Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:31

Jurnalist Anar Məmmədov: ‘Peşəmə sadiqliyimə görə məhkəmə qarşısındayam’


Anar Məmmədov
Anar Məmmədov

"Peşəmə sadiq qalmağım, obyektivlikdən kənara çıxmadığıma görə bu gün məhkəmə qarşısında dayanmışam", – "Criminal.az" saytının təsisçisi və baş redaktoru Anar Məmmədov məhkəmədə ifadə verərkən belə deyib.

Anar Məmmədov Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra rəhbərlik etdiyi saytda bu mövzuda yayımlanan iki məqaləyə görə cinayət məsuliyyətinə cəlb olunub.

CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Jurnalist yanvarın 11-də məhkəmədə ifadə verib, özünü təqsirli bilmədiyiniv deyib. O bildirib ki, ölkənin ikinci böyük şəhərində baş verən, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən hadisə barədə yazılara görə jurnalisti həbs təhlükəsilə üz-üzə qoymaq söz və ifadə azadlığına basqıdır, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasının 10-cu maddəsinə, dövlət olaraq, üzərinə götürdüyü öhdəliklərə ziddir.

Anar Məmmədov bildirib ki, jurnalist kimi fəaliyyətində peşəkarlığı və obyektivliyi üstün tutduğuna görə bundan öncə də deputatlar da daxil, müxtəlif şəxslərin təqib və təzyiqlərinə məruz qalıb, haqqında qanunsuz və əsassız məhkəmə qərarları çıxarılıb.

"Son Gəncə olaylarıyla bağlı məqalələrin birində Elmar Vəliyevin güllələnməsinin hökumətin məmur özbaşınalıqları barədə şikayətlərə laqeydliyinin nəticəsi olduğunu yazmışam. Buna görə mənə dövlət əleyhinə çağırış ittihamı verilib. Cinayət işində bəhs olunan ikinci məqalə ilə "Turan" informasiya agentliyinin hazırlayıb yaydığı materialdır. Mən də "Turan"a istinadən həmin məqaləni yaymışam. KİV haqqında qanuna görə, mən istinadla yaydığım, təkzib olunmayan yazıya görə məsuliyyət daşımıram", – jurnalist ifadəsində bildirib.

Digər məqalədə Elmar Vəliyevin Gəncədə bütün dövlət orqanlarını özünə tabe etdirməsindən, insanlarla söyüşlə danışması, Qarabağ müharibəsində həlak olan əsgər anasına qarşı kobudluğu və buna görə Gəncənin mərhum polis rəisi Rasim Musayevlə aralarındakı qalmaqaldan söhbət gedir.

Anar Məmmədov deyir ki, bütün bunlar barədə əvvəllər başqa media orqanlarında da yazılar gedib. R.Musayevlə qalmaqaldan isə mərhum polis rəisinin köməkçisi olmuş Gülnar Muradova özü də "criminal.az" saytına müsahibəsində danışıb. Jurnalist sözügedən səs yazısının diskini ifadəsinə əlavə olaraq, məhkəməyə təqdim etmək istəsə də, hakimlər qəbul etməyib.

Anar Məmmədovun işində ana-bala olan iki qadının onun rəhbərlik etdiyi saytdakı məqalələri oxuyub təşviş keçirdiyi iddia olunur. Həmin qadınlardan biri Gülnar Muradovadır.

Məhkəmə yanvarın 22-də davam edəcək.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Anar Məmmədov ittihamları rədd edir və bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

XS
SM
MD
LG