Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 06:57

'Rəis müavini deyib ki, 'canın çıxacaq, burada öləcəksən''


Həbsxana
Həbsxana

«Müsəlman Birliyi» Hərəkatının üzvü, Nardaran hadisələri vaxtı həbs olunan Sahil Rzayevin səhhətində ciddi problemlər yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları danışıb.

«Ərizəsinə baxılmır»

Ailə üzvlərinin sözlərinə görə, S.Rzayev xeyli vaxtdır mədə və qarın boşluğundakı ağrılardan əziyyət çəkir. Yaxınları iddia edir ki, saxlandığı 15 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun normal müayinə və müalicəsinə imkan vermir: «Gətirib ağrıkəsici verirlər, müvəqqəti kəsir, vəssalam. Adam neçə vaxtdır mədə və qarın boşluğunda ağrılardan dayana bilmir. Müəssisə rəhbərliyinə bununla əlaqədar ərizə yazıb, müalicə müəssisəsinə köçürülməsini istəyib. Amma ərizəsinə baxılmır. Buna etiraz edəndə müəssisənin rəis müavini deyib ki, «canın çıxacaq, burada da öləcəksən». Belə şey olar? Günahsız adamı şərləyib illərlə zindanda çürütmələri azdır, müalicə olunmasına da imkan vermirlər...».

Penitensiar Xidmət isə bu iddiaları təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, hansısa məhkumun müalicəsi məsələsinə həkimlər qərar verir. Onlar da Penitensiar Xidmətə yox, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabedir: «Hansısa məhkumun cəzaçəkmə müəssisəsi daxilindəki sanitar hissədə ambulator və ya stasionar müalicəsi, orada mümkün deyilsə, müalicə müəssisəsinə köçürülməsi həkimlərin səlahiyyətində olan məsələdir. Yəni həkim buna rəy verirsə, onun qarşısını heç kim ala bilməz. Ona görə də müəssisə rəhbərliyinin hansısa məhkumun müalicəsinin qarşısını alması haqda deyilənlərin heç bir əsası yoxdur».

Xatırlatma

S.Rzayev 5 noyabr 2015-ci ildə təşkilatın sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasında iştiraka görə həbs olunub. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 6 il 5 ay azadlıqdan məhrum edilib.

S.Rzayev 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyatda həbs olunan şəxslərin, o cümlədən ilahiyyatçı Taleh Bağırovun məhkəməsində də şahid kimi dindirilmişdi. Bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona T.Bağırovun əleyhinə yazılmış ifadəyə imza atması üçün işgəncə verilib, dırnaqları çıxarılıb.

İdarənin əməkdaşları isə orada saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddiaları rədd edir.

XS
SM
MD
LG