Ölkədə yeni aqroparkların yaradılması, aqrar sahədə 2019-cu ilə qalan problemlər, beyin axını və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Tələbələrə ötən əsrin 80-90-cı illərinin dərslərini keçirik»
Moderator.az saytında «Başımız siyasətə və intriqalara qarışdı, indi ayıldıq ki, istedadlılar ölkəni tərk edib» sərlövhəli yazı oxumaq olar.
Sayt fəlsəfə elmləri doktoru Etibar Əliyevin ölkədə təhsil sisteminin vəziyyəti barədə düşüncələrinə yer verib.
Müəllif orta və yaşlı nəsli indiki uşaqlar, gənclər qarşısında günahlar bilir: «Baxıram digər xalqlara, elm sahələri üzrə nə qədər ədəbiyyatlar tərcümə ediblər, kitablar yazıblar. Bizim başımız siyasətə və intriqalara qarışdı. Baxıram, uşaqlar üçün riyaziyyatdan, fizikadan, kimyadan, biologiyadan, informatikadan olimpiadalara hazırlıq üçün vəsaitlər yox səviyyəsindədir».
O iddia edir ki, məktəbliləri lazımı səviyyədə beynəlxalq fənn olimpiadalarına hazırlayan müəllimlər də yoxdur: «İstedadlılar ölkəni tərk ediblər. Ali məktəblərdə təbiət və texniki elmlərdən yazılan, tərcümə edilən yeni ədəbiyyatlar yox səviyyəsindədir».
E.Əliyev hesab edir ki, plagiatlıq Azərbaycan elmini «çeynəyib». Onun fikrincə, belə olan halda çıxış yolu tərcüməyə qalır.
Azərbaycanda təhsil orqanlarına rəhbərlik edən şəxslərə gözlərini açıb dünya universitetlərinin nəşrlərinə baxmağı tövsiyə edən müəllif yazıb ki, xaricilər hansısa görkəmli əsərin çapında yubanmırlar, dərhal tərcümə edib tələbə və şagirdlərin ixtiyarına verirlər: «Tələbələrə ötən əsrin 80-90-cı illərinin dərslərini keçirik. Təbiət və texniki elmlərdə kitab təqdimatına rast gəlmək mümkün deyil. Ya siyasi ədəbiyyatın, ya da bədii ədəbiyyatın təqdimatlarına rast gəlirik».
Aqrar sahədə 2019-cu ilə qalan problemlər...
Musavat.com saytında «Aqrar sektorun asanlaşmasının ilk ili-gözləntilər, reallıqlar» sərlövhəli yazı yer alır.
Müəllif aqrar sahədəki vəziyyəti ekspert Nicat Nəsirli ilə müzakirə edib.
Yazıda iddia edilir ki, 2018-ci ildə aqrar sahənin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində rəhbərlik səviyyəsində dəyişikliklər baş verib. Müəllifə görə, istehsalın planlaşdırma olmadan genişləndirilməsi ənənəsi, dövlətin ayırdığı vəsaitlərin aqrar istehsalçılara yetərincə çatmaması və ən əsası isə, elmi yanaşmanın olmaması bu sahənin əsas problemlərindəndir.
Yazıda habelə vurğulanır ki, bu sistemdə institusional islahatlar kimi bir sıra yeni qurumlar yaradılıb.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert N.Nəsirli sayta deyib ki, aqrar siyasət xidmətyönümlü sahəyə çevrilmək, məşğulluq səviyyəsini yüksəltmək, təsərrüfatlarda dəyər zəncirinin yaradılması kimi hədəfləri həyata keçirə bilməyib. Onun fikrincə, bəzi institusional islahatlar aparılması hələ bu sahənin problemlərdən xilası demək deyil: «İlk növbədə, Azərbaycanda kənd təsərrüfatı istehsalı hələ də gəlirli deyil. Bu sahənin xərcləri kifayət qədər çoxdur. Elə sahələr var ki, istehsalçılar ili zərərlə başa vururlar. İstehsalın bütün mərhələləri mexanikləşdirilməyib, təsərrüfatlarda əl əməyi var, əkin altında olan torpaqların meliorativ vəziyyəti ağırdır, elmi informasiya təminatı çox zəifdir».
Ekspertə görə, idxal olunan baytarlıq dərmanları, bitkiçilik preparatlarının keyfiyyəti çox aşağıdır və bir sıra problemlərin həlli 2019-cu ilə qalıb. N.Nəsirli həmçinin deyib ki, kooperasiyalaşmanın sürətləndirilməsindən ötrü aqrar sığorta sisteminin formalaşdırılması da 2019-cu ilin problemləri sırasındadır.
Ekspertə görə, 2018-ci il üzrə qarşıya qoyulan daxili tələbatın tam təmin edilməsi və ixracın genişləndirilməsi kimi hədəflərə də tam çatılmayıb: «2018-ci ildə bu hədəflərə tam çatdığımızı demək çətindir. Rəsmi rəqəmlərə əsaslansaq, bitkiçilik məhsullarında özünütəminetmə səviyyəsi 100 faiz həddində olsa da, heyvandarlıq məhsulları baxımından 70 faizdən yuxarı qalxa bilmirik».
Yeni aqropark
«Azərbaycan» qəzetində dərc olunan «Ağsuda 1000 hektar ərazidə yeni aqropark salınır» sərlövhəli yazıda aqrar sahədə görülün işlərdən bəhs edilir.
Müəllif yazıb ki, yeni aqropark Ağsu rayonunun Ərəbsarvan bələdiyyəsi ərazisində salınır. Aqroparkın ərazisinin 500 hektarında pilot suvarma sistemi qurulub, hündürlüyü 4.5 metr olan bu qurğu yüksək həcmdə suvermə qabiliyyətinə malikdir: «Pilot qurğu ilə suvarılan torpaqlarda əkiləcək qarğıdalı, arpa, yonca kimi yem bitkilərindən yüksək məhsul götürmək mümkün olacaq. Aqroparkda 1000 başlıq südlük cins inək bəslənilməsi üçün 6 ədəd hər cür şəraiti olacaq tövlə tikilir. Burada il ərzində 4 milyon litr süd istehsalı nəzərdə tutulur. Habelə, yarıaçıq 4 ədəd tövlə də inşa olunur».
Müəllifin qeyd etməsinə görə, bu tövlələr kökəltmə istiqamətli 1000 baş cins heyvanın bəslənilməsi, ildə 600 ton ət istehsalı məqsədilə inşa edilir. Aqroparkın ərazisində iribuynuzlu mal-qaranın şirəli yemlə qidalandırılmasından ötrü hər biri 1500 tonluq 6, hər biri 150 tonluq 10 silos quyusu tikilir.
Müəllif burada istehsal gücü saatda 10 ton olan yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki də inşa olunduğunu bildirir. Bütün bunlardan başqa, ərazidə işçilərdən ötrü ikimərtəbəli ofis və yeməkxana binası da tikilməlidir.
«Aqroparkın gələn ilin may-iyun aylarında tam istifadəyə verilməsi nəzərdə tutulub», - deyə müəllif qeyd edir.