Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:02

ABŞ İranı kosmik proqramına görə tənqid edir


İranın ikinci dəfə peyk buraxmağa cəhd etdiyi bildirilir
İranın ikinci dəfə peyk buraxmağa cəhd etdiyi bildirilir

Birləşmiş Ştatlar yenə İranı “beynəlxalq ictimaiyyətə meydan oxuyaraq” ballistik raket hazırlamaqda və sınaqdan çıxarmaqda suçlayıb. Qeyd edək ki, bundan öncə Tehranın orbitə ikinci dəfə peyk buraxmaq cəhdinin alınmadığı xəbəri yayılıb.

Dövlət Departamenti fevralın 7-də yaydığı bəyanatında bildirib ki, peyk buraxan aparatlar “Qitələrarası Ballistik Raketlər daxil olmaqla ballistik raketlərin istifadə etdiyi texnologiyanın oxşarından istifadə edir”.

Fevralın 7-də peyk buraxmağa daha bir cəhd “İranın müttəfiqlərini hədələyən belə bir silahı əldə etmək bacarığını artırır”, – bəyanatda deyilir.

Dövlət Departamenti bildirir ki, “İran rejimi ölkələrin xoş niyyətini istismar etməyə davam edir, BMT-nin Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə məhəl qoymur”.

Tehran “iqtisadiyyatının çabalamasına və əhalisinin əziyyət çəkməsinə baxmayaraq raket sınağına sərmayəni artırmaqdadır”, bəyanatda vurğulanır.

Departament İranın raket proqramını önləməkdən ötrü daha sərt qadağaların qoyulmasının vacibliyini bildirir.

***

İranın peyk buraxmağa ikinci dəfə cəhd etdiyi bildirilir

İki peyk təsviri şirkəti İranın ikinci dəfə peyk buraxmağa cəhd etdiyini göstərən fotolar yayıb. Tehranın yanvardakı cəhdi alınmamışdı.

Fevralın 7-də yayılan fotolarda İranın Semnan vilayətində yerləşən Imam Khomeini Kosmik Mərkəzində raket görünür. Bu fotonun fevralın 5-də çəkildiyi vurğulanır. Bir gün sonra çəkilmiş fotolarda isə raket artıq yoxdur, amma buraxıcı qurğusunun izləri görünür.

Fotoları Koloradoda mənzillənən DigitalGlobe və San Fransiskodakı Planet şirkətləri yayıb.

Fotolarda fars dilində iri hərflərlə “40 il” və “İranda hazırlanıb” sözləri oxunur. İran bu ay İslam İnqilabının 40-cı ildönümünü qeyd edir.

İRAN AÇIQLAMA VERMƏYİB

Peykin uğurla buraxılıb-buraxılmaması bəlli deyil. Middlebury Beynəlxalq Araşdırmalar İnstitutundan David Schmerler deyib ki, İran bu barədə açıqlama vermədiyindən, uğursuz olması da mümkündür.

İran yanvarda Payam peykini orbitə çıxara bilmədi
İran yanvarda Payam peykini orbitə çıxara bilmədi

Yanvarda peyk buraxılması alınmayanda Tehran yaxın gələcəkdə Doosti (Dostluq) adlı ikinci peykini buraxacağını deyirdi.

Doosti peykini Tehrandakı Sharif Texnologiya Universitetinin mühəndisləri hazırlayıb.

Tehran birinci peyki buraxa bilməməsini etiraf etmişdi. Telekommunikasiya naziri Mohammad Javad Azari Jahromi dövlət televiziyasına demişdi ki, Payam (İsmarıc) adlı peyki daşıyan raket buraxılmanın üçüncü mərhələsində “gərəkən sürət”i yığa bilməyib.

Prezident Hassan Rohani-nin sözlərinə görə, peyklərin məqsədi İranda ətraf mühit dəyişikliyi barədə informasiya toplamaqdır.

Birləşmiş Ştatlar İranın peyk buraxmaq cəhdini pisləmişdi, bunun BMT qətnamələrini pozduğunu demişdi. Vaşinqton deyirdi ki, “İranın beynəlxalq normaları açıq-aşkar pozmasına dözməyəcək”.

ABŞ iddia edir ki, İranın peyk proqramında “ballistik raketlərdə istifadə olunana oxşar” texnologiyadan istifadə edir.

İran isə bu iddiaları təkzib edir, raket fəaliyyətinin BMT qətnamələrini pozmadığını, raket proqramının sırf mülki məqsəd daşıdığını vurğulayır. BMT İranı raket sınaqları keçirməməyə çağırır.

XS
SM
MD
LG