«Nəsimi ili», Məmməd Əmin Rəsulzadənin barelyefinin oğurlanması, əmanətlərin sığortalanması müddətinin başa çatması və başqa məsələlər medianın aparıcı mövzularındandır...
İqtisadçıdan əmanətçilərə tövsiyə
«Yeni Müsavat» qəzetində «Əmanətlərin tam sığortalanma müddəti başa çatır» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, ölkə banklarında əmanətlərin tam sığortalanması ilə bağlı 2016-cı ildən qüvvədə olan 3 illik müddət martın 4-də başa çatır. Vurğulandığına görə, əmanətlərin sığortalanması müddəti uzadılmayacağı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq bu məbləğdən çox olan hissəni itirəcəklər.
Yazıda habelə bildirildiyinə görə, hüquqşünas Əkrəm Həsənov deyib ki, qalan iki aya yaxın vaxt ərzində hökumətin hər hansı qərarı olmadığı halda bu, əmanətlərin tam sığortalanmasının ləğvi anlamına gəlir. Ekspert qeyd edib ki, milli valyutada illik faizi 15, xarici valyutada isə 3-dən yuxarı olmayan əmanətlər martın 4-nə kimi tam sığortalıdır.
Bəs martın 4-dən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?
Ekspert deyib ki, «Əmanətlərin tam sığortalanması haqqında» Qanununa əsasən, həmin tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtiylə kompensasiya ediləcək: «Tutaq ki, vətəndaş 2018-ci ilin 30 mart tarixində banka 1 il müddətinə illik 15 faizlə 100000 manat əmanət qoyub. Qüvvədə olan qaydaya görə, əmanət tam sığortalıdır. Yəni, bank 4 mart 2019-cu il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya veriləcək».
İqtisadçı Vüqar Bayramov da hesab edir ki, həmin müddətin uzadılması daha məqsədəuyğundur. O, bu məsələdə riski aradan qaldırmaqdan ötrü vətəndaşlara vəsaiti bir neçə hissədə fərqli banklarda əmanət kimi yerləşdirməyi təklif edir.
«Rəsulzadənin barelyefinin oğurlanmasına etiraz»
Modern.az saytında «Bu məsələ belə qalmamalıdır» sərlövhəli yazı yer alır.
Müəllif 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində doğulduğu evinin divarına vurulmuş mis barelyefin oğurlanmasını gündəmə daşıyır.
Yazıda qeyd edilib ki, Novxanı sakinləri hadisənin yanvarın 15-nə keçən gecə baş verdiyini bildiriblər. M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə hadisədən xəbərsiz olduğunu deyib: «Mənim bununla bağlı heç bir məlumatım yoxdur, hər halda mütləq araşdırmaq lazımdır. Üstəlik, Rəsulzadənin (1984-cü il yanvarın 31-də doğulub. 1955-ci il martın 6-da vəfat edib) anadan olmasının 135-ci ilinə az qalmış belə hadisənin baş verməsi təəccüblüdür...».
Yazıda qeyd edildiyinə görə, Cümhuriyyət tarixinin araşdırmaçısı Nəsiman Yaqublunun da fikrincə, «Cümhuriyyət ili»nin yenicə yekunlaşdığı bir vaxtda bu, çox mənfi haldır: «Düşünürəm ki, hakimiyyət orqanları bununla ciddi məşğul olmalıdır. Novxanı ərazisinə cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Bu əməli hər kim törədibsə, aşkarlanmalı, məsuliyyətə cəlb edilməlidir. Mən özüm də mütləq bunu araşdırıb, məlumat əldə etməyə çalışacağam. Bu məsələ belə qalmamalıdır».
M.Ə.Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir ki, uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyef həmin mülkünün divarına 1992-cü ildə vurulub.
«Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər», - deyə müəllif sonda da yazıb.
«Nəsimi ili»
«Azərbaycan» qəzetində «Cahana sığmayan Azərbaycan şairi» sərlövhəli yazı dərc edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin bu yazısı şair İmadəddin Nəsimiyə həsr edilib. Bu günlər prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda «Nəsimi ili» elan edilib. 2019-cu ildə Nəsiminin 650 illik yubileyinin tamam olduğu vurğulanır: «İmadəddin Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır».
Müəllif yazıb ki, İmadəddin Nəsimi dünya ədəbiyyatında sarsılmaz iradəsi ilə şəxsiyyətin bütövlüyünün, əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir.
Yazıda habelə bildirilir ki, Azərbaycanda İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində böyük işlər görülüb: «İlk dəfə tanınmış Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz görkəmli sənətkarın irsini toplayaraq kitab halında nəşr etdirmişdir. Sonrakı illərdə şairin zəngin irsi daha geniş səviyyədə toplanılmış, kütləvi tirajla nəşr edilərək xalqımıza çatdırılmışdır. Nəsimi şeirindən müəyyən seçmələr ingilis, rus, fransız, alman, Ukrayna və sair dillərə tərcümə edilib yayılmışdır...».
Yazıda daha sonra 1973-cü ildə İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirilməsindən bəhs edilir.