəylik etirazları keçirilib.

Polis ilk öncə David Dragicevic-in intihar etdiyini, daha sonra öldürülməsi ehtimalını səsləndirib. Ancaq indiyədək təhqiqatçılar qətllə bağlı elə bir dəlil ortaya qoya bilməyiblər.

“Reuters” agentliyi yazır ki, etirazçıların niyə bu işdə polisdən şübhələndiyi bəlli deyil, polislər tələbəni tanıyırdılarmı, bu da aydın deyil. Ancaq onlar doqquz ay ərzində istintaqın gedişində bir dəyişiklik olmamasını şübhələrinə əsas gətirirlər.

“Əgər oğlumu adi bir adam öldürsəydi, çoxdan saxlanardı. Amma kimdisə çox səlahiyyətli birisi olmalıdır”, – Davidin anası Suzana Radanovic deyib.

XS
SM
MD
LG