Ötən il milyarderlərin sərvəti 12 faiz, yaxud günə 2,5 milyard dollar artıb. Bəşəriyyətin ən yoxsul təbəqəsi sayılan 3,8 milyard nəfərin olan-olması isə 11 faiz azalıb. Bu haqda “Oxfam” xeyriyyə təşkilatı bu gün – yanvarın 21-də açıqladığı hesabatda söz açır. Hesabat İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun keçirildiyi bir dönəmdə işıq üzü görür.
“İctimai rifah yoxsa Şəxsi Sərvət” adlı hesabat zənginlərlə yoxsullar arasında artan uçurumun yoxsulluqla mübarizəyə, iqtisadiyyatlara necə ziyan vurduğunu, dünyada ictimai qəzəbi necə alovlandırdığını ortaya qoyur. Sənəd üzə çıxarır ki, hökumətlər bir tərəfdən ictimai xidmətlərə, səhiyyə və təhsilə az pul ayırmaqla, digər tərəfdən vergidən yayınmanı aradan qaldıra bilməməklə bərabərsizliyi gücləndirirlər.
İKİ GÜNDƏ BİR YENİ MİLYARDER
Artan iqtisadi bərabərsizlikdən qadınların və qızların daha çox əziyyət çəkdiyi vurğulanır.
Oxfam International-ın icraçı direktoru Winnie Byanyima deyib:
“Bank hesabınızın ölçüsü övladlarınızın neçə il təhsil almasını, sizin nə qədər yaşayacağınızı diktə etməməlidir – amma dünyanın bir çox ölkələrində reallıq budur. Korporasiyalar, super-zənginlər az vergi ödədiyi halda, milyonlarla qız normal təhsil ala bilmir, qadınlar hamiləlik zamanı yetərincə qayğı olmaması ucbatından dünyasını dəyişir”.
Hesabat maliyyə böhranından bəri milyarderlərin sayının iki dəfə artdığını üzə çıxarıb. 2017-2018-ci illər arası hər iki gündə bir yeni milyarder peyda olub. Bu arada varlı şəxslərin, korporasiyaların son on illər ərzində ən aşağı vergi ödədiyi bildirilir.
Qurum bildirir ki, ən zəngin bir faiz sərvətinə görə əlavə 0,5 faiz vergi ödəsəydi, əldə olunan pula təhsildən kənarda qalmış 262 milyon uşağı oxutmaq, 3,3 milyon nəfərin həyatını xilas edəcək tibbi xidmət göstərmək olardı.
2015-ci ildə qlobal miqyasda hər bir dollarlıq vergi gəlirinin cəmi dörd senti sərvətə – miras, yaxud mülkiyyətə görə vergidən əldə olunub. Ancaq bir çox zəngin ölkələrdə bu cür verginin azaldığı, yaxud ləğv olunduğu qeyd edilir.
QADINLARIN GÖRDÜYÜ 10 TRİLYON DOLLARLIQ İŞ
Varlı şəxslər və korporasiyalar üçün vergi dərəcələrinin də ciddi salındığı vurğulanır. Məsələn, 1970-ci ildə zəngin ölkələrdə şəxsi gəlir vergisinin yuxarı həddi 62 faiz idisə, 2013-cü ildə 38 faizə düşüb. Kasıb ölkələrdə orta səviyyə isə 28 faizdir.
Braziliya kimi ölkələrdə cəmiyyətin ən yoxsul 10 faizinin ən varlı 10 faizindən daha yüksək gəlir vergisi ödədiyi qeyd olunur.
Bu arada ictimai xidmətlərə xroniki olaraq az maliyyə ayrılır, yaxud onları maliyyələşməsi özəl şirkətlərin öhdəsinə buraxılır ki, onlar da yoxsulları əhatələmir. Bir çox ölkələrdə normal təhsil, keyfiyyətli tibbi xidmət yalnız zənginlərin əli çatan imtiyaza çevrilir. Hər gün 10 min adam yetərli tibbi xidmət görmədiyindən dünyasını dəyişir.
İnkişaf etməkdə olan ölkələrdə kasıb ailənin uşağının varlı ailəkinə nisbətən beş yaşına çatmadan ölmək ehtimalı iki dəfə artıqdır. Keniya kimi ölkələrdə zəngin ailənin övladı yoxsul ailəkinə baxanda təhsilə iki dəfə artıq vaxt ayırır.
Qadınların və qızların ictimai xidmətlərin zəifliyindən daha çox ziyan gördüyü vurğulanır. Ödəməyə pul yoxdursa, ilk növbədə qızlar məktəbdən çıxarılır. Qadınlar isə xəstə qohumlarına baxmalı olurlar. Oxfam hesablayıb ki, bütün dünyada qadınların ödənişsiz olaraq gördüyü bu işi bir şirkət yerinə yetirsəydi, ildə 10 trilyon dollarlıq dövriyyəsi olardı, yəni dünyanın ən böyük şirkəti sayılan Apple-dan 43 dəfə artıq.