Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:39

Narkoloji Mərkəzdəki yanğına görə həbs olunan mühəndis: 'Bizi qurban seçiblər'


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

“On aydan çoxdur ki, heç bir günahım olmadan həbsdəyəm. Niyə təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsündə oturmuşam, mənə hələ də aydın deyil. İttihamdan açıq aydın görünür ki, biz qurban seçilmişik...”, – Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə həbs olunan Mahir Abdullayev fevralın 8-də məhkəmədə ifadə verərkən deyib.

O, Narkoloji Mərkəzdə əməyin mühafizəsi üzrə mühəndis işləyib. Deyir ki, onun əmək müqaviləsində üzərinə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur. Amma hadisədən sonra onu çağırıb, yanğın təhlükəsizliyi ilə bağlı təlimata qol çəkdirmək istəyiblər:

"Hadisədən dərhal sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri çağırdı ki, yanğın təhlükəsizliyi ilə bağlı təlimata qol çək. İmtina elədim. Çünki sonradan quraşdırılmış iş idi. Ora imza atsaydım, avtomatik üzərimə götürmüş olacaqdım ki, günahkar mənəm. Elə olmayıb axı... Düzdür, mənə ittiham verilib, amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam”.

“Heç kim sağ çıxa bilməzdi”

Narkoloji Mərkəzdəki yanğından sonra orada dünyasını dəyişmiş şəxslərin səsləndirdiyi əsas ittihamlardan biri hadisə baş verən binadakı qapılardan birinin bağlı olması və sonadək açılmamasıyla bağlı idi. M.Abdullayev ifadəsində bu haqda da danışıb. Bildirib ki, həmin gün çox güclü külək vardı, əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı: “İki təhlükəsizlik qapısı olub. Onlar qıfıllı idi. Hər gün növbətçi kim olurdusa, açar ona verilirdi. İkinci təhlükəsizlik qapısının açılması yanğın vaxtı təhlükəli olardı. Külək hər iki tərəfdən yanğının şiddətini artırardı. 145 metr uzunluğu olan binada adamların çıxması üçün cəmi iki metr eni olan dəhliz vardı. Hadisə vaxtı oradakı basabası təsəvvür edin... Heç kim sağ çıxa bilməzdi”.

Cinayət işinin materiallarında iddia olunur ki, Narkoloji Mərkəzdəki yanğını uzun illərdir orada müalicə alan, spirtli içki aludəçiliyindən əziyyət çəkən Məhəmməd Məmmədov adlı xəstə törədib. Yanğında həyatını itirmiş şəxslərin yaxınlarını maraqlandıran məsələlərdən biri də budur ki, hətta bu versiya doğru olsa belə, yandırıcı vasitə xəstənin əlinə necə keçib. Yanğında qardaşını itirmiş Arifə Əliyeva da məhkəmədə M.Abdullayevdən bunu soruşub.

“Özünü idarə eləyə bilməyən xəstələrə siqaret, hətta çaydan da verilmirdi. Qanunla qadağan deyildi. Xəstənin vəziyyətinə uyğun olaraq, həkim müəyyənləşdirirdi ki, kimə olar, kimə olmaz”, - təqsirləndirilən mühəndis belə cavab verib.

Yanğının qarşısının alınması haqda danışan M.Abdullayev deyir ki, Narkoloji Mərkəzin həyətində böyük bir hovuz var, 6 ton su tutur. Oranı qamış basmışdı. Dəfələrlə “Azərsu”ya müraciət ediblər ki, ora təmizlənsin, lazım olanda hovuzun suyundan istifadə eləsinlər. Amma heç bir tədbir görülməyib.

“İttihamda yazılıb ki, bu hadisə qəsdən törədilib. Əgər belədirsə, o halda, buna görə mən niyə məsuliyyət daşımalıyam? Mənə qarşı irəli sürülmüş ittiham reallıqdan kənardır. Ona görə də barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm. Nəzərə alın ki, himayəmdə iki azyaşlı övladım var, özüm də yüksək şəkər xəstəliyindən əziyyət çəkirəm”, – M.Abdullayev ifadəsini yekunlaşdırıb.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG