Makedoniyada xüsusi prokuror 2006-2007-ci illərdə ölkəni idarə etmiş sağ qanad VMRO-DPMNE partiyasının imzaladığı onlarla sənəddə nöqsanları üzə çıxarıb. Prokuror bu partiyanın çirkli pulyuma və pul qoparma sxemi çərçivəsində qanunsuz olaraq azı 4,6 milyon avro yığdığını aşkarlayıb. Partiyanın paytaxt Skopyedəki dəbdəbəli “Ağ saray” iqamətgahının tikintisi üçün qanunsuz ianələr qəbul etdiyi, ölkədə ümumi dəyəri 17,5 milyon avro olan azı 68 mülkiyyət əldə etdiyi iddia olunur.
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi olan OCCRP qeyd edir ki, bu iddialar partiya rəsmilərinə irəli sürülmüş ittihamlarda yer alıb. Onlardan biri – keçmiş baş nazir Nikola Gruevski noyabrda Macarıstana qaçıb. Partiya rəsmiləri çirkli pulyumada və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanırlar.
Əldə olunan mülkiyyət siyahısına torpaq sahələri, otlaqlar, yaşayış binaları, özəl evlər daxildir. Makedoniya qanunvericiliyi partiyanın belə mülkiyyətə sahiblənməsini yasaqlayır. Prokurorlar bu daşınmaz əmlakdan kimin istifadə etdiyini açıqlamayıb.
Ötən il oktyabrın 31-dən Skopye Cinayət Məhkəməsi xüsusi prokurorun xahişi əsasında 69 mülkiyyəti dondurub. Onların içində Ağ saray iqamətgahı da var.
Amerikalıların çoxu Trump-ın xarici siyasətinə qarşıdır
Amerikalıların əksəriyyəti Prezident Donald Trump-ın ABŞ xarici siyasətini necə idarə etməsindən narazıdır. Təxminən yarısı isə gələn il ölkənin qlobal mövqeyinin pisləşəcəyini düşünür. Bunu Associated Press – NORC İctimai Siyasət Araşdırmaları Mərkəzinin keçirdiyi yeni sorğu üzə çıxarıb.
Sorğu ictimaiyyətin prezidentin Suriyadan və ola bilsin, Əfqanıstandan ABŞ əsgərlərini çıxarmaq planlarıyla bağlı fərqli fikirlərini də ortaya qoyub.
Ümumilikdə rəyi soruşulanların 35 faizi prezidentin apardığı xarici siyasəti bəyənir, 63 faizi bəyənmir. Burada partiya mövqeyi də özünü göstərir. Respublikaçıların 76, demokratların isə cəmi 8 faizi prezidentin siyasətindən razıdır.
“Məncə, Rusiya yaxud Şimali Koreyayla istənilən vaxt dostlaşma pis bir işdir”, – Kolumbiyadan 30 yaşlı müəllim Samantha Flowers deyib.
“Onun qonşu ölkələr, özəlliklə Meksikayla münasibətini bəyənmirəm. Bunun ümumilikdə Amerika dəyərlərinə qarşı olduğunu düşünürəm. Axı, biz rəhmli, dostyana ölkə olmuşuq”, – o, sözlərinə əlavə edib.
Yuta ştatından 65 yaşlı yük maşını sürücüsü Richard Cleaveland isə bu fikirlərlə razı deyil, Trump-ı, onun xarici siyasətini ürəkdən dəstəkləyir.
“Məncə, Şimali Koreyayla bağlı yaxşı iş görür. İndiyədək istənilən başqasının gördüyündən yaxşı işləyib. Şimali Koreyayla bu qədər işləyən olmamışdı”, – o, Trump-ın ötən il Sinqapurda Şimali Koreya liderilə görüşünü yada salır.
Rəyi soruşulan amerikalıların 39 faizi Suriyadakı 2 min Amerika əsgərinin çıxarılmasını dəstəkləyir, 35 faizi bunu bəyənmir. Respublikaçıların 56, demokratların 26 faizi Trump-ın tərəfindədir.
Auschwitz-ə gedən yolda “Heil Hitler” nişanları satılır
Polşaya Holokostu anım səfəri çərçivəsində bir yazar ikinci əl mal bazarında nasist simvolikasının satıldığını aşkarlayıb. “The New York Times” qəzetində Alexandra S. Levine bunun qanun posuntusu olduğunu yazır.
Müəllif “Heil Hitler” nişanlarını Krakovun köhnə yəhudi məhəlləsi olan Plac Nowy-dəki (Yeni Meydan) açıq bazarda satıldığını görüb.
“Üç milyon yəhudinin, 3 milyonadək qeyri-yəhudi polşalının nasist işğalı zamanı qətlə yetirildiyi bir ölkədə nasist simvolikasının satılması narahatedicidir”, – yazan müəllif bu simvolların turistlərin sıx məkanlarında asanlıqla tapıldığını vurğulayır.
Nasist ideologiyasının təbliğini, Holokostu danmanı yasaqlayan qanunlar Polşa daxil, Avropanın onlarla ölkəsində mövcuddur. Nəzəri baxımdan, bu siyasətə uyğun olaraq, sözügedən suvenirlərin satışı da tənzimlənməlidir. Amma müəllifin söhbət etdiyi bir sıra hüquq ekspertləri və alimlər bunu xırda cinayət sayıblar.
2015-ci ildə Polşada sağ qanad Hüquq və Ədalət partiyası hakimiyyətə gələndən azlıqlara qarşı zorakılıq artıb. Bunu Stowarzyszenie Nigdy Wiecej (Bir Daha Heç Vaxt Assosiasiyası) qurumunun həmtəsisçisi Rafal Pankowski deyib. Onun sözlərinə görə, ötən fevralda ziddiyyətli Holokost qanunu qəbul olunandan antisemitizmdə gözəçarpan yüksəliş hiss olunur. Həmin qanun polyakların soyqırımında ittiham olunmasını cinayət sayır.
“Neo-nasizmin dirçəlişinin nasist suvenirlərinin istehsalına təkan verdiyini söyləmək çətindir. Amma elə bu münasibətlər Yeni Meydanda “Heil Hitler” nişanlarının satışının izahına kömək edir”, – müəllif vurğulayır.