Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:36

Nobel qalmaqalı universitetdə tədris ediləcək


İsveç Akademiyası yeddi halda Nobel mükafatlarının təqdimatını ertələyib
İsveç Akademiyası yeddi halda Nobel mükafatlarının təqdimatını ertələyib

Seks qalmaqalının İsveç Akademiyasını laxladaraq onu hər il təqdim edilən Ədəbiyyat üzrə Nobel mükafatını müvəqqəti ertələməyə məcbur etdiyi bəllidir. İndi isə İsveçin bir universiteti bu qalmaqalı öz kurrikulumuna – tədris proqramına salmağı qərara alıb.

Adı «Nobel mükafatı, İsveç Akademiyası və qadınlar» olan yay kursu 7.5 kredit təklif edir. Bu dərs Linneus Universitetinin ən yeni Nobel mükafatı laureatı haqda ənənəvi kursunu əvəz edir.

«Ədəbiyyatın özünə baxırıq»

Hər il ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının seçilməsinə cavabdeh İsveç Akademiyası ötən ilin mayında 2018-ci ilin qalibinin elanını 2019-cu ilədək təxirə salacağını bəyan edib. Bu qərar seks qalmaqalının Akademiya üzvləri arasında parçalanmaya yol açması ilə bağlıdır. Akademiyanın ilk qadın daimi katibi Sara Danius da daxil olmaqla, bir neçə üzv qurumdan istefa verib.

Qalmaqal böyüyərək İsveç Akademiyası daxilində «qadınlara mədəni düşmənçilik» ittihamlarına və əvvəlki laureatlar haqda məlumatların mediaya sızdırılması şübhələrinədək gedib çıxıb. Buna görə də Linneus Universitetində hər il təklif olunan kurs müvəqqəti olaraq tədris proqramından çıxarılıb. Universitet İsveç Akademiyasındakı hazırkı vəziyyətə fokuslanmaq qərarına gəlib. Buna görə də, sözügedən kurs artıq qalmaqalı da əhatələyir.

«İsveç Akademiyasını əhatə edən keşməkeşli hadisələri anlamaqda maraqlısınızsa, bu kurs sizə daha dərin məlumat verə bilər. Ola bilsin ki, kurs sizin müzakirə etdiyiniz, ancaq bir o qədər də tanış olmadığınız məsələlərlə bağlı suallarınızı cavablaya da bilər», - deyə Linneus Universitetinin mühazirəçisi Piya Posti İsveç Radiosuna bildirib.

Bu kurs, eyni zamanda, mükafatın ilk dəfə verildiyi 1901-ci ildən indiyə qədər Nobel mükafatına layiq görülmüş yazarlar arasında qadınların sayının bu qədər az (14 nəfər) olmasının səbəblərini də müzakirə edəcək.

«Biz cəmiyyətdə fenomen kimi fərdi ədəbi əsərlərə yox, ədəbiyyatın özünə baxırıq. Mükafatlar necə əldə edilir və seçimin arxasında hansı güclər dayanır? Kurs sizə bir oxucu kimi necə fərqli ictimai kontekstlərin təsirinə məruz qaldığınızı, bunun sizin hansı ədəbiyyatı oxuyacağınıza və seçəcəyinizə təsir göstərdiyini izah edə bilər», –P.Posti bildirib.

Yeddi dəfə

İsveç Akademiyası yalnız yeddi halda Nobel mükafatlarının təqdimatını təxirə salmaq qərarına gəlib.

2018-ci ildən öncə belə bir hadisə 1949-cu ildə baş verib. O zaman İsveç Akademiyasının üzvləri namizədlərdən heç birinin dinamitin ixtiraçısı Alfred Nobelin vəsiyyətində göstərilən meyarlara uyğun gəlmədiyi qənaətinə gəliblər.

1949-cu ilin mükafatının qalibi Amerika yazıçısı Uilyam Folkner olub. Onun bu mükafata layiq görüldüyü retrospektiv qaydada bir il sonra elan edilib.

Daha öncəki təxirə salma halları da uyğun namizədlərin tapılmaması ilə izah edilib. Bu hallar 1915, 1919, 1925, 1926, 1927, 1936-cı illərdə baş verib.

Maraqlıdır ki, təsis edildiyi 1901-ci ildən bəri mükafat daha yeddi halda, ümumiyyətlə, heç kimə təqdim olunmayıb. Bu hallar Birinci və İkinci dünya müharibələri dövrlərinə - 1914, 1918, 1940, 1941, 1942 və 1943-cü illərə təsadüf edib. Ancaq bu halların heç biri hər hansı qalmaqalla bağlı olmayıb. 1935-ci ildə mükafatın heç bir namizədə verilməməsi üçünsə heç vaxt heç bir səbəb açıqlanmayıb.

Bu il ədəbiyyat üzrə iki Nobel mükafatı laureatının seçilməsi planlaşdırılır. Ancaq Alfred Nobelin ianə etdiyi mükafat pullarına nəzarət edən Nobel Fondu artıq xəbərdarlıq edərək bildirib ki, qalmaqal fonunda İsveç Akademiyasını bu mötəbər mükafatı vermək imkanından məhrum edə bilər.

XS
SM
MD
LG