Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 10:20

Hakimiyyət niyə geri çəkildi və çəkildimi?


Mehman Hüseynov qurtuldu, Əfqan Muxtarlı başladı?
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Mehman Hüseynov qurtuldu, Əfqan Muxtarlı başladı?

Necə oldu ki, president İlham Əliyev həbsdəki bloger Mehman Hüseynovun işini araşdırmaqla bağlı prokurorluğa göstəriş verdi və elə səhəri gün cinayət işinə xitam verildi?

Mehman Hüseynovla həmrəylik nümayiş etdirmək üçün aclığa başlamış, Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu deyir ki, İlham Əliyev güc qarşısında geri çəkildi. Onun fikrincə, bu, xalqın həmrəylik gücü idi və hakimiyyət belə müqaviməti gözləmirdi:

“İlham Əliyevin indi geri çəkilməsinin bircə səbəbi var. Çünki 19 yanvar mitinqi hakimiyyət üçün sərt sillə və ya soyuq duş oldu. Çünki hakimiyyət kifayət qədər önləyici tədbir görmüşdü, siyasi partiyaların fəallarını tutmuşdu, əks-təbliğat aparırdı, amma bu dəfə meydanda həqiqətən də xalq var idi, adətən mitinqlərin 90-95 faizi siyasi partiyaların üzvləri olurdu, amma bu dəfə meydan doldu, daşdı və hətta insanlar ora yerləşmədilər”.

Azərbaycan müxalifətinin 25 dekabr görüşü
Azərbaycan müxalifətinin 25 dekabr görüşü

Tofiq Yaqublu deyir ki, Milli Şura növbəti mitinqini yanvarın 26-a təyin etdiyi üçün hakimiyyət bundan qorxdu və geri çəkilməli oldu.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə aclıq edən məhbuslar olub, amma indiki halda, Mehman Hüseynovun aclığı, xalqın yığılıb qalmış narazılığı ilə üst-üstə düşdü.

Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, xalqın və beynəlxalq qurumların dəstəyi çox önəmli oldu və burda bloger Mehman Hüseynovun özünün də rolunu xüsusi qeyd etmək lazımdır.

“Bu mübarizənin simvolu Mehman Hüseynov oldu. O, bu işin böyük hissəsini özü gördü, əlindəki yeganə mübarizə vasitəsi ilə, canına əziyyət verməklə mübarizəyə başladı və cəmiyyət də onun müdafiəsinə qalxdı”.

Schennach: “İndi beynəlxalq ictimaiyyət hakimiyyətdən növbəti addımları gözləyir”

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach, Mehman Hüseynov barədə cinayət işinə xitam verilməsini uğur sayır və deyir ki, hakimiyyətə təzyiqlər xoşbəxt sonluqla nəticələndi.

Stefan Schennach
Stefan Schennach

Onun sözlərinə görə, budəfəki kampaniyanın özəlliyi onun koordinasiyalı olması idi.

“Bu koordinasiya müxtəlif səviyyələrdə idi. Avropa Parlamenti, ABŞ konqresmenləri, Avropa Şurası, hər səviyyədə bu prosesə qoşulmuşdu. Bundan başqa Davos forumu da başlayıb. Bütün bu amillər təsir elədi…Hazırda mən həmrəylik nümayiş etdirərək aclıq aksiyasına qoşulmuş siyasi məhbuslara görə narahatam. Əfqan Muxtarlı, İlkin Rüstəmzadədən narahatam. Sizə başqa adlar da sadalaya bilərəm. Biz bütün bu işlər üzrə işimizi davam etdirməliyik. Bu kampaniya bu səviyyədə davam edəcək, dayanmayacaq”.

Schennach deyir ki, indi beynəlxalq ictimaiyyət hakimiyyətdən növbəti addımları gözləyir, növbəti addım isə başqa siyasi məhbusların azadlığa çıxması ola bilər.

“Mehman Hüseynovu o vəziyyətə salmaqda” kimlər maraqlı olub?

Yeni Azərbaycan Partiyasının vəzifəlilərindən mövzu ilə bağlı şərh almaq mümkün olmayıb, onlar gün ərzində zənglərə cavab verməyiblər.

Amma hakimiyyətin siyasi kursunu müdafiə edən Deputat Aqil Abbas AzadlıqRadiosuna müsahibəsində deyir ki, indiyə qədər onlarla mitinq olub, bəyanatlar olub... Onun sözlərinə görə, cinayət işinə ona görə xitam verildi ki, prezident bunu istədi.

“Adi bir şeyi Avropa Parlamenti dərhal müzakirəyə çıxardı, “adə, qoyma gəldi”. Xarici nümayəndələr gəldi, görüşdü, dərhal Azərbaycana ultimativ sözlər-filan. Bax, bu bir az adama qəribə gəlir də. Nə oldu başqaları haqda olmadı, dərhal Mehmanla bağlı oldu? Və bir də, həmişə demişəm, qəzetimdə də yazmışam ki, Mehman Hüseynovu tutmaq lazım deyil. Mehman Hüseynovu o vəziyyətə salmaqda kimlərsə maraqlı olub, yəni münaqişə yaransın və bu da getsin Avropaya. Ajiotaj yaradılır. Bax, o adamları həbs etmək lazımdır”.

Mehman Hüseynov barədə cinayət işinə prezidentin müdaxiləsindən sonra xitam verilməsinə müxtəlif şərhlər verilir.

Ümumilikdə isə adətən Azərbaycan hakimiyyəti həm də tez-tez icra hakimiyyətinin hüquq-mühafizə orqanlarına və məhkəmə hakimiyyətinə təsir etməsi, xüsusilə də siyasi məzmunlu işlərdə onlara təzyiq göstərməsinə görə tənqid olunur.

XS
SM
MD
LG