Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Merkel: Avropa Birliyi ilə Rusiya arasında əlaqələri tam kəsmək olmaz


Angela Merkel, Almaniya kansleri.
Angela Merkel, Almaniya kansleri.

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı sanksiyaları dəstəkləyir.

O bunu fevralın 16-da Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxışında deyib.

Merkel Ukraynanın şərqində münaqişənin həlli istiqmətində səyləri artırmağa çağırıb.

Merkel eyni zamanda Avropa Birliyi ilə Rusiya arasında iqtisadi və siyasi əlaqələrin pozulmasına qarşı olduğunu vurğulayıb.

Merkel xüsusilə, "Rusiyanı Avropanın qaz bazarına buraxmamaq" çağırışlarının siyasi cəhətdən düzgün olmadığını bildirib.

Kansler qeyd edib ki, Rusiyanın xarici əlaqələrini tam Çinə yönəltməsi Avropa Birliyi üçün sərfəli olmazdı.

Merkel bildirib ki, Avropa hətta soyuq müharibə dövründə belə keçmiş Sovet İttifaqından qaz alıb.
O, həmçinin qeyd edib ki, Rusiya qazının tranzit yolla Ukrayna ərazisindən ötürülməsi davam etdirilməlidir. Amma işarə edib ki, bu da Rusiya qazıdır.

Qeyd edək ki, Moskva ilə Berlin arasında əldə edilmiş razılaşmaya əsasən hazırda Baltik dənizinin dibi ilə Almaniyaya yeni qaz kəməri çəkilir.

Söhbət “Şimal axını-2” qaz layihəsindən gedir. Bu kəmər Rusiya qazını birbaşa Qərbi Avropaya nəql edəcək.

Polşa və Ukrayna da daxil olmaqla Şərqi Avropa ölkələri bu layihəyə qarşı çıxır. Çünki kəmər bu ölkələrdən yan keçir.

ABŞ da qəti şəkildə bu layihəyə qarşıdır. Vaşinqton hesab edir ki, bu layihə Rusiyanın Almaniya üzərində bir nəzarət formasıdır və Avropanın enerji təhlükəsizliyinə əngəldir.

Münhen konfransında 30-a yaxın dövlət və hökumət başçısı iştirak edir.

XS
SM
MD
LG