Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:18

Taleh Bağırovun xanımı: “Bu adam vəkillə görüşdən niyə imtina etməlidir?”


Taleh Bağırov
Taleh Bağırov

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ailə üzvləri onun taleyindən narahatdır.

İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosu-na bildirib ki, ərinin aclıq aksiyası keçirdiyini eşitsələr də, hansı vəziyyətdə olmasından xəbərləri yoxdur: “Çünki on gündən çoxdur, nə evə zəng edir, nə də vəkili onunla görüşə bilir. Onunla sonuncu dəfə yanvarın 28-də danışmışıq”

L.İsmayılzadənin sözlərinə görə, Qobustandakı qapalı həbsxana rejimində cəza çəkən məhbuslara iki ayda bir dəfə sovqat göndərmək, üç aydan bir də qısamüddətli görüş nəzərdə tutulub. Sonuncu görüşdən sonra bu müddət tamam olmadığından ailə üzvləri həbsxanaya gedib ona başa çəkə bilmirlər. Amma L. İsmayılzadənin deməsinə görə,onların narahatlığını, həmçinin T.Bağırovun həbsxanada özünə və digər Nardaran məhbuslarıma təzyiqlərə etiraz olaraq, doqquz gündür aclıq etməsi barədə iddiaları nəzərə alaraq, vəkili Bəhruz Bayramov fevralın 8-də onunla görüşmək məqsədi ilə həbsxanaya gedib. Lakin O, müdafiə etdiyi şəxs ilə görüşə bilməyib.L. İsmayılzadənin deməsinə görə, vəkilə bildirilib ki, T.Bağırov onunla görüşməkdən imtina edir.

L.İsmayılzadə habelə, vurğulayıb ki, vəkilin həbsxanaya gedib-gəlməsindən sonra daha çox narahat olmağa başlayıblar: “Bu adamın vəziyyəti normaldırsa, hər şey qaydasındadırsa, vəkillə görüşdən niyə imtina etməlidir? Bunun özü şübhəlidir. Həbsxananın rəisi özü vəkillə görüşüb, deyib ki, “Talehin heç bir problemi yoxdur”. Vəkil aclıq aksiyasını soruşub. Cavab verib ki, “düzdü, Taleh özü aclıq elədiyini deyir, amma mən hiss eləmirəm”. Dediyinə görə, Talehi qəbul edib, aralarında dörd saata yaxın söhbət olub, həmin vaxt aclıq edənə oxşamırmış. Əvvəl deyirdilər ki, ümumiyyətlə, aclıq eləmir, indi deyirlər, aclıq eləyənə oxşamır”.

Xanımının sözlərinə görə, görüşmək mümkün olmadığından vəkil T.Bağırova məktub göndərib. L.İsmayılzadənin qeyd etməsinə görə, orada yazıb ki, həm müdafiəçisi olaraq, özü, həm ailəsi, həm də onu sevən dostları aclığı dayandırmağı xahiş edir.

L. İsmayılzadənin bildirməsinə görə, həbsxananın əməkdaşı vəkilə məktubu T.Bağırova çatdırdığını bildirib.

T.Bağırovun yaxınları onun Qobustan həbsxanasında özünə təzyiqlərə, həmçinin orada saxlanan Nardaran məhbusları Abbas Abbasovun, Cabbar Cabbarovun işgəncəyə məruz qalmasına etiraz olaraq, 9 gündür aclıq etdiyini bildirir.

Penitensiar Xidmət isə bu haqda deyilənləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, ümumiyyətlə, Penitensiar Xidmətin müəssisələrində aclıq edən məhkum yoxdur. Onun sözlərinə görə, işgəncə barədə məlumatlar da həqiqəti əks etdirmir: “Sadəcə, həbsxana rejimində saxlanma qaydaları başqa həbs yerlərində fərqlənir. Bu rejimdə cəza çəkən məhkumlar da o qaydalara riayət etməlidir. Qaydalar çərçivəsində davranan məhkumla heç kimin işi yoxdur”.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov, Abbas Hüseynova 20 il, digər 16 nəfər isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG