2018-ci ildə İranda 7 mindən çox adam saxlanıb. Amnesty International hüquq-müdafiə təşkilatı ötən ili Tehranın “utanc ili” adlandırıb, “biabırçı repressiya kampaniyası” baş verdiyini deyib.
Amnesty hesabatında bildirir ki, 2018-ci ildə saxlananlar içində etirazçılar, tələbələr, jurnalistlər, ətraf mühit fəalları, fəhlələr, insan haqları müdafiəçiləri də olub.
Saxlananların 50 nəfəri media işçisidir, onların azı 20 nəfəri “ədalətsiz məhkəmələrdən sonra sərt həbs, yaxud şallaq cəzasına məhkum edilib”, hesabatda vurğulanır.
“2018-ci il İran üçün tarixə ‘utanc ili’ kimi düşəcək”, – Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə tədqiqatçısı Philip Luther deyib.
“İran hakimiyyəti söz, birləşmə, dinc toplaşma azadlığına təzyiqi artırmaqla narazılığın kiçicik əlamətini belə boğmağa çalışıb”, – o, sözlərinə əlavə edib.
Yanvarın 23-də İran məhkəməsi jurnalist Yashar Soltanini beş illik həbsə məhkum edib. IRNA dövlət xəbər agentliyinin məlumatına görə, məhkəmə Soltanini saxta xəbər yaymaqda, dövlət qurumlarını təhqir etməkdə təqsirli bilib. Soltani son illər İranın dövlət sektorunda korrupsiyanı araşdırırdı.
Hakimiyyət son illər bir sıra jurnalistləri və fəalları təhlükəsizlik ittihamlarıyla saxlayıb.
Yanvarın 22-də üç yazıçı – Reza Mahabadi, Keivan Bajan və Bektash Abtin zaminə buraxılmaq üçün pul ödəyə bilməyiblər, saxlanıblar. Onlar da dövlət təhlükəsizliyinə qarşı sui-qəsddə ittiham olunurlar.
Elə həmin gün başqa bir məhkəmə Reza Khandan və Farhad Mesami adlı fəalların hərəsinə altı il həbs cəzası kəsib. Dekabrda isə jurnalist Hamed Aynehvand altı il həbsə məhkum edilmişdi.