Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:26

‘Özümə qəsd edən olsaydım, çıxıb bayırda yandırardım, camaatı niyə yandırırdım?’


Narkoloji Mərkəz yanğından sonra
Narkoloji Mərkəz yanğından sonra

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğının bir ili tamam olacaq. Amma hələ də bu hadisə ilə bağlı məhkəmə araşdırmaları davam edir. Artıq dindirmələr başa çatıb, hazırda məhkəmə istintaqının sonuncu – sənədlərin tədqiqi mərhələsidir.

Bu iş üzrə araşdırmalar yarım ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır. Fevralın 15-də keçirilən məhkəmə iclasında Narkoloji Mərkəzin keçmiş direktoru, təqsirləndirilən Telman Məmmədhəsənovun vəkili sənədlər təqdim edib. Bunlar yanğın vaxtı xəsarət almış zərərçəkənlərin şikayət və tələblərinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizələr, bir də Telman Məmmədhəsənovun səhhətində problemlər olması barədə həkim arayışı idi.

Bunların ardınca işdə olan ekspert rəyləri təqdim olunub. Ekspert yazır ki, hadisə vaxtı Mərkəzdə alkoqolizmə görə müalicə alan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov anlaqlı olub, öz hərəkətlərini dərk edib. Ekspertizanın rəyinə əsasən, 25 nəfər tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha bildirib ki, yanğını o törətməyib: “Mən özümə qəsd edən olsaydım, çıxıb bayırda özümü yandırardım, camaatı niyə yandırırdım?”

Vəkillər rəy vermiş ekspertin dindirilməsini istəyib.

Martın 1-dən 2-nə keçən gecə saat 12-dən səhər saat 6 radələrində - hadisə baş verənə qədər yanğın olan korpusdakı müşahidə kameralarının qeydə aldığı görüntülər məhkəmədə nümayiş etdirilib. Görüntülərdən məlum olur ki, gecə saatlarında bir sıra xəstələr, o cümlədən Məhəmməd Məmmədov da oyaq olub, siqaret çəkmək üçün sanitar qovşağa gedib.

“Orada “oxranlar” vardı, amma onlar gecə yıxılıb yatırdılar. Deyirdilər ki, lazım olanda gəlib çağırarsız. Bir çox ağır xəstələr vardı, onlar bəzən yıxılırdı, kömək lazım olurdu. Onda mən və başqaları kömək eləyirdik”, – gecə saatlarında oyaq olmasını belə əsaslandırıb.

Məhkəmə prosesi fevralın 22-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

XS
SM
MD
LG