Belarus maliyyə yardımı qarşılığında Rusiyaya daha çox inteqrasiya etməlidir. Kremlin bu tələblə çıxış etməsi Rusiyanın öz qonşusunu ilhaq edə biləcəyi sarıdan narahatlıq yaradıb. “Karnegi” fondunun saytında Artyom Shraibman yazır ki, təhlilçilərin fikrincə, belə bir addım Prezident Vladimir Putin 2024-cü ilədək hakimiyyətdə qalmasına imkan verər. Amma bu ssenari də Rusiya üçün gözlənilməz risklərlə doludur və müasir Belarus haqda korrekt olmayan miflərə söykənir, müəllif yazır.
“Minsklə Moskva yaşlı evli cütlük kimidir; onlar çoxdankı giley-güzarlarını ictimai şəkildə dilə gətirməyi sevirlər. Bu dəfə Rusiyanın neft vergisi manevrinə görə Belarusa kompensasiya ayrılmasıyla bağlı mübahisə Moskvanın köhnə narazılığa yenidən baxmağa sövq edib: 1999-cu ildə imzalanmış Birlik Sazişi heç vaxt yerinə yetirilməyib.
Rusiya Belarusun ünvanına ultimatuma bənzər bəyanat səsləndirib: maliyyə yardımı əvəzində Rusiya dövlətilə daha böyük inteqrasiya. Konstitusiya Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə daha bir müddətə bu posta seçilməsinə imkan vermədiyindən çoxları bu ultimatuma təhdid kimi baxdı. Bir sıra nəşrlər, rəsmi bəyanatlar, hətta anonim sosial media postlarına Belarusun ilhaqının qaçılmaz olduğu iddia edildi. Nəzəri baxımdan, belə bir addım Putinə Rusiya-Belarus Vahid Dövlətinin prezidenti olmasına yol açar”, – müəllif yazır.
Ancaq məqalədə mümkün anneksiya ssenarisi təhlil olunaraq bəzi miflər puça çıxarılır. Məsələn, rusiyalıların çoxu yanlış olaraq inanır ki, Belarusun şıltaq prezidenti Alexander Lukashenko ölkənin xoşbəxtcəsinə Rusiya Federasiyasına birləşməsi yolunda yeganə əngəldir. Əslində isə, ölkənin müstəqilliyini dəstəkləyən belarusluların sayı davamlı şəkildə artır. 28 il müstəqil dövlət şəklində yaşamaq millətin kollektivçilik mənsubiyyətinə təsirini göstərib.
Hətta belarusluların çoxu Rusiya ilə birliyi dəstəkləyirsə belə, onlar bunu iki ölkənin birləşməsi kimi görmürlər. Rəy sorğularına görə, əhalinin 55-75 faizi ölkənin Rusiyayla hazırkı inteqrasiya səviyyəsini dəstəkləyir. Cəmi 15-20 faiz daha dərin inteqrasiya tərəfdarıdır, 5 faizdən azı isə Belarusu Rusiyanın tərkibində görmək istəyir.
Dmitry Medvedev problemini necə həll etməli
Dmitry ilə neyləməli? “Politico” portalında Marc Bennetts yazır ki, Rusiya Prezidenti Vladimir Putin bu sualla getdikcə daha çox üzləşir, çünki Medvedev hökumətinə ictimai dəstək azalmaqdadır.
Levada mərkəzinin bu ay dərc etdiyi rəy sorğusuna görə, rusiyalıların çoxu Medvedev hökumətinin dərhal buraxılmasını istəyir.
“İndi Putin belə bir qərar verməlidir: ictimai fikrə boyun əysin və Rusiyanın iqtisadi, sosial problemləri üçün günah keçisi rolunu oynamış Medvedevi işdən çıxarsın, yoxsa onun populyar olmayan hökuməti işində qalsın. İkinci halda Putinin özünün də sürətlə düşən reytinqinə əlavə zərbə dəyəcək. Ötən il Rusiya prezidentinə dəstək 80 faizdən 66 faizə enib. Ona inam isə hazırda 33 faizdir, bunu Vtsiom dövlət sorğu mərkəzi üzə çıxarıb”, – məqalədə deyilir.
Baş naziri işdən çıxararsa, Putinin populyarlığı “həqiqətən yüksələr”, əvvəllər Kremldə çalışmış, indi isə siyasi konsultant işləyən Abbas Gallyamov deyib.
“Adamlarda durumun düzələcəyinə ümid yaranar. Amma Rusiya prezidenti bu addımın vaxtını düzgün seçməlidir. Bu, yalnız bircə dəfə istifadə oluna biləcək alətdir”, – o, sözlərinə əlavə edib.
Medvedev 2008-2012-ci illərdə prezident postuna gətirildi, çünki konstitusiya Putinin üçüncü müddətə prezident seçilməsinə imkan vermirdi.
53 yaşlı rok fanatı, texnologiya həvəskarı Medvedevə vaxtilə Rusiya liberalları və Qərb liderləri Putin avtoritarizmini balanslaşdıran qüvvə kimi baxırdılar. O, 2012-ci ildən yenidən hökumətin başına keçdi. Amma indi rusiyalıların çoxu onun getməli olduğunu deyirlər.
Levada mərkəzinin sorğusuna görə, respondentlərin 53 faizi (2016-cı ildə bu rəqəm 20 faiz idi) onun getməsini istəyir, prezidentin inflyasiya, gəlirlərin azalmasıyla mübarzə apara bilmədiyini düşünür. Respondentlərin 40 faizi Medvedev və hökumətinin qalmalı olmasını deyir, 8 faiz hələ bu haqda bir qərar vermədiyini söyləyir.
ABŞ-Taliban danışıqları necə keçdi
Beynəlxalq Böhran Qrupu ötən həftə Birləşmiş Ştatlarla Taliban qruplaşmasının altıgünlük danışıqlarını təhlil edir.
Qurum bildirir ki, bu danışıqlar Birləşmiş Ştatların Əfqanıstandan qüvvələrini çıxarmaq niyyətini ortaya qoydu. Taliban və onun regional müttəfiqləri isə bu niyyəti bir imkan kimi görürlər.
“Nəticə çıxarmağa hələ tezdir, amma Dohadan gələn siqnallar Amerikanın ən uzunmüddətli müharibəsinin sona çatacağına nikbinlik oyadır. ABŞ və NATO əsgərlərinin çıxarılması Talibanın çoxdankı tələbi idi. Həm də Doha danışıqlarında ilk dəfə olaraq Birləşmiş Ştatlar Talibanın bir şərtinə razılıq verib – digər əfqanlarla sülh danışıqlarından öncə əsgərlərin çıxarılması şərtləri üzrə ikitərəfli danışıqlar aparılmalıdır. Taliban açıq-aşkar güzəştlərə razılaşmasa da, bəzi əsas məsələlər üzrə güzəştə gediləcəyinin əlamətləri görünür. Bu danışıqların əhəmiyyəti bundan sonra nə baş verəcəyindən asılıdır: Dohada əldə olunduğu bildirilən razılaşma çərçivəsi daha geniş iştirakçılar arasında əsaslı danışıqlara apararsa, ötən həftəki danışıqların vacib dönüş yaratdığını söyləmək olar”, – qrup yazır.